|
Nə deyəsən?! Belə qalmaz!
Əziz oxucu-yurddaş, mən bir olayın qısaca tarixini yazıram; bir söz demirəm, nə deyirsən sən de! İstəyim yalnız budur ki, sən aldanmayasan. Şəhriyar demişkən, «hər içiboş sözlərə aldanmasın» oxucum.
Azərbaycan» qəzetinin 6 dekabr 1996-cı il tarixində çıxan 234-cü sayında Azərbaycan Respublikasının əməkdar hüquqşünası, prokurorluq orqanlarının fəxri işçisi, əmək veteranı, fərdi təqaüdçü, III dərəcəli dövlət ədliyyə müşaviri Yəmən Yusifovun «Yalan heç kimə başucalığı gətirmir» adlı məqaləsi çap edilmişdi. Müəllif öz titullarına uzun müddət DTK (Dövlət Təhlükəsizlik Komitəsi) - KQB-nin Baş prokuroru olduğunu yazmağı «unudub» və məqalə başdan-ayağa yalanlar üstündə yazılıb.
Hörmətli Yəmən Yusifov, yalan nəinki heç kimə başucalığı gətirmir, yalançı həm də Ulu Yaradanın və Yaradılanın (Haqqın və Xalqın) düşmənidir.
Əziz oxucu-yurddaş, mən o məqalədəki uydurma və yalanlara cavab vermək, aydınlıq gətirmək fikrində deyiləm, buna vaxtım da yoxdur. Məqalənin lap sonundakı bir parçanı aydınlaşdırsam, qalanları da sənin üçün aydın olacaq.
Hörmətli prokuror Yəmən bəy mənə yazır:
«Azərbaycanın birləşdirilməsi üzərində düşüncələr» yazınızda oğlunuza xitabən yazırsınız: «Bu gün sənin yaş yarımın tamam olur. Mən öz vəsiyyətimi qurtarıram. Yadigar olaraq sənə öz fotoşəklimi qoyuram. Mənim vəsiyyətimi yadda saxla:
- Yaxşı türk ol. Kommunizm bizim düşmənimizdir. Bunu sən bil.
- Yəhudi bütün xalqların gizli düşmənidir.
- Ruslar, çinlilər, iranlılar, yunanlar bizim köhnə düşmənlərimizdir.
- Bolqarlar, almanlar, italyanlar bizim yeni düşmənlərimizdir.
- Yaponlar, əfqanlar, amerikanlar gələcək düşmənlərimizdir.
- Ermənilər, kürdlər, ləzgilər, çərkəzlər, çeçenlər, qaraçılar daxili düşmənlərimizdir.
Görürsən bizim nə qədər düşmənlərimiz var? Vuruşmaq üçün yaxşı hazırlaş, sənə Allah kömək edər».
İndi mən Sizdən soruşuram: Oğul atanın bu vəsiyyətinə əməl etsə xoşbəxt ola bilərmi? Atanın oğluna bu cür vəsiyyət etməyə haqqı varmı?»
Hörmətli Yəmən bəy, inanın, Tanrı haqqı, mənim Sizə rəğbətim acığımdan bir az artıqdır. Acığım isə Sizə və Sizin kimilərə acımağımdan doğur, çünki bizim hamımız imperiyanın qulları idik. Sizlər (Marksın dediyi kimi, «qulların aristokrat təbəqəsi») qul olduğunuzu (bağışlayın) dərk etmirdiniz və özünüzü böyük bir xalqın ağaları sanır, bununla da bir daha özünüzü xoşbəxt sayırdınız. «Azərbaycan tarixi» müəllimim rəhmətlik Şəmil Məmmədbəylinin ikili mənada tez-tez dediyi kimi: «Xoşbəxtlər!».
Bizlər isə (az bir sayda) qul olduğumuzu anlamışdıq və azadlıq istəyirdik. Sizlər zərurəti dərk etməmişdiniz, biz zərurəti dərk etmişdik. «Azadlıq zərurətin dərk edilməsidir!» (Hegel). İnanın, o zaman da - sizlər və Sizin KQB əməkdaşlarınız mənə hədə-qorxu gələndə (bu hədələrin bir-ikisini göstərəcəyəm) mən hamınızın üzünə baxıb susurdum və ürəyimdə düşünürdüm ki, doğrudan da, bunlar başa düşmürlər ya da başa düşmək istəmirlər ki, biz hamımız quluq. Bəli, sözün əsl mənasında: Qul! Kölə! Daha doğrusu, quldan da aşağı.
Niyə mən tələbələrimi başa salırdım ki, biz quldan aşağıyıq? Çünki qul pula satılırdı, bizi qara qəpiyə alan yox idi. Quldar qulun sağlamlığında və yaşamasında maraqlı idi. Qul ölsəydi, quldarın pulu batardı. Qul sağlam olmalı idi ki, quldar onu işlədib həm onun müqabilində verdiyi pulu çıxarsın, həm də qazanc götürsün. Elə bu baxımdan idi ki, Avropaya və Amerikaya aparılan qulların gələcək nəsli onların Afrikada qalan soydaşlarından qat-qat sağlam və gümrah oldu.
