|
Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevə açıq müraciət
Hörmətli, cənab Prezident!
Azərbaycan kimi strateji mahiyyət daşıyan bir məmləkətin dövlət başçısı olmağın çətinliklərini anlayır, şəxsinizə və ailə təməllərinizə hər zaman sayğılı olduğumu bildirirəm. Heydər Əliyev məktəbinin layiqli davamçısı olmağınıza da şübhəm yoxdur.
Dövlətimiz onun üzərində yaşayan hər bir vətəndaşındır və onun toxunulmazlığını, ədəb-ərkanını qorumaq hər birimizin şərəf borcumuz olmalıdır. Sizə müraciət etmək istəyim ölkəmizin üzərini almış təhlükələr fonunda vətəndaş məsuliyyətimlə bağlıdır.
Dövlət, onun dəyərləri, insanlar günün günorta çağı nümayişkaranə formada istismar olunur. 200 illik istiladan sonra şəhidlərimizin qanı, millətimizin iradəsi ilə qazandığımız istiqlalımızla bu cür davranmağa heç kimin haqqı yoxdur. Heydər Əliyev məktəbi budurmu? Suallar çoxdur. Sizi ciddiliyi ilə düşünməyə, bu çirkin yoldan komandanızı döndərməyə dəvət edirəm.
Millətimiz nurlu və ədaləti sevən millətdir. O, Sizin inkar etmək istədiyiniz demokratiyanın nə olduğunu bilir və onu arzulayır. Elçibəy iqtidarı dönəmində, Xətai rayon İcra Hakimiyyətinin başçısı kimi biz ideallarımıza sadiq qalmış, milli dövlət quruculuğunda, demokratik islahatlar yolunda mühüm nailiyyətlər əldə edə bilmişik. Ən əsası, nəfsimiz tox olub, heç kimdən nə pay, nə pul, nə də başqa umacağımız olmayıb, xalqımız rüşvətsiz hakimiyyətin necə olduğunu görə bilib. Biz vətəndaş yetişdirmə prosesinə büdcə boşluğu və qanlı vətən savaşı şəraitində başlamışdıq. Bu dövr xalqımızın milli dövlət quruculuğuna, islahatlara, demokratikləşmə, mülki cəmiyyət quruculuğuna hazır olduğunu əyani şəkildə təsdiq edən tarixdir.
Məni yaxşı tanıyırsınız. Uzun illər idman təşkilatına- Siz Olimpiya Komitəsinə, mən isə Azərbaycan Sambo Federasiyasına rəhbərlik etmişik. Qalib gəlməyin, Avropa standartına uyğun yarış keçirməyin mümkün olduğunu bu sahədə əməlimizlə sübut etmişik. İnanmışıq ki, həyata keçirdiyiniz Avropa oyunları bizi Avropa demokratiyasına daha da yaxınlaşdıracaq. Təəssüf ki, sizin komandada istiqlalımızın və təhlükəsizliyimizin ən mühüm təminat məkanı olan Avropa ailəsindən aralanma meyli duyulmaqdadır. Sual edirəm, bu məmləkəti hara aparırsınız?. Yenidən bizi millətimizin qanına susamış Rusiyanın imperiya ambisiyalarına qurban verməyə aparmaq istəyirsinizsə, xəyanətə bərabər yanlışlıq edirsiniz. Getmək istədiyiniz yolu aydın müəyyən edib, bəyan edin. Hakimiyyət orqanları -bu gün MTN, dünən DİN, sabah hansı qurumda insanlarımızı xofa salan cinayət yuvalarının üzə çıxması ilə bizlər nə vaxta qədər sarsılacağıq.
