|
Azərbaycanın “Turizm haqqında” qanun layihəsində bir sıra dəyişikliklər ediləcək.
Milli Məclisdən verilən məlumata görə, qanuna ediləcək yeni əlavələr Azərbaycan Prezidenti tərəfindən parlamentə daxil olan “Turizm haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, Azərbaycan Respublikasına gələn turistlər turizm şirkətləri vasitəsilə elektron viza ala bilərlər. Elektron viza almaq üçün əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycanda fəaliyyət göstərən və müvafiq icra hakimiyyəti orqanında akkreditasiyadan keçmiş turizm şirkətlərinə birbaşa və ya yaşadıqları ölkələrdə həmin şirkətlərin tərəfdaşı olan turizm şirkətləri vasitəsilə müraciət edə bilərlər.
Turizm vizasında ölkədə qalma müddəti 30 günədək müəyyən edilir. Turizm vizasının rəsmiləşdirilməsi üçün səfərin turizm məqsədi ilə həyata keçirildiyini təsdiqləyən sənəd (turizm vauçeri və ya turizm yollayışı, yaxud sərnişin bileti və mehmanxanada, kempinqdə, turist bazasında və ya digər bu kimi obyektlərdə yer sifariş edilməsini təsdiqləyən sənəd) və Miqrasiya Məcəlləsinin 36-cı maddəsində göstərilən sənədlər tələb olunur.
Sözügedən qanun layihəsinin müzakirəsi Milli Məclisin oktyabrın 17-də keçiriləcək iclasının gündəliyinə daxil edilib