|
Sentyabrın 9-da Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununu keçirəcək.
Qarşısına Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq tapşırığı qoyulan milli Bolqarıstanla oyunda mütləq qələbə qazanmalıdır.
Bu amili nəzərə alan AFFA rəhbərliyi futbolçulara qələbəyə görə fantastik məbləğdə mükafat vəd edib.
Teleqraf.az xəbər verir ki,Publika.az-ın AFFA-dakı mənbədən aldığı məlumata görə, Azərbaycan Bolqarıstana qalib gələcəyi təqdirdə, futbolçuların hər biri 80 min manat (100 min dollar) mükafata sahib çıxacaq. Mənbə bildirir ki, əvvəlcə mükafatın məbləği aşağı olub. Belə ki, AFFA Bolqarıstan üzərində qələbəyə görə 40 min manat mükafat vəd edib.
Ancaq futbolçular bundan narazı qalıblar. Onlar narazılıqlarını açıq şəkildə bildirməsələr də, bunu AFFA-nın baş katibi Elxan Məmmədova sezdiriblər. Məsələdən hali olan baş katib durumla bağlı AFFA-nın prezidenti Rövnəq Abdullayevi məlumatlandırıb.
Bundan sonra AFFA rəhbərliyi futbolçularla görüşmək qərarına gəlib. Sentyabrın 6-da AFFA rəhbərliyi tam tərkibdə futbolçularla görüşüblər. Elə həmin görüşdən sonra mükafatın məbləği 2 dəfə artırılaraq 80 min manata qaldırılıb.