|
Qarabağ Azadlıq Təşkilatının girovların taleyi ilə bağlı keçirdiyi aclıq aksiyası 6 gündür ki, davam edir.
Həkimlər, xüsusilə də “Təcili yardım”ın həkimləri 2-3 saatdan bir aclıq edənlərə baş çəkir, aksiyanın dayandırılmasını tələb edirlər. Onlar əgər aclıq dayandırılmasa, çox ciddi fəsadların ola biləcəyini deyirlər. Lakin hələlik aksiya davam etdirilir, gedib-gələnlər dəstəklərini bildirilər. Fəal hərəkatçılar Asif Abdullayev, Rəsul Musayev, Şükür Məmmədov, Qarabağın tanınmış ağsaqqallarından Nizami Hacıyev, Naxçıvandan döyüşçü Hacı Vidadi, I Qarabağ Müharibəsinin məşhur snayper qadınlarından Nərminə Abbasquluyeva (Məşədi Xanım) aksiya iştirakçılarına mənəvi dəstək veriblər. Asif Abdullayev bildirib ki,”sizin aksiyanızın önəmli əhəmiyyəti var, cəmiyyətdə ciddi rezonans doğurub, cəmiyyəti fəallaşdıracağına əmin ola bilərsiniz”. Nərminə Abbasquluyeva aksiya iştirakçılarını ürəkdən dəstəklədiyini bildirib: “Bu, bütün azərbaycanlılar üçün şərəf məsələsidir. Çox sağ olun ki, bu təşəbbüsü etmisiniz. Siz Azərbaycan naminə həyatınıza qəsd edirsiniz. Sizə halal olsun”. Nərminə xanım elə oradaca QAT-a üzv olmaq üçün ərizə yazıb. Zyarətçilərdən xeyli hissəsi də QAT-a üzv olmaq üçün müraciət edib.
QAT İdarə Heyəti sabah aclıq aksiyasının dayandırılması və ya davam etdirilməsi ilə bağlı qərarını verəcək.