|
Çinin sərt siyasətinə görə Tailanda sığınan uyğurlar Türkiyədən cavab gözləyirlər. İngiltərənin "Channel 4" televiziyası Çində yaşayan uyğurların faciəvi durumundan reportaj hazırlayıb.
Reportajda qeyd olunur ki, Çinin işğalındakı Şərqi Türküstanda yaşayan 300 türkün həyatı Türkiyədən asılıdır.
İnsan qaçaqçılarının köməyi ilə Çindən Tailanda keçən çoxu qadın və uşaq olan türklər oradan Malayziyaya və daha sonra Türkiyəyə gəlmək istəyiblər. Tailand polisi türkləri 9 ay öncə ac və susuz halda meşədə tapıb. Onların Çin vətəndaşları olduqları aşkarlansa, geri qaytarılacaqlar və ölkə qanunlarına əsasən edam olunacaqlar.
Onların tək istəyi və nicatı Türkiyədə yaşamaqdır.
Türkiyədən cavab gözləyən türklər ümidlərini üzməyiblər. Amma onların "Boraltan körpüsü" olayında olduğu kimi Türkiyə tərəfindən Çinə təhvil verilmə ehtimalı var.
"Boraltan Körpüsü" olayı 1945-ci ildə olub. Sovet zülmündən qaçaraq Türkiyəyə sığınan azərbaycanlılar Moskvanın istəyi ilə İsmət İnönünün rəhbərlik etdiyi CHP hökuməti tərəfindən geri təhvil verilib və onlar Araz çayı üzərindəki Boraltan Körpüsündən keçən kimi sıraya düzülərək güllələnib.