İranda sistemdaxili münaqişə nüvə müzakirələri ilə daha da dərinləşib, “islahatçılar” qarşılarında əsas maneə olan ali dini lideri hədəfə alıb, İslam inqilabı ideyalarının taleyi dini liderdən asılıdır

  İran ali dini lideri Ayətullah seyid Əli Xameneyi ölkəsinin ABŞ-la müzakirələrinə qadağa qoyub. Beynəlxalq mətbuatda yer alan məlumatlarda qeyd olunur ki, ali dini lider hərbçilər qarşısında (adətən mühüm məsələlərlə bağlı bəyanatları hərbçilərlə görüşündə səsləndirir – K.R.) çıxışı zamanı deyib ki, Vaşinqtonla müzakirələrə qadağa qoyur. Onun sözlərinə görə, İran və ABŞ arasında danışıqlar Vaşinqtona İranın daxili siyasətinə təsir göstərmək imkanı yaradır.

Sitat: “ABŞ görüşmələr zamanı İrana təsir edir və İranda bunu başa düşməyən saf insanlar çoxdur. Düşmənlər gənclərə təsir edərək siyasi və dini inanclarını zəiflədirlər. Buna görə də biz mədəni və dini mübarizə aparmalıyıq”.

Hazırda İranla ABŞ arasında danışıqlar əsasən nüvə enerjisi istehsalının dayandırması və bunun qarşılığında İrana qarşı sanksiyaların yumşalması müstəvisində aparıldığı üçün aydın məsələdir ki, qadağa həm də nüvə danışıqları mövzusunu da əhatə edir. Baxmayaraq ki, bu istiqamətdə iki ölkə arasında prinsipial razılaşma əldə olunub.

Ayətullah Xameneyinin gözlənilmədən – baxmayaraq ki, daha əvvəl də müzakirələrə isti baxmadığını etiraf edib – qəti şəkildə veto qoyması hər kəsdən sual yaradır. Birdən birə nə baş verdi ki, İranın ali dini lideri kəskin dönüş etdi? Bu məsələdə hansı amillərin rolu oldu? Təbii ki, ilk ağıla gələn Rusiya amili oldu. Bir çox ekspertlər də daha əvvəldən deyirdilər ki, bu anlaşma Rusiyanın maraqlarına zidd olduğu üçün İran seçim etməli olacaq və təbii ki, İslam Respublikasının Rusiyadan imtinası elə də asan görünmürdü. Hətta bəzi ekspertlər ali dini liderin bəyanatından sonra Rusiyanın Suriyadakı əməliyyatları, İranla birgə Suriyada və bütövlükdə Yaxın Şərqdə yeni bir strategiya başlatdığı haqda fikirlər ortaya çıxdı. İranın məşhur generalı, SEPAH-ın xaricdə əməliyyatlara cavabdeh “Qüds” briqadasının komandiri general Qasim Süleymaninin Moskvaya tez-tez səfər etməsi, Putinlə görüşü və nəhayət, Rusiyanın Suriyada əməliyyatları Süleymaninin koordinasiya etməsi iddiaları gündəmə gəldi.

Ancaq ali dini liderin sərt qərarının arxasında Rusiyanın dayandığı, daha dəqiqi bu qərara Rusiyanın səbəb olacağı o qədər də güclü ehtimala bənzəmir. Çünki ötən müddətdə Rusiya İranla müttəfiq ölkə olaraq qalıb. İranın nüvə anlaşması prosesində Rusiya da tərəf kimi iştirak edib və istəsəydi, Lozannada bu prosesi ən azı uzada bilərdi. Deməli, Rusiya amili ən azı zəifidir. Bəs o zaman nə?

