|
Türkiyənin Suriyadakı hərbi əməliyyatları Qərb mətbuatını narahat etməkdədir.
Axar.az xəbər verir ki, Almaniyanın “Deuş Vörtşafs Naşirten” qəzeti türk ordusunun əməliyyatlarına kölgə salaraq, Ankaranın əsas məqsədinin neft bölgələrini ələ keçirmək olduğunu iddia edib:
“Suriyadakı ən şiddətli döyüşlər ana boru xətləri və gələcəkdə enerji xətti üçün istifadə olunacaq ərazilərdə aparılır. Ölkədə İŞİD-lə mübarizədən çox, enerji müharibəsi gedir.
Suriyanın ən önəmli iki neft mərkəzi Menbic və Əl Bab bölgəsində yerləşir. Bu iki bölgə İraqdan Suriyaya gələn və İdlibə qədər davam edən ana boru xətlərinə ev sahibliyi edir. Kim Menbici alarsa, o da Suriya neftinin daşınmasına nəzarət edəcək.
Düzdür, Türkiyə hələ ki, neft borularına çatmayıb. Ancaq Menbic alınarsa, bölgədəki vəziyyət kökündən dəyişəcək. Hələbdəki savaş Suriya müharibəsinin taleyini həll edə bilər. Çünki bu şəhər ölkənin əsas neft borularının keçdiyi sonuncu ən iri şəhərdir. Onu alan neft borularının açarını qazanmış olacaq.
Ən şiddətli qarşıdurmalar Rakka, Deyr əz-Zor, Hələb, İdlib, Haseke, Bukemal və Əl Babda yaşanır. Həma və Xümsdə də müharibə davam edir. Bütün bu şəhərlər isə Türkiyədən Qətərə uzanması planlaşdırılan boru xəttinin üzərində yerləşir.
Rusiya İrandan İraq və Suriyaya uzanan boru xətti istəyir. Moskva bu səbəbdən Xümsün cihadçıların əlinə keçməsinə imkan vermir. Suriyadakı əməliyyatlarda ABŞ daha çox şərqə, Rusiya isə qərbə meyllənir. Hər iki ölkə rəqibinin neft boru xətti inşa etmək planına zərbə vurmağa çalışır”.