Belə çıxmasın ki, mən Avropa və Amerika quldarlarına haqq qazandırıram. Əsla yox! Ancaq Rusiya və rus-sovet imperiyasında təkcə qulun deyil, ümumiyyətlə, insanın qiyməti yox idi. Əgər Stalin dövlətin başında duran Ali Sovetin sədri Kalininin arvadını və xarici işlər naziri Molotovun arvadını həbs etdirib, onlara dustaqların bitli paltarlarını oda tutdurub təmizlətdirirdisə və bu «inqilab cəngavərləri» («xoşbəxtlər!») səslərini, daha doğrusu, cınqırlarını belə çıxara bilmirdilərsə hər şey gün kimi aydın idi. Əgər əsgərlikdə ölən əsgər-qulun (bəli, qulun, kölənin!) ailəsinə 74 qəpik göndərirdilərsə (hələ də mən bunu başa düşmürəm) və sink qapaqlı tabuta qoyulmuş əsgərin ailəsinə onun tabutunu açmağa icazə verilmirdisə, bəli, biz quldan aşağı idik, qul bizdən qiymətli, hörmətli idi.
Daha nələr, nələr, nələr… Dərimizi soydular, qanımızı sordular, halsız cəsədlərimizi təpiklər altına atdılar. Ulu Tanrı, görəsən bu, «Sovet xalqına» yenə də dərs olmayıb?!
İnanın, mən özümü sizlərdən, sizləri özümdən ayırmırdım. Biz hamımız eyni qul taleyinin müxtəlif cür daşıyıcıları idik. Bu gün İranda olduğu tək!
İndi qulaq asın, keçmiş qul həmkarım (Siz bunu qəbul etməsəniz də, ancaq belə olmuşdur, buna «oldu-bitdi» deyirlər), qayıdaq Sizin məqalənizin sonundan gətirdiyim iqtibasın üstünə.
Hörmətli Yəmən bəy, bu parçada Siz iki məsələni qarışdırırsınız, çünki:
1. Mənim «Azərbaycanın birləşdirilməsi üzərində düşüncələr» yazım başqa mövzudur, məktub-vəsiyyət başqa. İstintaq materiallarına da bunlar ayrı-ayrı sənədlər kimi daxil olubdur.
2. «Azərbaycanın birləşdirilməsi üzərində düşüncələr» mənim öz yaradıcılığımın məhsuludur, məktub - başqa adamın.
3. Mənim bütün yazılarım (istintaq materiallarına daxil olanlar) öz xəttimlə yazılıb - məktub başqa xətlə (o zaman Sizin ekspertlər də bunu yazılı təsdiqlədi).
4. Məktub yazılan zaman (həmin tarixi göstərəcəyəm) yaşı il yarım olan Yağmur adlı oğlan uşağına ünvanlanıb. Mənsə, hamınız bildiyiniz kimi, ittiham olunanda evli deyildim. Olmayan bir oğula hansı axmaq vəsiyyət yazar? Axı mən bunları sizlərə deyirdim. Siz isə baxmırdınız, çünki KQB-yə nə olursa-olsun məni xalqın içində hörmətdən salmaq tapşırılmışdı. Tapşırılmışdı ki, nə olursa-olsun Əbülfəz, onunla həmfikir olan dostları, yoldaşları və tələbələri anti-sovetçilikdə, millətçilikdə və türkçülükdə təqsirləndirilib həbs edilməli və Azərbaycan respublikasında ideoloji təxribatın olduğu «sübut» edilməlidir. Məqsəd:
1. bir sıra gənc müəllim, elmi işçi, ziyalı və tələbə həbs edilməli və antisovet millətçilər susdurulmalı;
2. milli ruhlu başqa aydınlara qarşı bu işdən profilaktik tədbir kimi istifadə edilməli;
3. «respublikada geniş ideoloji təxribat var, millətçilik, antisovet əhval-ruhiyyə yayılıb, ideoloji iş getmir, hakimiyyətin yuxarı pilləsində dayanan məsul şəxslər təqsirkardır» [ittihamı təsdiqlənməlidir]. Hədəfə alınmış müəssisələr: Azərbaycan Dövlət Universiteti, Akademiyanın Şərqşünaslıq, Tarix və Ədəbiyyat institutları, antisovet və millətçi fikirlərin yarandığı və geniş yayıldığı yerlər. İstintaqın gedişində tez-tez səslənirdi: “Sən yüzlərlə tələbəni başdan çıxarmısan, universitet, çayxana, yeməkxana, küçə deməmisən, Sovet quruluşunun və rus xalqının əleyhinə danışırsan, sənin respublikada törətdiyin ideoloji təxribatı Amerika milyonlar töksəydi, yarada bilməzdi. Sənin işinlə onlarca adam (inzibati orqan və DTK əməkdaşları) məşğul olur. Sən bizim başımızı qatırsan ki, Sovet hökumətinin düşmənləri sərhədlərimizdən içəri girsin!”
Bir neçə sual da maraqlı idi, xoşuma gəlmişdi; sevindim, ancaq sevincimi o an gizlətdim:
- Sən ki deyirsən bu, imperiyadır, onda bu imperiyanın bileti olan Kommunist Partiyasının biletini niyə cibində daşıyırsan? Sən elə bilirsən, biz Azərbaycanın birləşməsini istəmirik? Biz də istəyirik. Vaxtı gələndə bunu dövlət edəcək, sən kimsən atılmısan meydana, kim? Evin yox, ailən yox, böyük vəzifən yox, pulun yox. Universitetin professorlarını çağırmışdıq bura, səni birnəfəsə satdılar, əllərində avtomat qələm durmurdu, yerə düşürdü, əlləri tir-tir titrəyirdi. Onlar əllərinə avtomat silah alıb Azərbaycanı birləşdirəcəklər? Ay hay!
