|
Vurğun Əyyub: “Siyasətdə Surət Hüseynov adlı bir adam olmayıb”
Sabiq baş nazir, “qiyamçı polkovnik” kimi tanınan Surət Hüseynov yenidən siyasətə qayıtmaq iddiasına düşüb. O, bu məqsədə çatmaq üçün Qazilər Fondu adlı ictimai birlik də təsis edib. Bu barədə hələ bir neçə il öncə məlumat yayılsa da, S.Hüseynov buna münasibət bildirməmişdi. Ancaq son günlər sabiq baş nazir mətbuata açıqlamasında Qazilər Fondu yaratmaq ideyasını təsdiqləyib.
S.Hüseynov teref.info-ya açıqlamasında bu fondu xeyriyyəçilik məqsədilə yaratdığını deyib: “Xeyriyyəçiliklə daim məşğulam. Müharibə illərində qaçqın və köçkünlərə, şəhid ailələrinə, döyüşçülərə evlər vermişəm, hər cür yardımlar etmişəm. Atəşkəsdən sonra ”Nicat" Xeyriyyə Cəmiyyətinin xətti ilə Azərbaycanda bütün şəhid ailələrinə, Qarabağ əlillərinə aylıq pul yardımları göstərirdik. Əlillərin protezləşmə və müalicə problemlərini ölkədə və xaricə göndərməklə həll edirdik. Həbsxana illərimdə də gücüm çatandan ehtiyaclı olanlara kömək eləmişəm. Bu işi davam etdirəcəm".
Ancaq həbsxanadan çıxandan sonra uzun müddət siyasi səhnədən kənarda qalan S.Hüseynovun gözlənilmədən ictimai diqqət mərkəzinə gəlməsi təsadüf hesab olunmur. Yəni Azərbaycanın müstəqillik tarixinə dövlət çevrilişi və qiyamların təşkilatçısı kimi düşmüş birisinin indi siyasətə dönmək arzusu narahatlıqla qarşılanır. Qarabağ qazilərinin adından istifadə edib fond yaratması isə ehtimal ki, onun qarşıya qoyduğu hansısa qaranlıq siyasi layihəni həyata keçirmək niyyətinin trampilin sayıla bilər. Çünki S.Hüseynov prezidentin Dağlıq Qarabağ üzrə xüsusi səlahiyyətli nümayəndəsi və korpus komandiri kimi ona verilmiş səlahiyyətlərdən istifadə edərək,1993-cü il iyunun 4-də hərbi qiyam yolu ilə dövlət çevrilişi etmişdi. Azərbaycanda milli-demokratik hakimiyyətin qiyam yolu ilə devrilməsi Surət Hüseynovun adı ilə bağlıdır. Bununla kifayətlənməyən “qiyamçı polkovnik” 1994-cü il oktyabrın 3-də ikinci dəfə hərbi yolla dövlət çevrilişinə qalxdı. Lakin bu dəfə təhlükənin qarşısının hakimiyyətin vaxtında alması Azərbaycan dövlətçiliyini növbəti fəlakətdən qurtara bildi. Surət Hüseynov da 8 il müddətinə azadlıqdan məhrum edildi.
Surət Hüseynovun hərbi cinayətlərinin ilk baxışdan onun hakimiyyət iddiası ilə bağlı olduğu qənaətini yaradırdı. Lakin S.Hüseynov baş nazir təyin edilməsinə baxmayaraq, qiyamçılığı siyasi ənənəyə çevirmişdi. Bu da onun xaricdən siyasi sifarişləri yerinə yetirdiyini bir daha təsdiq edirdi. 1993-cü ildə AXC hakimiyyətinin devrilməsi planının Rusiya tərəfindən hazırlandığı və Surət Hüseynovun da həyata keçirdiyi heç kəsə sirr deyil. 1994-cü ildə isə Azərbaycanın Qərblə sıx strateji əlaqələr qurmasından narahat olan Rusiya növbəti dəfə S.Hüseynovun əlilə hakimiyyəti silahlı yolla dəyişməyə çalışdı. Ancaq S.Hüseynovun bu dəfə zərəsizləşdirilməsi Azərbaycan dövlətçiliyinin başı üzərindən qara buludları qaldıra bildi. İndi S.Hüseynovun yenidən siyasi səhnədə peyda olmaq arzusu bu layihənin arxasında xarici qüvvələrin, ilk növbədə isə, onun köhnə müttəfiqi olan Rusiyanın dayanmasını istisna etmir. Çünki hazırda Qərbin rəsmi Bakı ilə münasibətlərində soyuq məsafə yarandığından təsir imkanları azalıb. Son dövrlər Azərbaycanın Rusiya ilə kifayət qədər yaxınlaşması isəKremlin rəsmi Bakıya təsir vasitələrini genişləndirib. Rusiya Azərbaycanı Avrasiya İqtisadi Birliyinə daxil etmək üçün müxtəlif cəlbedici və təzyiq üsullarından istifadə etməyə çalışır. Eyni zamanda, Azərbaycanın Rusiya-Türkiyə münasibətləri fonunda Ankaranın yanında yer alması görünür ki, bu da Moskvanı yeni təsir mexanizmləri üzərində düşünməyə vadar edir. Manatın ikinci devalvasiyasından sonra Azərbaycanda sosial narazılığın artması isə rəsmi Bakını sıxışdırmaq üçün Rusiyaya kifayət qədər siyasi fürsət yarada bilər. Bu baxımdan, Surət Hüseynovun yenidən siyasətə qayıtmaq iddiasının haradan qaynaqlandığını görmək çətin deyil. S.Hüseynovun Qazilər Fondu yaratması da təsüdüfi deyil. O, yaxşı bilir ki, Qarabağ problemi, qazilərin hüquqları Azərbaycan xalqı üçün həssas məsələlərdir. Ona görə də Surət Hüseynov yenidən Qarabağ kartından istifadə edib siyasi səhnəyə atılmaq iddiasına düşüb. Onun bu iddiası Azərbaycan dövləti və xalqı üçün iki dəfə faciə ilə nəticələnib. S.Hüseynovun əli 1993-cü ilin iyun ayında Gəncə şəhərində qətlə yetirilmiş Prezident Qvardiyasının 22 nəfər əsgərinin qanına batıb. Amma o, buna cavab vermək əvəzinə, Dubayda, Gəncədə biznes qurub sərbəst gəzir. Bütün bunlar da azmış kimi yenidən nəyisə, kimlərisə növbəti dəfə siyasi maraqlarına qurban vermək fikrinə düşüb.
Bəlkə də Surət Hüseynov yenidən siyasi xəyallara qapılır və elə zənn edir ki, əlində “Kalaşnikov” Gəncədən vurub Bakıdan çıxacaq, hamı da onun qarşısında qorxub geri çəkiləcək, qətiyyən belə deyil. İndi Surət kimilərin ağalıq etdiyi dövrdən 22 il ötüb. Azərbaycan siyasətində Surət Hüseynovun Qarabağ kartı üzərində qurulmuş siyasi ömrü Şuşanı işğal edən və 1998-ci ildə parlamentdə güllələnmiş Vazgen Sarkisyanın ömrü ilə eyni vaxtda başa çatıb. Azərbaycan siyasətində S.Hüseynov fenomeni artıq heç bir təsir imkanına malik deyil. Müsavat başqanının sabiq müavini Vurğun Əyyub bu fikri daha məntiqli ifadə edir: “Siyasətdə Surət Hüseynov adlı bir adam olmayıb və onun siyasətə qayıtması ifadəsini də qəbul etmirəm”.