|
Macarıstanda 6 sentyabr 1566-cı ildə Zigetvar qalasını mühasirəyə aldığı zaman şəhid olanonuncu Osmanlı sultanı Sultan Süleyman Qanuninin daxili orqanlarının basdırıldığı yer tapılıb.
Axar.az xəbər verir ki, Zigetvar qalasının məsul işçisi Yanos Lebedi Qanuni Sultan Süleymanın daxili orqanlarının basdırıldığı yerin iki ildən bəri araşdırıldığını, Zigetvar şəhəri yaxınlığında 18 yerdə qazıntı aparıldığını deyib.
1972-ci ildə 40 metr uzunluğu, 10 metr eni olan üzüm bağında arxeoloji qazıntı aparıldığını deyən Yanos Lebedi bu qazıntı zamanı Osmanlı imperatorluğuna aid üç memarlıq abidəsi tapıldığını da əlavə edib:
“Qazıntılar aparılan vaxt kommunist rejimi bunu sirr kimi saxlayıb və tapılan qalıqları torpaqdan çıxarmayıb. Üzüm bağının hər tərəfində bu qalıqlara rast gəlmək mümkündür. Arxivdə olan sənədlərdə Sultan Süleyman Qanuninin daxili orqanlarının da burada olduğu bildirilir”.
Qeyd edək ki, Qanuninin nəşi dağılmadan İstanbula aparılması üçün mumiyalanmışdı. Buna görə də ürəyi və daxili orqanları çıxarılaraq müşk və ənbərlə yuyulub basdırılmışdı.