İran siyasi şərhçilərinin fikrincə, bu məsələnin arxa planı ölkə daxilində siyasi qarşıdurmalarla bağlıdır. Daha dəqiqi daha əvvəl mövcud olan “islahatçı”-“mühafizəkar” qarşıdurmasının getdikcə dərinləşməsi ilə bağlıdır. Yeri gəlmişkən, Seyid Əli Xameneyi məlum bəyanatında İranda “Amerikaya inanan saf insanlar”dan bəhs edir. Əslində isə rəhbərin ibarəsi ilə deyildiyi kimi saf insanlar Amerika ilə əməkdaşlığa isti baxan, İranın mövcud siyasi düzənini dəyişməyi hədəfləyən formal olaraq “islahatçı” adlanan cərəyandan və onun aparıcı simalarından gedir.

Yerli ekspertlərə görə, indi İranda xüsusən də nüvə anlaşmasından sonra siyasi sahədə pərdə arxasında ağır qarşıdurma mövcuddur. Ayətullah Xameneyinin bu çıxışı qarşıdurmaların büruzə verən detallarıdır. Məsələ burasındadır ki, İranda uzun illərdir mövcud olan iki qrup arasında qarşıdurma nüvə anlaşmasından sonra yenidən dərinləşib. Əsas mövzu isə dini liderin də dediyi kimi, Amerika təsiri, yaxud da İranın siyasi kursu ilə bağlıdır. Mühafizəkar cameə hesab edir ki, Ruhani və onun komandası, xüsusən də ABŞ-da təhsil almış xarici işlər naziri Amerikanın təsirinə qapılıb. Ruhani və Zərif komandası daha əvvəl Xatəminin etdiyi kimi İranın Qərblə yaxınlaşması, münasibətləri istiləşdirməyə çalışır. Təbii ki, bu zaman İran Yaxın Şərqdə və bütövlükdə regionda Amerikanın maraqlarını nəzərə almalı olacaq. Bu isə İslam Respublikasının ənənəvi siyasi-ideoloji kursuna ziddir. Buna qarşı dayanan əsas güc isə hazırda yalnız ali dini lider Ayətullah Xameneyidir. 2013-cü il seçkilərində prezident seçilən “islahatçı” Həsən Ruhani hökuməti öz komandası ilə formalaşdırıb. Bu səbəbdən də hazırda dövlət aparatında əsas güc islahatçı cameəyə aiddir. Mühafizəkar cameə isə qismən parlamentdə və əsasən də ordu və güc orqanlarında ənənəvi olaraq təsirini saxlayır.

Bu qanad isə təbii ki, İranın sürətlə Amerika ilə yaxınlaşmasını həzm edə bilmir. Ancaq hökumətə faktiki təsir imkanları da yoxdur. Gələn ilin yazında İranda parlament seçkiləri keçiriləcək və əgər bu dalğada islahatçılar parlamentdə üstünlük əldə edə bilsələr (hazırkı Qərblə anlaşma dalğasında bu elə də çətin görünmür – K.R.) o zaman İranda islahatçı cərəyan dövləti tamamilə nəzarətə götürəcək.

Və təbii ki, ortada qalan yeganə maneə və ya güc ali dini liderdir. Mühafizəkar dairələr, o cümlədən İslam İnqilabının əsas dayağı hesab olunan “Bəsic” (İslam könüllüləri) qrupları rəhbərə həddən çox bağlı olduğu üçün indi islahatçı hökumət üçün ali dini lider əsas maneədir. Belə bir durumda islahatçıların dini liderə qarşı faktiki olaraq heç bir təsir imkanları yoxdur. Onların yalnız iki halda şansları var: birincisi, ali dini liderin ölümünü gözləmək. Hansı ki, bunu ötən ay çıxışılarından birində də Ayətullah Xameneyi deyib ki, müəyyən qüvvələr onun ölümünü gözləyirlər. İkinci variant isə inqilab rəhbərinin postunu zəiflədəcək nəzarət mexanizmlərini ələ keçirməkdir. Bu isə aşağı qatda parlamentin, yuxarıda isə “Xubreqan” (Mütəxəssislər) Məclisinin ələ keçirilməsidir. Çünki rəhbərin səlahiyyətlərini və seçkisini bilavasitə bu qurum müəyyən edir. Hansı ki, hazırda bu qurumun başında islahatçıların ideoloqu və lideri Ayətullah Haşimi Rəfsəncani dayanır. Əgər “islahat” cəbhəsi qarşıdan gələn seçkilərdə parlament və “Xubreqan”da çoxluğu ələ alsalar ali dini lideri neytrallaşdıra bilərlər. Söhbət ali dini liderin təsirinin azaldılması (ilkin mərhələdə - K.R.) və dini lider statusunun birdəfəlik ləğv olunmasından gedir.

