|
Suriyanın şimalında özünü İslam Dövləti adlandıran qruplaşmanın yaraqlıları qədim şəhər Palmirada daha bir abidəni partladıb, rəsmi şəxslər və yerli mənbələr bildirib.
Zəfər tağı şəhəri nəzarətdə saxlayan yaraqlılar tərəfindən “toz halına” salınıb, Palmira fəalı AFP informasiya agentliyinə məlumat verib.
Abidənin təxminən 2 min il əvvəl tikildiyi hesab edilir. İŞİD yaraqlıları Unesco tərəfindən qədim dünyanın ən mühüm mədəni mərkəzlərindən biri kimi təsvir olunan şəhərdə artıq iki qədim məbədi məhv edib.
Londonda yerləşən və münaqişəni monitorinq edən İnsan Hüquqları üçün Suriya Rəsədxanası bildirib ki, ərazidəki mənbələr dağıntıları təsdiqləyib.
Unesconun baş direktoru İrina Bokova dağıntıları “müharibə cinayəti” adlandırıb.
İŞİD yaraqlıları Palmiranı bu ilin mayında ələ keçiriblər.
Qrup hesab edir ki, “başqa tanrının varlığını nəzərdə tutan” istənilən ziyarətgahlar, heykəllər küfr və bütpərəstlikdir və onlar məhv edilməlidir.
Avqust ayında, İŞİD qədim şəhərin ən tanınan tikililərindən biri, təxminən 2 min il yaşı olan Baalshamin Məbədini məhv edib.