|
Hansı hakim və prokuror Eldar Mahmudovun komandasının fabrikat etdiyi cinayət işlərini «əridir»?
Pərviz Həşimlinin həbsi də bu dəstə tərəfindən həyata keçirilib
Milli Təhlükəsizlik Nazirliyindəki (MTN) müxtəlif cinayətlər törətmiş mütəşəkkil dəstənin nazirlikdən kənardakı üzvləri ilə bağlı redaksiyamıza maraqlı məlumatlar daxil olub.
Məlumatlarda bildirilirdi ki, Bakı Ağır Cinayətlər məhkəməsinin hakimi Novruz Kərimov və Baş Prokurorluğun Dövlət Ittihamının Müdafiəsi üzrə Idarəsinin Apelyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Rahil Ismayılov da bu dəstənin üzvüdür. Məlumatlarda bildirilir ki, MTN-dəki dəstənin fabrikat etdiyi cinayət işləri məhkəmə istintaqı məhz Novruz Kərimova tapşırılıb, Rahil Ismayılov isə həmin işdə dövlət ittihamını müdafiə edib.
Dəstənin üzvlərindən biri də MTN-nin Gəncə şöbəsinin keçmiş rəisi Elşən Məmmədovdur. Bu şəxs “Bizim Yol” qəzetinin əməkdaşı, vicdan məhbusu Pərviz Həşimlinin həbsini təşkil edən əsas fiqurlardan biri olub. Pərviz Həşimlinin üzünə duran Təvəkkül Qurbanov Elşən Məmmədovun adamı olub. Təvəkkül Qurbanovun həyat yoldaşı Elşən Məmmədova məxsus restoranda işləyir. Onların tanışlığı da buradan qaynaqlanır. Təvəkkül Qurbanovu Pərviz Həşimliyə qarşı əməliyyatda iştiraka sövq edən məhz Elşən Məmmədovdur. Əməliyyata rəhbərliyi isə MTN-nin Antiterror Mərkəzinin keçmiş rəis müavini, hazırda həbsdə olan İlqar Əliyev həyata keçirib. Təbii ki, bütün bunlardan milli təhlükəsizlik naziri Eldar Mahmudovun da xəbəri olub.
Pərviz Həşimli baş verənlərə məhkəmə proseslərində ətraflı aydınlıq gətirib. O, Elşən Məmmədovu da, İlqar Əliyev də ifşa edib. Bundan sonra Elşən Məmmədov MTN-dən çıxarılıb.
Məlumatlarda bildirilir ki, Elşən Məmmədov Gəncəbasar zonasında xeyli sahibkardan şantaj yolu ilə külli miqdarda pul alıb. Onun hətta Daşkəsəndə qızıl hasilatı ilə məşğul olan əcnəbi şirkətin təmsilçisi, türk iş adamını da şantaj etdiyi və ondan külli miqdarda pul aldığı bildirilir. Elşən Məmmədov Gəncədəki restoranları və dəbdəbəli villaları bu pullarla inşa etdirib. /Azadlıq.info/