|
Çinin şimal-qərbindəki Sincan Uyğur muxtar bölgəsində 21 sentyabrda baş verən qanlı hadisələrdə ölənlərin sayı açıqlanıb.
Teleqraf.az publika.az-a istinadən xəbər verir ki, Çinin rəsmi xəbər agentliyi “Xinhua” bazar günü Bayangolin vilayətinə bağlı Bügür mahalında baş verən qanlı hadisələrdə 50 uyğurun vurularaq öldürüldüyünü bildirib.
Qanlı hadisələrin nəticəsini dörd gün gecikmə ilə xəbər verən “Xinhua” hadisələri terror hücumu olaraq dəyərləndirib. Xəbər agentliyi “terror hücumu”nda 4 polisin də həyatını itirdiyini qeyd edib.
Çin mediası hadisə baş verən gün 2 nəfərin öldüyünü xəbər vermişdi. Ancaq “Azad Asiya” radiosu, yerli mənbələrə istinad edərək ölənlərin sayının onlarla olduğunu bildirmişdi. Çin mediasına görə, Sincan Uyğur muxtar bölgəsində bu il baş verən qarşıdurmalarda ölənlərin sayı 250-ü keçib.
Bölgə xarici dünyaya bağlı olduğu üçün hadisələrin əsl mahiyyətini də müəyyənləşdirmək mümkün yoxdur. Xarici jurnalistlər və hüquq müşahidəçiləri bölgəyə buraxılmır.