|
Dekabrın əvvəllərində baş verən Nardaran olaylarından sonra paytaxtdakı və bölgələrdəki əksər məscidlərə kameralar quraşdırılıb. Bu barədə musavat.com-a məscidlərə gedən dindarlardan və digər mənbələrdən məlumat daxil olub.
Məlumatda o da vurğulanır ki, bu proses tezliklə bütün məscidləri əhatə edəcək. Bəzi dindarlar iddia edirlər ki, kameraların quraşdırılması məscidlərə namaz üçün gələn insanları qorxuya salır və bu səbəbdən gələnlərin sayı azalıb.
Qeyd edək ki, məscidlərə kameraların quraşdırılması uzun müddətdir ki, müzakirə mövzusudur. Bir müddət əvvəl millət vəkili Fazil Mustafa da bunun vacibliyini bildirmişdi. Qaraçuxur məscidinin yandırılmasından sonra bu məsələ daha da aktuallaşmışdı.
Hətta Dini İşlər Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da qeyd etmişdi ki, ölkənin bəzi məscidlərində radikallar tərəfindən ruhanilər təzyiqlər olunduğu nəzərə alaraq, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün bütün məscidlərə kameralar quraşdırılacaq: “Məscidə gələn şəxs burada yalnız namaz qıla bilər. O, moizə oxuya bilməz, qanun da buna icazə vermir. Kim olursa-olsun, əgər kimsə gəlib məsciddə hegemonluq edibsə, deməli, axund zəiflik nümayiş etdirib”,- deyə M.Qurbanlı izahat da vermişdi. Komitə sədri bir neçə gün əvvəl bu fikrini bir daha təkrarlayıb. O, qeyd edib ki, Lənkəran rayonunda, habelə bir çox rayonlarda fəaliyyət göstərən məscidlərin axundlarına radikal qruplar tərəfindən təzyiqlər edilib və nəticədə axundlar zəiflik göstərərək minbəri radikal qruplara verib: “Bu halların baş verdiyi məscidlərin siyahısı bizdə var. Kim olur olsun, lap 50 nəfər onlar, minbəri və mikrofonu heç kimə verməyin. Məscid müqəddəs yerdir. Məscidin minbərini heç kimə, o cümlədən də radikal qruplara vermək olmaz. Əgər radikal qruplar sənin əlindən minbəri alırsa, deməli sənin orada qalmağa mənəvi haqqın yoxdur”.
Bir məsələni qeyd edək ki, qardaş ölkə Türkiyədə əksər məscidlərə kameralar quraşdırılıb.