|
Fevralın 25-də ukraynalı pilot Kraveç Leonid Markoviç Bakıda mətbuat konfransı keçirib. Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun dəvəti ilə Bakıya gələn pilot Xocalı qətliamının ilk şahididir. O, azərbaycanlı jurnalistləri bu vəhşiliyin törədildiyi yerə helikopterlə aparıb.
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun rəhbəri Hikmət Cavadov konfransda çıxışında bildirib ki, iki il öncə pilot Kraveç Leonid Markoviçlə bağlı məlumat alıblar: “Bir müddətlik araşdırmadan sonra Xocalı barədə film çəkməyi qərara aldıq”.
Kraveç Leonid Markoviç isə bildirib ki, 1989-cu ildən 1992-ci ilə qədər Gəncədə SSRİ qoşunlarının tərkibində xidmət edib: “Helikopter komandiri olmuşam”. Onun sözlərinə görə,1992-ci ildə fevralın 27-də Gəncəyə qayıdarkən Xocalının şərqindən iki kilometr məsafədə dağın ətəyində uçarkən rəngərəng paltar müşahidə ediblər: “Beş yüz metr məsafəyə enərkən, gördük ki, ermənilər yaralıları da güllələyir. Ermənilər Azərbaycan vertolyotunu görüb atəşə tutmağa başladılar. Biz qayıtdıq və ölkə rəhbərliyinə müraciət etdik. Bundan sonra jurnalistləri oraya çəkiliş üçün aparmağımızı istədilər. Jurnalistləri apararkən jurnalist Çingiz Mustafayevi gördük. Onların cəmi beş dəqiqə vaxtı vardı ki, çəkiliş etsinlər. Gördük ki, artıq ermənilər bizi görüblər və atəş edirlər. Beş dəqiqə ərzində çəkiliş etdik. Dünya bu qətliamı bu çəkilişlərdən sonra bilib, soyqırımdan xəbər tutub”.
Pilotun sözlərinə görə, o zaman gördükləri barədə mətbuata müsahibə verib və bu, geniş müzakirələrə səbəb olub: “Jurnalistlər hadisə yerinə düşərkən ərazini tam çəkə bilməyiblər. On-on beş dəqiqə çəkiliş apara bildik. Helikopter yerə enə bilməmişdi. Hər zaman hazır idi ki, ermənilər gələndə çəkiliş qrupunu götürüb gedə bilsinlər. Çəkiliş qrupu aşağı düşəndə o dərəcədə şok yaşadı ki, iki-üç dəqiqə ərzində çəkiliş edə bilmədilər. Onları tələsdirdik, çox az kadrlar çəkdilər. Meyitlər bir-birindən çox aralı idi. Jurnalistlər nəyi çatdırdılarda, onu çəkdilər. Ancaq ərazi tam halda yuxarıdan çəkilib. Bizimlə gedən bir polis kapitanı uşaqların arasında öz oğlunu tapdı. Oğlu güllələnmiş, öldürülmüşdü. O, uşağın meyitini görütüb helikopter tərəfə gəlirdi, ermənilər bizi görmüşdü, biz uçmalı idik. O, oğlunu helikopterə yerləşdirdi, özünün isə əlləri aşağı düşdü, helikopterə minə bilmirdi. Deyəsən ağlını itirmişdi. Biz onu da güclə götürüb uçduq”.
Ukraynalı pilotun iştirakı ilə jurnalistlərin Xocalıya getməsi və soyqırımı çəkməsi barədə film də ərsəyə gəlib. Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu tərəfindən çəkilən “Cəhənnəmi görmüş pilot” filminin təqdimatı fevralın 26-da olacaq. /Musavat.com/