- Özünü bədbəxt elədiyin bəs deyil, bilirsən ki, ananı, qardaşlarını, qohumlarını da bədbəxt günə qoyursan! Səninlə bir olan dostların, yoldaşların, sənə uyan tələbələrin səninlə birlikdə türmədə çürüyəcəklər, bunu bil!
- Sən respublikanı bütün SSRİ-də biabır eləmisən, onun rəhbərliyinin başını aşağı dikmisən, onlar bilmirlər Moskvaya nə cavab versinlər. Bakı, Azərbaycan SSRİ-də beynəlmiləlçiliyin birinci nümunəsi idi. Sən bunların hamısını qatıb-qarışdırdın.
Daha nələr, nələr… Bu sözlərin hamısını podpolkovnik Səlimzadə deyirdi. İstintaqı o aparmırdı, istintaqın rəhbərlərindən idi. Yeri gəlmişkən, bu istintaqla bağlı bütün məsul şəxslərə minnətdaram ki, onlar mənə heç bir fiziki işgəncə vermirdilər. Özləri çay içib siqaret çəkəndə mənə də təklif edirdilər. Mən də imtina etmirdim. Sağ olsunlar!
Bəli, respublikada geniş miqyasda qarışıqlıq hazırlanırdı. Bu işin müəllifləri DTK-nın sədri Krasilnikov, respublika prokuroru Qambay Məmmədov və onların bir sürü yardımçıları, Mərkəzdə Siyasi Büronun üzvü Romanov və Sovet DTK-sının mərkəzində özlərinə möhkəm yer qazanmış ermənilər idi.
Necə deyərlər, Azərbaycan DTK-sı startı bərk götürmüşdü. Tez-tez mənə üç gün vaxt verib deyirdilər: “Get, otağında (bəli, onlar elə deyirdi, mən də istehza ilə deyirdim ki, «axırda DTK mənə Bakıda bir otaq verdi, kirayələrdə yaşamaqdan bezmişdim», onlar da gülürdülər) otur, düşün. Cinayətlərini və səhvlərini özün boynuna al, yaz, gətir”. Mən də hələ DTK-nın nəyi bilib-nəyi bilmədiyini öyrənmək üçün onların suallarını gözləyirdim, üç gündən bir, bir şey toxuyub onlara verirdim. Oxuyub cırırdılar və deyirdilər ki, “bizə nağıl yazma, cinayətlərindən yaz”.
Mən Sovet ordusu Çexoslovakiyaya girəndə çex vətənpərvərlərinin bir müraciətini oxumuşdum. Orada deyilirdi ki, “istintaq orqanlarına siz özünüz ifadə verməyin, qoyun onlar sual versinlər, onda onların nəyi bilib, nəyi bilmədiyi aydın olar. Siz çalışın susun, qoyun onlar özləri axtarsınlar!” Mən də ya susur, ya da bir az nağıla oxşar yazırdım. Sonda dedim ki, “axı siz nəyi cinayət sayırsınız, mən nə eləmişəm ki?” Onlar başladılar mənə deməyə ki, bax, bunlardan, bunlardan yaz. Özlərində, mizlərinin siyirməsində nə isə yazılı kağızlar var idi, oradan oxuyub deyirdilər.
Bir aydan çox bir-birimizi belə didişdirdik. Mən onların məlumat dairəsini öyrəndim və başladım həmin dairənin içində fırlanmağa və fırlatmağa.
Nə isə, bu məsələlər çox uzun bir tarixdir, mən də xatirələr yazmağa nə hazırlaşıram, nə də həvəsim var. Ancaq vaxtı ötdüyündən, indi üç məsələni olduğu kimi göstərmək olar. Oxucu-yurddaş soruşa bilər ki, bu səbrə nə ehtiyac var imiş?
Əziz oxucu-yurddaş, dünyada, ayrıca olaraq da sovet cəmiyyətində elə adamlar yetişib ki, onlar nə qədər az və yanlış bilsələr, bir o qədər yaxşıdır - o zaman onlar az zərər verərlər, tez ifşa olunarlar. Bax, Yəmən Yusifovun yazısından əlli gün keçəndən sonra deputat Asya xanım Manafova «Naxçıvan» qəzetində (25 yanvar 1997-ci il) «Deputatın tribunası» bölməsində deyir: «Sizin diqqətinizi bir fakta (fakta ha - Ə.E.) cəlb etmək istərdim. Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəy oğluna vəsiyyətində türk xalqı istisna olmaqla qalan bütün xalqların bizə (?) düşmən olduğunu qeyd edir: - Yaxşı türk ol! Kommunizm bizim düşmənimizdir. Bunu sən bil…».
Yenə də həmin məktubun bütöv mətni… Ləzgi xalqının bu iki görkəmli nümayəndəsini (Yəmən müəllimlə Asya xanımı) başa düşmək olar, çünki məktubun müəllifi ləzgi xalqını da türkün «daxili düşmənləri» sırasına yazmışdır.
