|
1988-ci ildə ABŞ-a məxsus "Piper Alpha" neft platformasdında dəhşətli faciə baş verib.
Teleqraf.az-ın anspress-ə istinadən məlumatına görə, tarixən qara qızıl istehsalçılarına milyonlarla bəzən isə milyardlarla vəsait gətirsə də, bəzən əksinə olur. Belə ki, 1988-ci ilin 6 iyul tarixində Şimal dənizində yerləşən və Birləşmiş Ştatlara məxsus "Piper Alpha" neft platformasında dəhşətli faciə baş verib. Hadisə zamanı platformada olan 226 nəfər şəxsi heyətdən yalnız 59-u xilas edilə bilib. Partlayış baş verən zaman neftin çıxarılmasının dayandırılmasına baxmayaraq əsas borularda neft qaldığından yanğını söndürmək çox gec mümkün olub. Hadisə "Occidental Petroleum" korporasiyasına 3.4 milyard dollar zərər vurub.
Digər belə bir hadisə 1989-cu ilin 24 mart tarixində baş verib. "Exxon Valdez" şirkətinə məxsus neft tankeri qəzaya uğrayıb. Hadisə nəticəsində 40.9 milyon litr neft okeana dağılıb. Alyaskaya yan alan tankerin sıradan çıxması nəticəsində 28 min kv kilometr ərazi neftlə çirklənib.
Tarixdə digər bir neft platformasında baş verən iri miqyaslı hadisə 2010-cu ilin 20 aprel tarixində baş verib. Meksika körfəzində yerləşən və "BP" şirkətinə məxsus "Deepwater Horizon" platformasında qəfil partlayış baş verir. Bu zaman platformada 126 nəfər olub. Onlardan 11-i itkin düşüb. Təcili tədbirlər nəticəsində isə digər heyət üzvləri xilas edilib. Hadisənin metan qazının püskürməsi, həmçinin yetərincə təhlükəsizlik tədbirlərinin görülmədiyindən baş verdiyi bildirilib. Platformanın söndürülməsinə yarım gün sərf olunsa da, lakin görülən tədbirlər yetərincə olmayıb və 36 saat müddətindən sonra "Deepwater Horizon" okeanın dərinliklərinə qərq olub. Nəticədə 670 min ton neft Meksika körfəzinə dağılıb, hansı ki bu da ətraf aləmə ciddi ziyan vurub. Hadisənin törətdiyi fəsadları aradan qaldırmaq üçün "British Petrolium" şirkəti fantastik məbləğ - 42 milyard dollar xərcləyib.
2013-cü ildə isə Xəzərin Azərbaycan sektorunda yerləşən Bulla-dəniz qaz-kondensat yatağında yanğın baş vermişdi. 9 həftə davam edən yanğın sonradan söndürülmüşdü. Rəsmi məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb, platformadakı işçilər evakuasiya edilib. Yanğın başlanan andan hadisəyə ilkin müdaxiləni ARDNŞ və Fövqəladə Hallar Nazirliyi həyata keçirib.
Daha sonra "BP" də yanğının söndürülməsinə yardımını təklif etsə də, şirkət onların köməyinə "ehtiyac olmadığını" bildirmişdi.