|
“Erməni girovluğunda olan Dilqəm və Şahbaz ailələri ilə “Skype” vasitəsilə danışa biləcək”. Bunu Ağdamda olan Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.
Onun sözlərinə görə, Kəlbəcər girovları ilə bağlı məsələ Cenevrədə Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti ilə müzakirə edib. "O da söz verdi ki, bu işlə daha ciddi məşğul olacaq. Əvvəldən məlum idi ki, ermənilər onları asanlıqla verməyəcəklər. Çünki Dilqəm Əsgərov və Şahbaz, həmçinin rəhmətlik Həsən ermənilərə elə bir zərbə vurub ki, o zərbənin yeri sağalmır. Ona görə ermənilər prinsipə düşüb onları qaytarmaq istəmirlər. Bizdə nə qədər erməni əsir var, hamısını təklif edirik, dəyişmirlər. Mən xahiş etdim ki, heç olmasa Dilqəm Əsgərov və Şahbaz Quliyevin ailə üzvləri ilə “Skype” vasitəsi ilə canlı danışmasını təşkil etsinlər. O da söz verib, məşğuldurlar".
Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov 2014-cü ilin iyul ayında Kəlbəcərdə ermənilər tərəfindən girov götürülüblər. Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşları olan Ş.Quliyev, H.Həsənov Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda yaxınlarının məzarlarını ziyarət etmək üçün gediblər.
Lakin onlar ermənilər tərəfindən girov götürülüblər. Həmin zaman Dilqəm və Şahbaz yaxalansa da, Həsən Həsənov qətlə yetirilib. Onun meyitinin əvvəlcə Xankəndində dəfn edildiyi deyilib. Lakin Azərbaycan tərəfinin başladığı danışıqlardan sonra qalıqlar bir neçə ay sonra geri qaytarılıb.
2014-cü ilin dekabr ayında kəlbəcərli girovlar üzərində qondarma məhkəmə qurulub. Separatçı rejimin qərarı ilə qurulan oyuncaq məhkəmə Dilqəm Əsgərovu ömürlük, Ş.Quliyevi isə 22 il müddətinə azadlıqdan məhrum edib. Hazırda onlar Şuşa həbsxanasında saxlanılırlar.