Ancaq bunun mənə heç bir aidiyyəti yoxdur. Əziz oxucu-yurddaş, məsələ belə olmuşdur. 1975-ci ilin yanvar ayının 13-14-də mən Tiflisə - arxadaşım Vasim Məmmədəliyevin doktorluq dissertasiyasının müdafiəsinə getmişdim (DTK-nın dörd agentinin məni necə izləməsi başqa məsələdir). 15-i səhər tezdən Tiflis-Bakı qatarından düşüb Bakıda qaldığım mənzilə gəldim. Dayıoğlu Seyfəddin dedi ki, KQB-dən dünən gəlib otağı axtardılar, yazılarından, sənəd-sünəd götürüb qonşuları çağırdılar, akt yazıb getdilər.
Ehtiyatım bir az artdı. Düşündüm ki, otağa dinləmə cihazı ya qoya, ya da tuşlaya bilərlər. Otağın eyvanından qarşıda, küçədə avtomobil dayanmışdı. Mən onların güdükçü olduğunu çoxdan sezmişdim. Hətta bir dəfə onlara yaxınlaşıb «məni Universitetə apararsınız?» demişdim. Bir dəfə isə (məni KQB-yə çağıranda) yenə də maşına yaxınlaşdım və dedim: «Məni dəniz qırağına (Dəniz sahilinə yaxın Neftçilər prospektində yerləşdiyinə görə DTK-ya el arasında «Dəniz qırağı» deyilirdi - red.) apararsınız?» Bu dəfə tək idi. Dedi: «Əyləşin». Oturub DTK-ya getdim. Üç manat verdim. Dedi: «Qonaq ol». Mən üç manatı oturacağa qoyub getdim. Hər ikimiz gülümsədik. Hər ikimizin işi düzəlmişdi…
Onu da deyim ki, adamlar da, arabalar da tez-tez dəyişdirilirdi. Çox qəribədir, insan uzun müddət izləndikdə bu yöndə duyğusu da çox inkişaf edir, izləyənlə izlənən arasında bir qiyabi əlaqə yaranır. Bunlar bir-birini itirəndə hər ikisi rahatsız olur. Nə isə, tələbəlikdən izləndiyimə görə, bir növ, alışmışdım, izlənməyəndə özümdən asılı olmayaraq narahat olurdum. Bu xətt mənim həyatımın ağrılı-acılı, acılı-sevincli romantikasıdır…
Qələmi götürüb bir kağıza yazdım: «Yorğan-döşəyin, yükün altındakı çamadana baxdılar?» Seyfəddin yazdı ki, «yox». Bilirdim ki, tutulacağam, amma burada bərk sevindim. Bu anda qardaşım Almurad gəldi. Dedi ki, “kənddə (Kələkidə) evimizi axtardılar, sorğu-sual etdilər, heç bir şey tapmadılar. Kənddə məktəbin müəllimlərindən izahatlar alıblar, bilmirəm onlar nə yazıb. Kəndə gələn pis adam deyildi, mədəni davranırdı, xoş danışırdı”.
Mən yenə kağıza yazıb Seyfəddinə tutdum: «Almuradı da götür, eyvana çıxın, elə-belə söhbət edin, göz altdan bax gör, binanın yaxınlığında fırlanın yoxdur ki?» Onlar eyvana çıxdılar. Mən tez-tələsik yorğan-döşək yükünün altından sınıq, iplə sarılmış köhnə, nimdaş çamadan-qutunu çıxartdım. Hamamda - vanna otağında böyük bir divar sobası vardı, qazla işləyirdi. Bütün gizli saydığım ədəbiyyatı və öz əlyazmalarımı yandırdım, külünü süpürüb bir vedrəyə yığdım, Seyfəddini çağırıb yenə kağıza yazdım: «Bunu aparıb həyətdəki zibil qablarına tök, bax gör, həyətdə qonşulardan başqa yad adamlar yoxdur ki?» Seyfəddin gəldi, dedi ki, həyətdə heç kim yoxdur. Yenə Seyfəddinə yazdım: «İndilərdə zəng edəcəklər. De ki, gəldi. Deyir ki, özüm ora gələcəyəm».
Hamama girib yuyundum, üzümü qırxdım, paltarımı ütülədim, geyindim, qalstukumu bağlayanda (yekə çıxmasın) Azərbaycan Demokratik Respublikasının baş prokuroru rəhmətlik Firudun İbrahimi yadıma düşdü. Edamqabağı səliqə-sahmanla geyinibmiş; qalstukunu bağlayarkən ona demişlər ki, bunu niyə bağlayırsan, onsuz da bir azdan səni asacaqlar? O demişdi ki, hər halda, düşmən bizi sınıq görməməlidir.
Mənə nə olmuşdu ki?! Ölümə getmirdim, çox olsa beş, yeddi, lap yuxarısı on il həbs edəcəkdilər, çünki Moskva, Ukrayna və Gürcüstan dissidentləri ya üç, ya beş, ya yeddi, ya da on il həbs cəzası almışdılar, mənim də bunlardan və onların işindən məlumatım yetərincəydi. Onlardan biri ilə bir neçə dəfə görüşmüşdüm - Leninqradda aspirant ezamiyyətində (stajirovka) olanda. O, Leninqrad universitetində assistent işləyirdi. Milliyyəti yəhudi, qondarma adı Seryoja idi. Mən Leninqraddan Bakıya qayıdandan 6-7 ay sonra eşitdim ki, onların qrupu həbs edilib, Seryojaya yeddi il həbs kəsiblər, o birilərinə isə 3-5 il. Onların məhkəməsi haqqında mənə Azərbaycanın tanınmış, görkəmli alim-hüquqşünası, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, çox hörmət bəslədiyim Cahangir bəy Kərimov Bakıya gələndə danışmışdı. Mən onlarla tanışlığımı Cahangir bəydən gizlətmişdim (Tez-tez haşiyə çıxdığıma görə vicdanlı və hövsələsiz oxucular məni bağışlasın. Ancaq məcburam).
