|
İranın ali dini şurası Ayətullah Əli Xamneyinin potensial varislər siyahısını hazırlayır.
Publika.az Britaniyanın “The Guardian” nəşrinə istinadən xəbər verir ki, bu barədə İranın eks-prezidenti və bu ölkənin Məsləhət Şurasının sədri Əli Əkbər Haşimi Rəfsəncani bildirib.
Nəşr qeyd edir ki, 75 yaşlı dini lider xərçəng xəstəliyindən keçən il əməliyyat olunsa da, onun əvəzlənməsi müzakirə predmeti olmayıb. Lakin indi ali dini liderin təyinatı ilə məşğul olan Məsləhət Şurasına yeni seçkilərin keçirilməsi qaçılmazdır.
İran prezidenti Həsən Ruhani və onun tərəfdarları ümidlər edir ki, Qərblə nüvə sazişində qazanılan uğur Məsləhət Şurası və parlamentdə onlara qələbə qazanmağa kömək edəcək. Hər iki orqana yeni səsvermə 2016-cı ilin fevral ayında olacaq.
Ruhaninin müttəfiqi olan Rəfsəncani bildirib ki, Məsləhət Şurasının seçilməsindən sonra yeni dini liderin təyinatına ehtiyac yaranacaq. Onun sözlərinə görə, şura üzvləri buna hazırlaşırlar və namizədləri araşdırırlar.
Məsləhəti Şurası hər 10 ildən bir xalq tərəfindən seçilir. Hazırda isə Məsləhət Şurası və parlamentdə yerlərin əksəriyyəti Ayətullah Əli Xamneyinin tərəfdarları olan mühafizəkarların əlindədir.
Qeyd edək ki, İranın ali dini lideri silahlı qüvvələrin baş komandanıdır. Əsas nazir postları onun razılığı ilə təsdiq edilir. Bundan başqa, İranın xarici siyasəti və nüvə proqramı ilə bağlı son sözü də o deyir. Prezidentin səlahiyyətləri dini liderin səlahiyyətləri ilə müqayisədə azdır.
Hazırda Məsləhət Şurasına sədri Rəfsəncani və qurumun üzvü olan prezident Həsən Ruhaninin öz namizədliklərini yenidən irəli sürəcəyi gözlənilir.