|
Vətəndaşlara operativ və şəffaf xidmətlərin göstərilməsi, məmur-vətəndaş ünsiyyətinin minimuma endirilməsi barədə tapşırıqlara əsasən Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) fəaliyyət istiqamətləri üzrə SMS, onlayn və elektron xidmətlərin tətbiqini davam etdirir.
ƏMDK-dan Axar.az-a verilən məlumata görə, komitə tərəfindən indiyədək vətəndaşlara, fiziki və hüquqi şəxslərə müxtəlif fəaliyyət istiqamətləri üzrə 305 minə yaxın elektron xidmət göstərilib.Hazırda Komitənin fəaliyyət sahələri üzrə 3 SMS və 31 elektron xidmət, o cümlədən 3 onlayn xidmət vətəndaşların istifadəsindədir.
Bu xidmətlər həm “Elektron hökumət” portalı (www.e-gov.az), həm də komitənin elektron xidmətlər portalı (www.e-emdk.gov.az) üzərindən təqdim olunur. Komitənin təqdim etdiyi 31 elektron xidmətdən 21-i daşınmaz əmlakın qeydiyyatı, 10-u isə dövlət əmlakının özəlləşdirilməsi, idarə edilməsi və icarəsi ilə bağlıdır.
Aparılmış təhlillərdən bəlli olur ki, istifadəçilərin böyük əksəriyyəti daşınmaz əmlakın qeydiyyatı ilə bağlı elektron xidmətlərə müraciət edir.Komitə istifadəyə verdiyi 31 elektron xidmətin 3-ünü, eyni zamanda, SMS vasitəsilə ilə də göstərir. Bu xidmətlərə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciət üzrə xidmət haqqının öyrənilməsi, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciətin icra vəziyyətinin öyrənilməsi və dövlət əmlakının icarəyə verilməsi müqavilələri üzrə icarə haqqı borcunun öyrənilməsi aiddir.
Mobil telefonlardan 9193 nömrəsinə SMS göndərməklə müvafiq məlumatlar əldə olunur.
Komitənin elektron xidmətlərlə yanaşı, istifadəyə verdiyi onlayn xidmətlər də xidmətlərdə rahatlığı və operativliyi kifayət dərəcədə artırıb. Vətəndaşlar daşınmaz əmlakın yüklülüyünə dair arayışları (Forma-1) notariuslarda onlayn rejimdə əldə edirlər.
Bundan ötrü ərazi qeydiyyat idarələrinə müraciət etməyə ehtiyac qalmayıb. Digər onlayn xidmət vasitəsilə hər bir əmlak sahibi öz əmlakı barədə dövlət reyestrində olan rəsmi məlumatlarla onlayn rejimdə tanış ola bilir.
3-cü onlayn xidmət isə notariuslarda rəsmiləşmiş daşınmaz əmlaka dair təkrar bazarda alğı-satqı sənədlərinin onlayn rejimdə ərazi qeydiyyat idarəsinə göndərilməsini təmin edir. Bununla da vətəndaşların notariusdakı alqı-satqı əməliyyatından sonra yenidən ərazi qeydiyyat idarəsinə getmək proseduru aradan qalxıb.