Bizlər üçün qorxu mənbəyi uca Allahdır. Bu hakimiyyətə və ya şəxsinizə asilik deyil. Bu qurmaq istədiyimiz müstəqil, demokratik Azərbaycanın hər bir vətəndaşının layiq olduğu bir dəyər, bir idealdır. Sizin iqtidar cəsarətli, ağıllı , qorxmaz insanları sevməz, yalana, yaltaqlığa, riyakarlığa meylliləri çox xoşlayarlar. İstisna etmirəm ki, korrupsiyalaşmış, milli-mənəvi məzmununu itirmiş, zehniyyəti korlanmış qafalar mənim müraciətimi saymamazlıq, hökmdara itaətsizlik kimi qələmə versinlər. Qorxu, mənəvi-psixoloji pressinqlər, təqiblər, yad düşüncəyə dözümsüzlük altında olan cəmiyyətlə Azərbaycanı uğura aparmaq olmaz, cənab Prezident. Qorxu və xofla yüklənmiş insanlar toplusundan ibarət bir cəmiyyət dayanıqlı ola bilməz, düşmən onu yenər, cəmiyyət inkişafdan qalar, layiqli vətəndaşlar, aydınlar, siyasətçilər, diplomatlar yetişdirə bilmərik. Bu gün təqib və ifşa etdiyiniz MTN və digət qurumlar sizin rəqibləri zərərsizləşdirmə mexanizminə çevrilib, insanlar azad fikrinə, əqidəsinə görə zindanlara salınıb. Bu utanc gətirən hərəkətlərlə hakimiyyəti qorumağa çalışanların son aqibətini fikirləşsəniz, sizə rəqib olub, bu milləti və dövləti sevənlərə kişi kimi əl uzadıb milli və siyasi uzlaşmanın əsasını qoyar və tarix qarşısında şərəf işi görən kimi qalarsınız.
Sizin rəhbərlik etdiyiniz indiki komanda naqisliklərə vərdişli olduğu üçün şanlı tariximizi də saxtalaşdırmaqdan çəkinmirlər. İstiqlalımızın xalqımızın iradəsi və şəhidlərimizin qanı hesabına qazanıldığı gerçəyini sizin iqtidar mediası və YAP funksionerləri inkar etməkdən zövq alırlar. Heydər Əliyevin SSRİ və Azərbaycan tarixində rolunu kimsə dana bilməz. İstiqlalımızın yalnız Heydər Əliyevin adı ilə bağlanması isə tarixi ədalətsizlikdir və bu təbliğat durdurulmalıdır. Xalqın iradəsi ilə qurulan istiqlalla bu cür davranmaq olmaz. İstiqlalımızın memarı xalqımızdır və onun halal haqqına dəyilməməlidir. Çağdaş Azərbaycan Respublikası, Azərbaycan Xalq Cumhuriyyətinin ideya-siyasi varisidir. ADR-in qurucusu və lideri Məmməd Əmin Rəsulzadə ideyaları sizin iqtidar tərəfindən sıxışdırılmaqdadı. Bu da bir tarixi ədalətsizlik deyilmi? Qurucu insanlarımızın tarixi rolunu və quruculuq dövrümüzü təhrif etməyi durdurun. Şanlı tariximizi danmaq yalnız düşmənlərə fürsət verər.
Qarşıdan parlament seçkiləri gəlir. Demokratik seçkilərdən nəinki söhbət gedə bilməz, əksinə, Sizin zamanınızda seçki sistemimiz zədələndi, hakimiyyətin seçki vasitəsi ilə formalaşması və dəyişilməsinə inam azaldı, saxtakarlıq adi hala çevrildi. Sizin siyasi hakimiyyət seçkini, siyasəti təəssüf ki, insanlara nəinki sevdirmədi, əksinə ona qarşı aqressiya formalaşdırdı. İnsanlarımız kütləvi formada siyasi proseslərdən uzaqlaşmış, biganələşmişlər. Mandatlar əmtəə kimi alver predmeti olmuşdur.
