|
Hərbi xidmətə çağrışlar zamanı tibbi komissiyalarda baş verən özbaşınalıqlar haqqında mətbuatda bir çox məlumatlar dərc edilib. Belə şikayətlərdən biri də 1980-cı təvəllüdlü Ağsu rayon sakini Cəfərov Samir Ağacəfər oğlu tərəfindən Teleqraf.az-ın e-mail ünvanına göndərlib.
Şikayətçi yazaraq bildirib ki:
"1999-cu ilin yanvar ayının 2-sində yaşadığım Ağsu rayonundan hərbi xidmətə çağırılmışam. O zaman tibbi komissiyada hərbi xidmətə yararlı hesab edillərək hərbi xidmətə getmişəm. 18 ay çox çətin şəraitdə qülluq etdim. Hərbi xidmət zamanı tez-tez kəskin böyrək sancılarından əziyyət çəkirdim. Demək olar ki, hərbi xidmət dövrümün böyük bir hissəsini iynə dərmanla keçirmişəm. Hərbi xidməti başa vurduqdan sonra da bir müddət ev şəraitində müalicə olundum. 2013-ci ildə böyrəyimdə baş verən kəskin ağrılarla bağlı Bakı şəhərində yerləşən 5 saylı xəsətanada müayinə olunan zaman məlum oldu ki, mənim anadangəlmə sol böyrəyim yoxdur. Həkimlər bunu mənə dedikdə , inanmayaraq başqa bir xəstəxanada yenidən müasir aparatlarla yoxlanıldım. Orada da məlum oldu ki, böyrəyimin biri yoxdur. Belə olan halda məni hərbi xidmətə yaralı olaraq necə göndəriblər? Bu boyda saxtakarlıq, bu boyda özbaşınalıq olar?
Mən bu haqda dövlət başçısı İlham Əliyev cənablarına da müraciət edərək bildirmişəm ki, Ağsu rayon xəstəxanasında olan tibbi komissiya cidi şəkildə yoxlanılsın. Təəssüf ki, yazdığım müraciətlərə heç bir cavab verilməyib. Yaqin ki, Ağsu rayonunda bu haqsızlıqlarla üzləşən adam tək mən deyiləm. Bir çox kasıb-imkansız ailələrin övladları bu cür cinayətkar insanların qurbanlarına çevrilib. Bir daha mətbuat vasitəsi ilə dövlətimizin başında dayanan aidiyyəti qrumlardan Ağsu rayon xəstəxanasında olan tibbi komissiyanın fəaliyyətini araşdırmalarını xahiş edirəm."