|
Böyük Qurluş Partiyası Tərtərdə həbs olunan partiyanın rayon şöbəsinin sədri, iş adamı Zülfüqar İbrahimovun həbsi ilə bağlı açıqlama yayıb.
Teleqraf.az Avropa.info-ya istinadən xəbər verir ki, açıqlamada deyilir:
"10 mart 2015-ci il tarixində hüquq-mühafizə orqanları tərəfindən Böyük Quruluş Partiyasının Tərtər rayon şöbəsinin sədri , sahibkarlıq fəaliyyəti ilə məşğul olan Zülfüqar İbrahimovun həbsi və evində axtarış aparılması ciddi narahatçılıq doğurmuşdur.
Bir ay öncə Zülfüqar İbrahimov barədə bir saytda gedən sifarişli və böhtançı yazıdan sonra bu faktın baş verməsi belə bir narahatçılığa ciddi əsas verməkdədir. Bilindiyi kimi, Zülfüqar İbrahimovun Azərbaycan dövlətçiliyinə sadiq, Qarabağın azadlığı uğrunda vuruşmuş, sahibkar kimi vicdanla vergisini ödəyən, qeyri-qanuni davranışlardan uzaq duran, inanclı bir Azərbaycan vətəndaşıdır. BQP hesab edir ki, onun qanunsuz silah saxlaması, yaxud da başqa qeyri-qanuni hərəkətlər etməsi barədə mülahizələr bir daha diqqətlə araşdırılmalı, hüquq-mühafizə orqanları bu məsələ ilə bağlı obyektiv qərar qəbul etməlidirlər."
Qeyd edək ki, bu gün DİN və Baş Prokurorluğun birgə yaydığı açıqlamada Zülfüqar İbrahimov, Mübariz Mirzəliyev, Şəmsəddin Abdullazadə və Vüqar Əliyev Tərtər ərazisində ayrı-ayrı vətəndaşların ölkə hüdudlarından kənarda qeyri-qanuni fəaliyyət göstərən silahlı birləşmələrin sıralarına qoşulmasını təşkil edən, dini dözümsüzlük və bölücülük təbliğatını aparan ekstremist yönümlü şəxslərdən ibarət mütəşəkkil cinayətkar dəstə yaratmaqda ittiham olunurlar.
Bəyanatda həmçinin, həbs olunanların yaşadıqları mənzillərə baxış zamanı ümumilikdə 2 ədəd sandıqçası ilə birlikdə 1 avtomat, 800 qram partlayıcı maddə, alışdırıcıları ilə birgə 9 əl qumbarası, 170 ədəd patron, yayılması qanunla qadağan olunmuş xeyli sayda dini ədəbiyyat, disklər və digər maddi sübutlar götürüldüyü bildirilir.
Lakin, ittihama Qarabağ Azadlıq Təşkilatı da etiraz edir. QAT sədi Akif Nağı bəyanatında bunları deyib:
"Tam məsuliyyətlə bildirirəm ki, bu, qurama bir işdir, rayon səviyyəsində hansısa məmurun intriqası və qərəzindən başqa bir şey deyildir. Zülfüqar İbrahimov və Vüqar Əliyev nümunəvi, qanuna tabe olan vətəndaşlardır, heç bir qrupla əlaqələri yoxdur, heç vaxt heç bir yabançı və zərərli təbliğatla məşğul olmayıblar. Hesab edirik ki, bu yanlışlıq və ədalətsizlik dərhal aradan qaldırılmalıdır. Hansısa məmurun bu cür qərəzli hərəkəti hakimiyyətin imicinə də zərbə vurur, cəmiyyətdə, xüsusilə də cəbhəyanı ərazilərdə mənəvi-psixoloji duruma mənfi təsir göstərir.".
Xatırladaq ki, adı çəkilən şəxslər həm də, QAT üzvləridir.