Dəfələrlə parlament seçkilərinin qalibi olsam da, Sizin komandanın saxtakarlığı ucbatından halal mandatımı ala bilməmişəm. Söylədiklərimi sübut etmək üçün 33 saylı Xətai I seçki dairəsində bülletenlərin, seçici imzalarının təkrar yoxlanılması kifayətdir. Bu hal əksər seçki dairələrində müşahidə olunmuş və xalqın iradəsi parlamentə və digər seçkili hakimiyyət orqanlarına daşına bilməmişdir. Parlament və bələdiyyələr heç bir nüfuzu və güvəni olmayan avtoritetsiz qurumlara çevrilmiş, ictimai nəzarət mexanizmi sıradan çıxarılmışdır. Məhz, bu qanunsuzluqlara etiraz əlaməti olaraq bu il parlament seçkilərində iştirakdan imtina etdim.
Müxalifətsiz cəmiyyətlərin əksəriyyəti çöküşə məhkumdur. Bu quruluşlar hər zaman qanunsuzluqlar, korrupsiya, rüşvət, məmur dərəbəyliyi ilə xarakterizə olunur və başqalarının at oynatdığı məmləkətlər formalaşır. Siz və komandanız müxalifətin məhv olmasından qürurla danışırsınız. Bu sarsıdıcıdır. Siyasi institusional quruluşumuzun zədələməsini durdurun.
Cəmiyyətimizin ədalət güzgüsü olmalı məhkəmə hakimiyyəti formal xarakterli, hüquqi prinsipsizlik, qanunsuzluqlar girdabına yuvarlanmış, hüquqi dövlət mexanizmi sarsılmışdır. Vətəndaş məhkəmə və hüquq sisteminə güvənini itirmişdir. Belə vəziyyətdə vətəndaş özünü qorumaq və maraqlarını təmin etmək üçün qorxulu, alternativ yollara əl atmalı olur. Bu da cəmiyyətdə aqressiyanın güclənməsinə, radikal dini cərəyanların inkişafına münbit şərait yaratmış olur.
İnhisarçılıq orta təbəqəni tamamilə sıradan çıxarmışdır. İctiamai rəydə ən böyük monopolist kimi Sizin ən yaxın çevrənizin adının hallanması təəssüf doğurmaqla, orta təbəqənin formalaşmasını tormozlayan ən mürtəce mexanizmdir. Cəmiyyətin harınlamış zəngin məmurlar və müflisləşdirilmiş xalqdan ibarət İfrat qütbləşmiş vəziyyətdə olması, siyasi institutların məhvi acı reallıqdır. Bu cür cəmiyyətlərdə toqquşma labüdləşir, düşmən qüvvələrin təxribatlarına əlavə fürsət yaranır. Koorrupsiya və rüşvətxorluq adi həyat normasına çevrilmişdir. Bu xəstəlik xərçəng kimi cəmiyyəti mənəvi deqrodasiyaya uğratmış, insanlarda müstəqilliyin dəyər olaraq qəbul olunmasına inamı azaltmışdır.
Milli təhsil və səhiyyə sistemimiz dəhşətli vəziyyətdədir. Neftin milyardlar gətirdiyi bir cəmiyyətdə səhiyyə və təhsil işçisinin təqribən 160 azn əmək haqqı almalarını necə qəbul edə bilirsiniz? Səhiyyəsi və təhsili bu günə salınmış cəmiyyət tənəzzülə gedən cəmiyyətdir. Dövlət poliklinikasında çalışıram. Tibb personalının sosial müdafiəsi, müəssisənin maddi-texniki bazası, dərman təchizatı, xəstələri müayinə və diaqnostika imkanları SSRİ dönəmindən də betərdirsə, hansı dirçəlişdən, islahatlardan danışmaq olar?! Dövlət səhiyyə sistemi özəl səhiyyə sektora qurban verilmiş vəziyyətdədir. Sosial müdafiəsi zəif olan təbəqənin mütləq əksəriyyətinin pulsuz səhiyyə xidməti almalı olduğu dövlət səhiyyə sistemində pulsuz xidmət yoxdur! Bu acı həqiqətdir. Bu vəziyyət dəyişməlidir. Əhali dövlət hesabına sığortalanmalıdır. Sosial müdafiəsiz təhsil işçilərinin əksəriyyətinin sosial tələbatlarını təmin etmək üçün alternativ yola- repetitorluğa, küçə ticarətinə baş vurmaları orta təhsil sistemimizi ciddiliyi ilə zədələmişdir.
