|
Klassik Xalq Cəbhəsi Partiyasının Fransa xalqına başsağlığı
İnsanlıq tarixinə böyük bəşəri dəyərlər bəxş edən Fransa xalqı ağır terrorla üz-üzə qalaraq yaradıcı insanlarını, polis və vətəndaşlarını itirdi.
Fransa dövlətinin mütəşəkkil fəaliyyəti ilə bu ağır sınaqdan səbr və cəsarətlə çıxan Fransız xalqı birlik və bərabərlik nümayiş etdirməklə bütün dünyaya nümunə göstərdi.
Dövlət başçısının bu hadisəni islam dini ilə əlaqəsi olmayan terror adlandırmaqla Fransa xalqının üzləşdiyi problemin mahiyyətini dəyərləndirməsi, dünyanın bütün mütərəqqi qüvvələrinin birlik və bərabərlik nümayiş etdirərək bu ağır günlərdə Fransa xalqının yanında olması dünyamızın gələcəyinə ümidlə baxmağa imkan verir.
Uzun illərdir terrorla üz-üzə qalaraq minlərlə vətəndaşını itirən, torpaqları işğala məruz qalan, on illərdir yüz minlərlə qaçqın-köçkünlərin problemləri ilə yaşayan Azərbaycan xalqının nümayəndələri olaraq bu acıları dərindən duyur, hər cür terroru lənətləyir və terror nəticəsində məruz qaldığı itkilərlə bağlı Fransa xalqına dərin hüznlə başsağlığı veririk.