|
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq artisti Ağasəlim Abdullayevin ailə faciəsi ilə nəticələnən yol qəzasına səbəb olan Xalid Mədətovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, prosesdə əvvəlcə X. Mədətovun vəkili Samir İsayev çıxış edərək, müdafiə etdiyi şəxsə yüngül cəza verilməsini istəyib.
Sonra prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə X. Mədətov 5 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 12 il müddətinə azadlıqdan məhrum edilib. Nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası azadlıqdan məhrum edilmə cəzası çəkiləndən sonra tətbiq olunacaq.
Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı çıxış edərək, X. Mədətovun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, martın 15-də saat 00:30 radələrində Suraxanı rayonu, Zığ şossesində Abdullayev Vüqar Ağasəlim oğlunun idarə etdiyi VAZ-2106 markalı 10-NB-466 dövlət qeydiyyat nişanlı avtomobillə Mədətov Xalid Mübariz oğlunun idarə etdiyi “Mercedes-Benz G-55” markalı 90-FE-007 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşub. Nəticədə “VAZ-2106”da olan sərnişinlər - 1959-cü il təvəllüdlü Briliant Abdullayeva və 2008-ci il təvəllüdlü Ağasəlim Abdullayev hadisə yerində ölüb, 1950-ci il təvəllüdlü Ağasəlim Abdullayev və 1984-cü il təvəllüdlü Səadət Abdullayeva isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik xəstəxanasına yerləşdiriliblər.
Fakta görə Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.
Sürücü X. Mədətov narkoloji tibbi müayinədən keçirilərkən orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olması müəyyən edildiyindən cinayət işi Cinayət Məcəlləsinin 263-1.4-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif olunub.
Onu da qeyd edək ki, X. Mədətov Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sabiq sədr müavini Mübariz Mədətovun oğludur.
Həmin hadisədən 2 gün sonra isə ölkə prezidentinin sərəncamı ilə Mübariz Mədətov tutduğu vəzifədən azad edilib, oğlu isə həbs olunub.