|
“Bu il ərzində Azərbaycan Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmət etmək üçün 10 mindən artıq vətəndaş xidmətə qəbul edilib. Onlardan 300 nəfərdən çoxu qadın hərbi qulluqçulardır”.
Report.az-ın məlumatına görə, bunu Azərbaycan Müdafiə Nazirliyi Təşkilat-Səfərbərlik İdarəsinin rəisi, polkovnik Hikmət Xalıqov “Azərbaycan Ordusu” qəzetində çap edilmiş məqaləsində yazıb.
Məqalədə qeyd olunub ki, əvvəlki dövrlərlə müqayisədə vətəndaşların hərbi qulluğa götürülməsində süründürməçilik hallarına şərait yaradan amillər aradan qaldırılıb. H.Xalıqov bildirib ki, Azərbaycanın sərhədboyu rayonlarında yaşayan və əsgəri xidmətlərini başa vuran gənclər böyük həvəslə yenidən hərbi sahəyə yönlənirlər: “Belə gənclərin ön xətdəki bölmələrdə əsasən hərbi sürücü və manqa komandiri vəzifələrində xidmətlərini davam etdirməsi bir tərəfdən də bölgələrdə böyüməkdə olan nəslin vətənpərvərlik ruhunun yüksəlməsinə səbəb olur. Şübhəsiz, vətəndaşların müddətdən artıq həqiqi hərbi xidmətə cəlb edilməsində bir sıra vacib əməl edilir. Onlar hərbi tibb müəssisələrində ciddi tibbi müayinədən keçirilir, yalnız fiziki psixoloji cəhətdən sağlam olanlar hərbi vəzifələrə təyin edilirlər. Öncə müvafiq müddətə təlim kurslarına cəlb edilən hərbi vəzifəlilərlə hazırlıq keçirilir”.