|
Ermənistan Cenevrə danışıqlarında məğlubiyyətə düçar oldu.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında erməni politoloq Manvel Sərkisyan söyləyib. Onun sözlərinə görə, Ermənistan artıq əlində olan bütün üstünlükləri Azərbaycan Prezidenti İlham Əliyevlə görüşə getməklə Bakıya verib. Sərkisyan İrəvanın Cenevrə görüşünə məcburi şəkildə aparıldığını bildirib:
“Başa düşmək lazım idi ki, sən niyə ora gedirsən. Azərbaycan prezidenti bilirdi ki, niyə bu görüşə gedir. O, görüşə gedərək dünyaya sübut etmək istəyirdi ki, Ermənistan və ATƏT-in Minsk Qrupunun heç bir tələbi yoxdur. Bəs Ermənistan niyə buraya yollanıb? Bax sual budur. Çoxları yazır ki, Ermənistanı buna məcbur ediblər. Biz buna adət etmişik və bu, ilk dəfə deyil. Aprel müharibəsindən sonra biz bu adamların və onların sponsorlarının hansı qərarlar verdiyini gördük. Onların qəbul etdiyi qərarlar Azərbaycan və Rusiyanın maraqlarına xidmət edir”.
Qeyd edək ki, oktyabrın 16-da Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə görüşü baş tutub.