Sonra qardaşım Almurada dedim ki, indi gəl mənimlə gedək Universitetə. Küçəyə endik - Bəsti Bağırova adına küçəyə. Almurad istədi maşın saxlasın, dedim lazım deyil, gəl piyada gedək. Bağırova küçəsinin Poluxin (İndiki Zərgərpalan - red.) küçəsi ilə kəsişdiyi yerdə Poluxin küçəsinə dönüb birbaşa Universitetin Kommunist (İndiki İstiqlaliyyət - red.) küçəsindəki binasına (İndiki Əlyazmalar İnstitutu binasının arxa tərəfi nəzərdə tutulur (şərqşünaslıq fakültəsi hələ oradan yeni binaya köçməmişdi) - red.) yollandıq. Almurada dedim ki, sən aldırma, fikir vermə, qaldığımız evin yanında, döngədə durmuş maşın indi dalımızca gələcək. Bu, heç. Məni bu gün tutacaqlar. Yəqin 6-7 il iş verərlər, çünki respublikada siyasi dustaqlar üçün türmə yoxdur. Sən özünü qəti sındırma. Heç kimə də ağız açma. Birdən qohum-qonşu, dost-tanış desə ki, pul yığaq, adam tapaq, nəsə edək - imkan vermə. Bir-iki gündən sonra çıx get kəndə. Anamdan muğayat ol. Bunlar çalışacaqlar ki, anamı öz ayaqlarına gətirib məni sındırsınlar. Sən qoyma. Əgər anam KQB-yə gəlsə, mən səni və heç kimi bağışlamayacağam (Almurad söz verdi, ancaq çox təəssüf ki, o, sözünün üstündə dura bilmədi. Hətta anamın dilindən məhkəməyə müraciət də yazdırılmışdı. Mən məhkəmə materiallarına daxil edilmiş həmin müraciəti oradan çıxarmağı tələb etdim, hakim mənim tələbimi yerinə yetirdi). Universitetin binasına yaxınlaşanda bizi izləyən maşın qabağa keçdi. Biz də dayandıq. Mən Almurada dedim ki, sən get, mənim Universitetdə imtahanım var. Ondan sonra KQB-yə gedəcəyəm. Ayrıldıq. Universitetə gəldim. İşlədiyim kafedrada müxtəlif yazı, siyasi ədəbiyyat və sənədlər saxlayırdım, onları ələk-vələk etdim, bir qismini cırdım, zibil qablarına atdım. Artıq rahat idim. Bir-iki iş qalmışdı. İmtahanı əslində kafedramızın müəllimi Zəhra xanım (indi Allah rəhmətindədir) götürürdü, mən assistent idim. İmtahanı qurtardıq, mən tələbələrə ayrı-ayrı gizli göstəriş verdim. Sonra Universitetin əsas binasına getdim, orada da «işlərimi» qurtardım və bir taksiyə oturub KQB-yə getdim. 15 yanvar 1975-ci ildə həbs edildim.
Həbsdən aşağı-yuxarı bir ay öncə tarix fakültəsinin «SSRİ tarixi» kafedrasının müdiri professor Aslan Atakişiyev məni kabinetinə çağırıb ikilikdə dedi:
- Sən bilirsən ki, səni həbs edəcəklər?
Dedim:
- Bilirəm.
- Niyə belə edirsən?
- Xalqa görə.
Aslan müəllim arxasında oturduğu çox böyük masanı göstərib dedi:
- Bu böyüklükdə dəyirman daşını qaldıra bilərsən?
Dedim:
- Yox!
- Bəs niyə bunun altına girirsən? Bilmirsən ki, bu dövlət nə nəhəngdir? Sən bir az sakit dur, dərslərini de, mən səni həbs olunmağa qoymaram. Ancaq bir şərtlə.
- Hansı şərtlə?
- Sənin yaxşı qələmin var. İki məqalə yaz. Biri Sovet hökumətinin lehinə, o biri Türkiyənin əleyhinə!
Bir anlığa dinmədim. Belə hallarda adamın beyni çox iti işləyir. Düşündüm ki, Sovet quruluşuna nifrətimi, Türkiyəyə sevgimi açım Aslan müəllimə deyim. Dalınca düşündüm ki, Aslan müəllim [öz] adından belə söz deyə bilməz, bunu hökmən KQB tapşırıb.Mənim ona dediklərimi də KQB-dən gizlədə bilməz, nə xeyri var? Ona görə də eyni bir cavab verdim:
- Axı mən nə SSRİ tarixi, nə də Türkiyə tarixi üzrə mütəxəssis deyiləm.
Aslan müəllim bir az gülümsəyərək dedi:
- Sən hər ikisini yaza bilərsən. Eybi yoxdur, onda mən o məqalələri yazdırım, sadəcə, sən imza at, sənin adından da mən çap etdirərəm. Qalanı ilə işin yoxdur. Mən onlara (KQB-yə) çatdıraram ki, bizim tənqid və profilaktik tədbirlərimiz nəticəsində Əbülfəz dəyişib, onu fakültə kollektivi öz himayəsinə alır.