Bu səbəbdən də son zamanlar İranda bir ali dini lider deyil, liderlər şurasının yaradılması ideyası tez-tez gündəmə gətirilir. Yəni ən pis halda, islahatçılar İranın növbəti ali dini lideri funksiyasının ali ruhanilərdən ibarət Şurada və ya belə desək Üləmalar və ya Rəhbərlik Şurasında olmasını təklif edirlər.

Hazırkı İran prezidenti Həsən Ruhani bu prosesdə görünən və formal şəxs hesab olunur. Əsas güc isə keçmiş inqilabçı və eks-prezident Haşimi Rəfsəncaninin olduğu güman olunur.
İranın biznes və enerji sahəsinin zənginləri bu məsələdə Rəfsəncanini dəstəkləyir. Məhz bu səbəbdən İranda seçkilərə yaxınlaşdıqca ölkə daxilində siyasi münasibətlər getdikcə gərginləşir. Baxmayaraq ki, hələlik hər kəs bir-birinin üzünə gülümsəyir və ənənəvi İran nəzakətini əsirgəmir.

Ancaq bu nəzakətli gülümsəmə görüntü üçündür, alt qatda isə dərin qaynama var. Gələnilki parlament seçkiləri və 2017-ci il prezident seçkiləri İran üçün ağır sınaq olacaq. Bu prosesi dini lider də izləyir və Qərb təsirini azaltmaq adı ilə qarşı cəbhənin planlarını pozmağa çalışır. Məsələ burasındadır ki, hazırda mühafizəkar camiənin parlaq siması azdır, əsas istinad nöqtəsi isə ali dini liderdir. Ancaq islahatçılar da rəhbərin xəstə və qoca olduğunu bildikləri üçün cəsarətlənirlər. Yəni nə də olsa, bu adam artıq qocalır. İslahatçılar yeni rəhbərin üzərində dayanıblar. Növbəti ali dini liderin kimliyi, islahatçı camiədən olması çox mühüm əhəmiyyət daşıyır. İslahatçıların növbəti ali dini lider postuna namizədi İran İslam inqilabının banisi İmam Xomeyninin nəvəsi, islahatçılara yaxın Həsən Xomeynidir. O da məlumdur ki, Həsən Xomeyni bu plana razıdır. İslahatçıların ABŞ-la yaxınlaşması bu mərhələdə üstünlük kartı hesab olunur. Çünki Vaşinqton bu qrupu dəstəkləyir və sərt, inqilabçı xəttin Qərblə əməkdaşlığa hazır və bunun üçün İranın ənənəvi (bu günə qədər mövcud olan) siyasi kursundan imtinaya hazırdır. Bu baxımdan Ruhani və onun komandası Vaşinqtonla yaxınlaşmanı davam etdirməkdə israrlıdır. Bu bir növ islahatçılar üçün əlavə xaldır. Üstəlik indiki rəhbər də qocadır və qarşıdakı 10 ildə İranda yeni dini-siyasi hakimiyyət formalaşa bilər. Yəni artıq yeni İranla qarşılaşa bilərik.

Bütün bunları təbii ki, mühafizəkar camiə də görür. Hələlik mühafizəkarların faktiki olaraq islahatçı hökumətinə müqavimət imkanları zəifdir. Hər iki tərəf seçkilərə hazırlaşır. Bəzi məlumatlara görə, İranda mühafizəkarlar keçmiş prezident Mahmud Əhmədinejadı yenidən irəli verməyə hazırlaşırlar. Ancaq indiki situasiyada Əhmədinejadın nə qədər uğurlu olacağı hələ şübhəli olduğu üçün qəti fikir yoxdur.