İnsanlarımız dövlət hakimiyyət orqanlarının himayəsi ilə Bank soyğunçuluğuna məruz qalmış, şüurlu şəkildə müflisləşdirilmişlər. Devolvasiyada yüz minlərlə insanın pulları oğurlandı. Dövlət nə üçün bu ziyanın ödənilməsini öz üzərinə götürmədi?
“Borçalı” Cəmiyyətinin sədri və Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü kimi xaricdə yaşayan azərbaycanlıların da əsasən, taleyin ümidinə buraxıldığını müşahidə edirəm. Qonşu Gürcüstanda soydaşlarımızla məşğul olmalı Komitənin səbatsızlığı soydaşlarımız üçün ağır problemlər yaratmaqdadır. Gömrükdə rəzillik, soydaşlarımızn soydaş kimi statusunun tanınmaması, milli məktəblərimizin tənəzülü, strateji məkan olan tarixi Borçalıda yeni infrastrukturların, özəl və Ali təhsil müəssisələrinin qurulmaması ciddi xətalardır.
2009-cu ildən yalnız üzvlərinin ianələri ilə ayaq üstə durmağı bacaran “Borçalı” Cəmiyyətinə rəsmi dövlət strukturlarının, o cümlədən Xaricdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsinin biganəliyi milli maraqlarımıza rəsmi səviyyədə vurulan zərbədir. Azərbaycan rəsmi olaraq “Borçalı” Cəmiyyətinin həyata keçirdiyi layihələrə ən böyük buxov rolunu oynayır. Nəticə də göz önündədir. Gürcüstan doğumlu, Azərbaycan vətəndaşı, ömrünü millətinin, elinin tərəqqisinə həsr etmiş Zəlimxan Məmmədli və müavini Salman Murğuzov Gürcüstana buraxılmır! Gürcüstan tərəf bununla Azərbaycan vətəndaşına, Azərbaycan dövlətçiliyinə həqarətli yanaşmış və dövlət başçısı olaraq Sizə də şərəf gətirməyən hadisə baş vermişdir. Sizin bu problemə münasibət bildirməyinizi, etdiyimiz ardıcıl müraciətlərə cavab verməyinizi və Gürcüstan hökuməti qarşısında bu məsələni qaldırmağınızı, vətəndaş hüququmuzu təmin etməyinizi xahiş edirəm.
Cənab Prezident! Sadaladığım problemlər vətəndaş cəmiyyətini, milli müqavimətimizi, milli təhlükəsizliyimizi, intellektual resurs formalaşdırma ənənələrimizi ciddiliyi ilə zədələyən naqisliklərdir. MTN kimi təhlükəsizliyimizə cavabdeh olan dövlət qurumunun təhlükə nənbəyinə çevrilməsi bu naqisliklərin təzahürüdür. Şübhə etmirəm ki, digər əksər dövlət qurumları da MTN-dən yaxşı vəziyyətdə olmayacaq. Təxirə salmadan radikal islahatlar aparılmalıdır. 200 illik istismar məngənəsindən çıxmış Azərbaycanımızın istiqlalının qorunması və əbədiliyi üçün gərəkən addımları atmasanız, millətimiz, və tarix nə Sizi, nə də qanunsuzluqlara susqun olan bizləri bağışlamayacaqdır.
Siz bu komandanın kapitanı, YAP siyasi lideri və Ali Baş Komandan olaraq bu naqislikləri durdurmağa borclusunuz. Bunu reallaşdırmağa millətimizin resursları yetərlidir. Sadəcə ulu türk millətinə və bütövlükdə xalqımıza sevgi və sayğı ilə yanaşmaq yetərlidir ki, BAŞLAYAQ!
ALLAH GÜC VERSİN.
Hörmətlə, Azərbaycan Respublikasının Vətəndaşı Zəlimxan Məmmədli.
27 oktyabr 2015. Bakı şəhəri