Aslan müəllim hər hansı bəhanəyə yol qoymadı. Mən ona son sözümü deməli idim:
- Aslan müəllim, mənə olan qayğınıza görə çox sağ olun! Ancaq mən heç bir zaman Sovet quruluşunu tərifləyən, Türkiyəni pisləyən məqalə yazmaram.
Aslan müəllim:
- Oğlumun canı, mənim sənə heyfim gəlir, istəyirəm sənə kömək edim. İndi ki, belə oldu, özün bil. Sonra gec olacaq. Yaxşı, sağ ol, özünü qoru! Mən yenə də çalışaram, sənə kömək edəm!
Bu hadisədən sonra indi mərhum Zəhra xanım mənə dedi ki, bizim «Dəniz qırağı»nda (yəni KQB-də) bir yaxın adamımız var. O dedi ki, belə getsə, Əbülfəzi tutacaqlar. Zəhra xanım və qardaşı Fikrət bəy o adama demişlər ki, sən kömək edə bilməzsən? O, bizim qardaşımızdır, mümkünsə kömək et, tutulmasın.
Həmin adam demişdi: «Yox, artıq iş-işdən keçib. KQB ona üç dəfə xəbərdarlıq etdi, o baxmadı. Ona (yəni mənə) deyin ki, tutulanda nə etsələr izahat verməsin, bəlkə onda yüngül keçə!» Qabaqcadan bildiyim çex vətənpərvərlərinin müraciətindəki fikirlə tanımadığım bu Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin yüksək rütbəli zabitinin kömək üçün söylədiyi üst-üstə düşürdü.
Bəli, cənab prokuror Yəmən Yusifov, indi qulaq asın. O zaman sizlər (daha doğrusu, DTK) mənim siyasi məsələlərə aid yazılarımın, sənədlərin aşağı-yuxarı yüzdə birini ələ keçirmişdiniz. Qalanlarını mən özüm yandırdım (bir çamadan), böyük bir qovluq əlyazmamı tikə-tikə etdim (yandırmaq imkanım olmadığından). Onlar sizlərin əlinə keçsəydi Azərbaycanda nələr baş verəcəkdi, bir Tanrı bilir. Burada onlardan ikisi haqqında çox (bəli, çox) qısa deyim:
1. Proqram! (İlk dəfədir bu haqda söz deyirəm). Bu haqda KQB-də məlumat var idi, izinə düşmüşdülər, ancaq ələ keçirə bilmədilər. İstintaq zamanı tez-tez deyirdilər ki, sizin təşkilatınız və proqramınız olub, o haqda danış.
Nə isə, çox çalışdılar, çək-çevik etdilər. Özünüzə də bəlli olduğu kimi, heç nə üzə çıxara bilmədilər. İndi eşidin! Söz gedən proqramın (məramnamənin) ilkin variantının müəllifi Malik bəy Mahmudov idi (sonralar filologiya elmləri doktoru, indi Allah rəhmətindədir; istedadına şübhə ola bilməzdi, Akademiya və Universitetdə onu çoxları tanıyır). Malik bəy 1962-ci ildə Bağdadda birillik kursda (Azərbaycan Dövlət Universitetinin sonuncu kursunda) olarkən orada yerli türklərlə (türkmənlərlə) və Türkiyəli tələbələrlə ilişki yaratmış, dostluq etmişdi. Həmin adamların vasitəsilə Türkiyədən Müsavatın ikinci (1936-cı il) məramnaməsini əldə etmiş, onu dərindən öyrənmiş, ancaq özü ilə gətirməyin mümkün olmadığını görüb həmin proqramın əsas hissələrini ərəb əlifbası ilə yazdığı mühazirə dəftərində sətirlərin içinə (arasına yox!) yazmış, dəftərin üstündə «mühazirə dəftəri» sözünü qeyd etmiş, bununla da «quşkeçməz» sovet gömrüyündən keçirmişdi. 1962-ci ilin sonlarında o özü Müsavat proqramına dayanaraq bir proqram yazdı. Bu, ilk variant idi. Biz onu oxuyub müzakirə və əlavələr etdik. İlkin variantı oxuyanlar və əlavə edənlər:
1. Musayev Abbas Məmmədtağı oğlu (indi fizika-riyaziyyat elmləri namizədi)
2. İsmayılov Rafiq İsmayıl oğlu (indi tarix elmləri namizədi, dosent)
3. Xasayev Alim İmran oğlu (sonralar fəlsəfə elmləri namizədi, indi Allah rəhmətindədir)
4. Mən - Əbülfəz Qədirqulu oğlu (hamıdan qüdrətli Tanrı qulunun oğlu, Tanrının kimsəsiz bəndəsi).
Burada yenə bir haşiyə: «kimsəsiz» sözcüyü. Yadınızdadırmı, cənab keçmiş prokuror? Sizin əlinizə keçən bir «şeirciyim»dən məhkəmədə üzümə oxundu; son beyt:
Eşşəklər Cavidə lağ eyləyirlər,
Kimsəsiz aləmdə mən nə kimsəyəm?
(Kobud ifadəyə görə oxucu-yurddaşdan üzr diləyirəm, o vaxt qəzəbimi gizlədə bilməmişdim).
Nə isə, sonra nə oldu… bilmirəm. Ya Siz, ya hakim sordu:
- Sənin öz yazındır?
