|
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov noyabrın 28-də Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirib.
Nazir Mingəçevir və Naftalan şəhərlərinin, Yevlax, Goranboy və Ağdaş rayonlarının sakinlərini, habelə, həmin şəhər və rayonlarda müvəqqəti məskunlaşan məcburi köçkünlərin müraciətlərini dinləyib.
Nazirliyin müvafiq struktur rəhbərlərinin, rayonların Fövqəladə Hallar komissiyaları sədrlərinin iştirakı ilə keçirilən qəbul zamanı edilən müraciətlərin əksəriyyəti işə qəbul, qəzalı vəziyyətdəki evlərin təmiri və digər məsələlərlə bağlı olub.
Müraciətlərin bir qismi yerindəcə həllini tapıb. Bundan başqa, K. Heydərov vətəndaşların qaldırdıqları məsələlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün əlaqədar qurumların rəhbərlərinə müvafiq göstərişlər verib.
Qəbulda FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə baxılmaqla yanaşı, nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb