|
Sirac Kərimlinin həbs müddəti iki ay uzadılıb; Orxan Əyyubzadəyə hökm oxunacaq; Leyla Yunusun vəkili isə istintaqın “donduğunu” deyir
İctimai-siyasi fəaliyyətinə görə həbs edilən şəxslərin bəzilərinin istintaqı yekunlaşmaq üzrədir. Onların bəzilərinin məhkəmələri yekunlaşıb, bir neçə məhkumun işi üzrə proses hazırda davam edir. Vicdan məhbusları ilə bağlı son məlumatları əldə etməyə çalışdıq.
Müsavat başqanının müavini Tofiq Yaqublunun apelyasiya məhkəməsi yekunlaşıb. Başqan müavini 13 saylı CəzaÇəkmə Müəssisəsinə köçürülüb. O, karantində saxlanılır. Ailəsi ilə görüşə də icazə verilmir.
Tofiq Yaqublunun qızı Nigar Yaqublu musavat.com-a açıqlamasında oktyabrın 12-də atası ilə görüşmək istədiyini, lakin buna imkan verilmədiyini bildirib: “Bu gün ata ilə görüşmək istədim. Lakin mənə icazə vermədilər. 1 gün öncə görüş veriləcəyini bildirmişdilər. Görüşə şərait yaradılmamasına səbəb kimi, atamın karantində saxlanılmasını əsas gətirirlər. Artıq atamın karantində saxlanılmasından 9 gün ötür. Maksimum müddət 14 gündür. Gətirdiyim sovqatları qəbul etdilər”.
Həbsdə olan Müsavat başqanının müavini Fərəc Kərimlinin qardaşı Sirac Kərimlinin həbs müddəti oktyabrın 11-də iki ay uzadılıb. Bu barədə məlumatı vəkil Nemət Kərimli yayıb: “Dünən Siracın həbs müddətinin uzadılması ilə bağlı Yasamal Rayon Məhkəməsinə təqdimat verilmişdi. Hansı əsaslarla uzadılması ilə bağlı vəsatət verdim. Lakin hakim Sevinc Quliyeva heç bir əsas gətirmədən həbs müddətini 2 ay uzatdı. Siracın özü məhkəməyə gətirilmişdi. Əhval-ruhiyyəsi yerindədir. Onu müdafiə edən hər kəsə öz təşəkkürünü bildirdi”.
Leyla Yunusun vəkili Əlayif Həsənov hələ də vicdan məhbusunun səhhətində yaranan problemlərin davam etdiyini bildirdi: “Həftənin 3-cü günü Leyla xanımla görüşdüm. Səhhətində yaranan problemlər hələ də davam edir. İstintaqı aparılmır. Bunlar qanuna ziddir. Baş Prokurorun bu barədə təqdimatı var. Göstərilir ki, təqsirləndirilən şəxs barəsində ilk gündən istintaq hərəkəti aparılmalıdır. Lakin Leyla xanım tutulduğu gündən heç bir istintaq prosesi aparılmayıb”.
Gənc siyasi məhbus Orxan Əyyubzadənin isə məhkəməsi yekunlaşmaq üzrədir. Prokuror ona 3 il iş istəyib. Oktyabrın 15-də keçiriləcək prosesdə hökm oxunacağı gözlənilir.
Vəkil Əsabəli Mustafayev məhkəmə ilə bağlı bunları dedi: “İndidən nəsə söyləmək çox çətindir. 15-də olacaq məhkəmədən sonra hər şey aydın olacaq. İndi çıxışlar dövrüdür. Ayın 15-də vəkilin çıxışı olacaq. Orxan son sözünü deyəcək. Çalışacağıq ki, Orxanın təqsirsiz olduğunu məhkəmə heyətinin nəzərinə çatdıraq. Ola bilsin ki, bu prosesdə hökm oxunsun. Hakim hökmün oxunmasını bir həftə sonraya da sala bilər”.
Hüquq müdafiəçisi, jurnalist Pərviz Həşimlinin vəkili Bəhruz Bayramov noyabr ayında Ali Məhkəmənin hökmdən verilən şikayətə baxacağını söylədi: “Noyabr ayında Pərviz Həşimlinin Ali Məhkəməsi olacaq. Amma bununla bağlı bizə hələ konkret məktub gəlməyib. Hər şey qaydasındadır. Səhhəti normaldır. Ona hələ əfv yazması ilə bağlı müraciət olunmayıb. Ailəsi ilə hələki şüşə arxasında görüşür. Qızı ilə bir neçə dəqiqəlik üzbəüz görüşə bilir”. /musavat.com/