Dedim:
- Bəli.
Sordunuz:
- Nə demək istəyirsən? Demək istəyirsən ki, indi dövlət, insanlar kimsəsizdir? Sahibsizdir? Dövlət yoxdur? Haqq-ədalət yoxdur?
Və nələr, nələr…
Dalınca mən iki məsələni vurğuladım. Birincisi, Hüseyn Cavid haqqında yanlış fikirləri. Hamısını yox, ancaq bir-ikisini sadalayacağam. Deyirlər ki, H.Cavid zamanın tələbini başa düşməyib, yaradıcılığı ziddiyyətli olub, özü-özünə zidd gedib, xırda burjua təmayülündən xilas ola bilməyib, romantikaya qapılıb… Mən məhkəmədə dedim ki, bunlara görə elə yazmışam. İndi de elə düşünürəm ki, H.Cavidi başa düşməyiblər, ona əbləhcəsinə lağ eləyirlər. Buna etiraz olmadı, çünki dedim ki, bu mənim şəxsi fikrimdir.
İkincisi, dedim ki, mənim son misrada dediyimi yanlış yozursunuz. Bu, poeziyadır. «Kimsəsiz aləmdə mən nə kimsəyəm»i mən yazmamışam. Şifahi xalq ədəbiyyatından gəlir. Məsələn:
Hər kimsənin var kimsəsi,
Mən kimsənin yox kimsəsi.
Ey kimsəsizlər kimsəsi,
Mən kimsənin ol kimsəsi.
Bu Sizin üçün deyildi, cənab o zamankı DTK-nın Baş prokuroru və indiki və keçmiş əməkdar hüquqşünas, eyni zamanda, məhkəmə heyəti; bu, çox-çox üzr istəyirəm, məhkəmə zalında oturan qananlar - aydınlar, müəllim yoldaşlarım və tələbələrim üçün idi. Yadınızdadırmı mən bu bəndi deyərkən arxadan bir hıçqırıq eşitdim, döndüm baxdım, gördüm, o, mənim tələbələrimdən biridir…
Bəli, bununla bildirirdim ki, Tanrıdan başqa bir kimsədən bir nəsnə ummuram, gözləmirəm. Bu bəndin üstündə də mübahisə oldu. «Necə yəni? Bizdə hər kəsin bir arxası var, səninki ancaq Tanrıdır, Sovet cəmiyyətində arxası olmayan yaşaya bilməz, dövlət insanlara, vətəndaşlara arxa deyil?» Daha nələr, nələr…
Ancaq ictimai ittihamçı - şair, fəlsəfə elmləri doktoru Aslan Aslanov sizləri «inandırdı» ki, bu bənd doğrudan da şifahi xalq ədəbiyyatından nümunədir. Ondan sonra başqa sorğu-suala keçildi...
* * *
Nə isə, qayıdaq mətləbə. Proqram yalnız bir nüsxədə idi; onu da Malik bəy öz xətti ilə ağardıb qaralamanı isə yandırmışdı və o bircə nüsxəni də özündə saxlayırdı.
1963-cü ilin yanvarında mən Misirə tərcüməçi işləməyə getdim. Orada bir sıra antisovet ədəbiyyatla tanış oldum. Müsavata aid elə bir maraqlı ədəbiyyat tapmadım. Cəmi iki Azərbaycan türkü ilə tanış ola bildim. Onlardan birisi - Həsən bəy Misir Mərkəzi Poçtunun müdiri işləyirdi. Dilimizdə çətinliklə danışırdı. Dedi ki, mənim atam 1920-ci ildə ruslar Azərbaycanı işğal edəndə Bakıdan çıxıb, əvvəl Türkiyəyə, oradan da Misirə gəlib. Biz Misirdə doğulmuşuq. Atam bizə özü dilimizi öyrədirdi. Böyük qardaşım dilimizi yaxşı bilirdi, indi Avropadadır. Atam bu yaxınlarda vəfat edib. Həsən bəy dedi ki, atam bizə Azərbaycandan çox danışardı. Burada - Qahirədə bir neçə azərbaycanlı ailə var idi. Nasirin inqilabından sonra onun türklərə qarşı pis münasibətindən və Rusiyaya yaxınlaşmasından ehtiyat edib başqa ölkələrə çıxıb getdilər. Bəlkə mən də getdim. Doğrudan da, beş-altı ay sonra o da ailəsi ilə Avropaya getdi. Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov və Topçubaşovun adlarını atasından tez-tez eşitdiyini dedi, ancaq elə bir maraqlı məlumat bilmədiyini söylədi.
O birisi azərbaycanlı uşaq vaxtı Azərbaycandan milli hökumət yıxılandan sonra atası ilə çıxdığını söylədi. Misirə gələndən bir neçə il sonra atası vəfat etmiş, o, yetim qalmış, oxuya bilməmişdi. Qahirədə bir qonaq evində xidmətçi işləyirdi. Azərbaycan haqqında, demək olar ki, məlumatı çox cüzi idi. Dilimizdə bir neçə söz bilirdi, ərəbcə danışırdı.