Ali dini lider isə islahat camiəsini müəyyən mənada nəzarətdə saxlamaq, siyasi gərginliyi azaltmaq üçün islahatçılara bu şəkildə sərt mesajlar verir. Ancaq o da aydındır ki, bu proses getdikcə daha da qızışacaq, gərginlik yüksələcək.

Musavat.com

 

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 Türkiyə AB-yə boğazları bağlamaqla cavab verə bilər

07 Sent 2020 Əsgərə məktub – Rəhim bəy Qazi Tofiq Yaqublu oğluna

03 Sent 2020 Ermənistan yenə də riyakarlıqla məşğuldur – XİN

02 Sent 2020 Talış kəndindəki erməni evləri və dəyirman yandırıldı…

01 Avq 2020 Nazir polkovniklərin yerlərini dəyişdi – ƏMR

01 Avq 2020 “Tri koronı”nın yaxınlığındakı göllə bağlı daha bir AÇIQLAMA

04 Apr 2020 “Eheeey karonavirus”, – deyə bilən dövlət başçısı axtarıram

04 Apr 2020 “Koronavirusla mübarizə aparanlar vəfat etsə, onlar şəhiddirlər”

01 Mart 2020 Samuxda Qarabağ qazisinin acınacaqlı durumu – Alı Qocayevin başı sərvət toplamağa qarışıb

23 May 2018 ABŞ İraq şiələrinin liderini ələ aldı – Gizli təmas

23 May 2018 İran Qərbi parçaladı: Berlin Vaşinqtona qarşı...

19 Fev 2018 Ağsuda bir ailə intihar edəcək

06 Fev 2018 Pentaqon iki variantdan birini SEÇDİ – ABŞ-Türkiyə MÜHARİBƏSİ YAXINLAŞIR

05 Fev 2018 Əhalinin diqqətinə: Azərbaycanda hansı virusun yayıldığı məlum oldu

05 Fev 2018 YAP-ın qurultayının vaxtı məlum oldu –Prezidentliyə namizəd elan ediləcək

05 Fev 2018 MSK yeni iclas təyin etdi –Növbədənkənar prezident seçkiləri ilə bağlı qərar verəcək

05 Fev 2018 ADP İdarə Heyəti toplandı –Növbədənkənar seçki ilə bağlı hakimiyyətə çağırış edildi

18 Okt 2017 Ermənilər mövqelərimizi atəşə tutdu

18 Okt 2017 Sərkisyan Cenevrə görüşünə məcburi şəkildə aparılıb?

27 Okt 2016 Rusiya Rakkaya ABŞ-dan əvvəl girmək istəyir

27 Okt 2016 Prokurordan hökmlü, yoxsa prokurordan zəif hakim?

18 Okt 2016 Müstəqilliyimizin əleyhinə səs verənlər bunlardır -SİYAHI

17 Okt 2016 Son 100 ilin ən soyuq qışı gəlir

17 Okt 2016 18 oktyabr aktından seçmələr

15 Okt 2016 Dabık əməliyyatı başladı – Türkiyənin dəstəklədiyi müxaliflər hücuma keçdi

15 Okt 2016 Bayden: “Rusiyanın cavabı veriləcək”

12 Okt 2016 “Bu ilki pambıq kampaniyası bir neçə yüz milyon ziyana səbəb olacaq”

10 Okt 2016 ABŞ nəhayət etiraf etdi: "Türkiyəni orada istəmirik"

10 Okt 2016 Erməni yazar: “Mənim əvəzimdən Xocalı qurbanlarının abidəsinə gül dəstəsi qoyun”

10 Okt 2016 Mirmahmud Mirəlioğlu: “Hakimiyyət Qarabağ referendumuna hazırlaşır”

Xəbər lenti