|
“Bir zamanlar Rəcəb Tayyib Ərdoğan deyirdi ki, PKK başçısı Abdullah Öcalan ilə danışıqlar aparması haqqında gəzən söz-söhbətlər hamısı yalandır. O zaman demişdi ki, əgər belə bir şey varsa, məndən şərəfsiz adam yoxdur. Doğurdan da elə imiş, çünki hazırda terrorçuların başçısı ilə hər cür danışıqlar aparırlar, Abdullah Öcalan ilə görüşmək üçün bunların hamısı növbəyə düzülüb. Bu növbənin adını da siz verin”.
Axar.az-ın tədbirdə iştirak edən əməkdaşı xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin sədr müavini Meral Akşənər təmsilçisi olduğu Milliyətçi Hərəkat Partiyasının İstanbul şəhərində yerləşən təşkilatlarının ümumi toplantısındakı çıxışında söyləyib.
MHP-çi sədr müavini hökumət nazirlərinin övladlarının milyonlara sahib olduğunu və bu pulların xalqdan oğurlandığını bildirib. TBMM sədr müavini deyib ki, Ərdoğanın özünə 1000 otaqlı saray tikdirməsi Türkiyənin bu gün nə qədər çətin durumda olmasını açıq şəkildə ortaya qoyur:
“Bunların kim olduğunu ayaqqabı qutularında gizlədib saxladıqları milyonlar göstərir; ötən ilin 17 və 25 dekabr tarixlərindəki korrupsiya əməliyyatı ilə yataq otaqlarında gizlətdikləri pul sayan avadanlıqlar göstərir”.
2015 seçkilərinə hazırlıq xarakteri daşıyan və İstanbuldakı MHP-çi aktivlərin iştirakı ilə keçən görüşdə çıxış edən millət vəkili bu hökuməti yıxa biləcək tək gücün MHP olduğunu deyib.
Xatırladaq ki, Meral Akşənər Türkiyənin 54-cü hökumətində Daxili İşlər Naziri vəzifəsində çalışıb.