|
Türkiyə “Su-24” tipli təyyarənin vurulması nəticəsində həlak olan pilotun cəsədini Rusiyaya təhvil verib.
Oleq Peşkovun nəşi hazırda Esenboğa hava limanındadır və yaxın vaxtlarda təyyarə ilə Rusiyaya yola salınacaq. Bu barədə AzVision.az “Hurriyet Daily News”-a istinadən xəbər verir.
Nəşr qeyd edir ki, rus pilotun cəsədi Hatay vilayətindən Ankaraya gətirilib və o, paytaxtda bir gün klinikalardan birində saxlanılıb. Cəsədin konkret olaraq kimə təhvil verilməsi barədə məlumat verilmir.
Rusiyanın Ankaradakı səfirliyi bu faktı nə təkzib, nə də təsdiq edib.
Xatırladaq ki, Rusiyaya məxsus qırıcı təyyarə noyabrın 24-ü Türkiyənin Suriya ilə sərhədindəki Hatay vilayətində vurulub. Hərbi təyyarə Türkmən dağı ərazisindəki Qızıldağ istiqamətində yerə düşüb. Pilotlar katapulta etsələr də, onlardan biri ölüb. Digər pilotlar isə xüsusi təyinatlıların keçirdiyi 12 saatlıq əməliyyat nəticəsində xilas edilib.