Bunları yazmaqda onu bildirmək istəyirəm ki, müsavatçılar haqda, Müsavatın proqram və ədəbiyyatı haqda heç bir məlumat toplaya bilmədim. Bir il on ay orada işləyəndən sonra Bakıya döndüm. Malik bəydə olan proqramın bir surətini mənim təkidimlə Malik bəy köçürdü. Belə deyək, «ilkin» nüsxəni gizlətdik. Ortada bircə nüsxə qaldı. Qərar qəbul etdik ki, onu çoxaltmaq olmaz, ondan qeydlər götürmək, onu başqa adama vermək, daha doğrusu, gözdən qoymaq olmaz, yalnız bu beş nəfərdən biri onu götürə bilər, özünün tam inandığı adama bir və bir neçə dönə oxuya bilər. Belə də edirdik.
Mən həmən proqramla az-çox dərəcədə Aydın Qasımov (indi filologiya elmləri namizədi, dosent), Aydın Abbasov (indi fəlsəfə elmləri namizədi, dosent), Vaqif Cəbrayılzadə (şair), Fəzail Ağamalıyev (indi tarix elmləri namizədi, dosent, «Ana Vətən» Partiyasının sədri), Mirheydər Mirzəyev (indi tarix elmləri namizədi, dosent), Dilsuz Mustafayev (şair), Mehdi Məmmədov (indi tarix elmləri namizədi, dosent), Akif bəy (soyadı yadımdan çıxıb, rəhmətlik Xudu Məmmədovun yaxın qohumu, sonralar AXC Ağdam rayon şöbəsinin rəhbərlərindən biri) və onlarca başqa fəal vətənpərvəri, elsevəri tanış etmişdim.
Yeri gəlmişkən, dediyim həmin proqramla az-çox tanış olan bəylərdən xahiş edirəm ki, onunla bağlı yaddaşlarında nə qalıbsa onları yazıb ya qəzetlərdə çap etdirsinlər, ya da mənə çatdırsınlar. Sevimli yurddaş-oxucu, əgər səni maraqlandırarsa mən gələcəkdə bu olayların hamısını sənə açıqlayaram. İndi vaxtını almamaq üçün qısa, çox qısa yazıram.
Malik bəylə Alim bəy Akademiyanın şərqşünaslıq və Fəlsəfə İnstitutunda, Abbas bəy dəqiq elmlərə aid institutlarda, mən və Rafiq bəy Universitetdə yurdsevərləri, elsevərləri axtarırdıq. 1965-ci ildən 1975-ci ilədək aşağı-yuxarı 200-dən çox həmfikir elsevəri proqram ətrafında, daha doğrusu, bu proqramda qoyulan məslək yolunda toplaya bilmişdik.
1970-75-ci illərdə, necə deyərlər, «yuxarılara» əl atdıq. Malik bəy Ziya Bünyadovla, Alim bəy Tofiq Köçərli ilə, mən Xudu Məmmədov və Bəxtiyar Vahabzadə ilə, mən və Rafiq bəy Süleyman Əliyarovla, Abbas bəy Həsən Abdullayevlə çox ehtiyatla əlaqə saxlamalı, onlara yanaşmalı, təşkilat haqda heç bir söz demədən bu yurdsevər, elsevər insanlarla onların hörmətini uca tutmaqla, bir növ böyük-kiçik münasibətində yaxın olmalıydıq.
Qəribə bir təzad yarandı. Ziya Bünyadov mənim elmi rəhbərim olmasına baxmayaraq, bu məsələdə Malik bəyi yaxından qəbul edirdi, Süleyman bəy Əliyarov məni çox istəməsinə baxmayaraq, daha çox Rafiq bəyə qulaq asırdı, əgər belə demək pis səslənməzsə, mənim aşığım daha çox Xudu bəylə tuturdu. Mən bu təşkilatın, onun bünövrəsini qoyanların hesabatını verə bilmərəm. Gördüklərimin qısa bir icmalından danışa bilərəm. Mənə elə gəlir ki, bu yazıdan sonra çox adam dillənəcək və deyəcək: «Bəli, biz də oradaydıq».
Mən o zaman Azərbaycan Geoloji Kəşfiyyat İdarəsində nüfuzlu şəxslərdən olan, orta məktəbdə oxuyarkən belə mənə diqqət yetirən, riyaziyyat, coğrafiya və fizikadan mənə tez-tez sual verən, oxumağımla çox maraqlanan mərd, qorxmaz, açıq danışan Nəzir Əliyevin evinə getdim. Mənim Universiteti qurtarmağım, xaricdə işləyib qayıtmağım onu çox sevindirirdi. Mən ona «əgər biz gizli təşkilat yaratsaq, ona rəhbərlik lazım olsa, Siz o rəhbərlərin içərisində ola bilərsinizmi?» - deyə sordum.
O məndən soruşdu: «Yəni «siz» deyəndə, kim?» Mən dedim ki, bu, sirdir, Siz məni tanıyırsınız, rəhbərlikdə iştirakınıza söz versəniz, sonra bir sıra məsələləri biləcəksiniz.
Nəzir bəy Əliyev bu söhbətdən çox-çox öncə Kəlbəcərdə məni Xudu Məmmədovla tanış etmişdi və bilirdi ki, biz çox yaxınlaşmışıq.
Dedi: Xudu bilir?
Dedim: - Təqribən hə!
Dedi: - Xudu nə desə mən ona razı. Ancaq bir şeyi də bil, gənclikdə belə fikrə düşənlər çox olur. Sonra kimisi evlənir və ailə qayğısı, yaxud arvadı onu bu fikirlərdən uzaqlaşdırır. Ya da bir babat vəzifə tapan kimi hər hansı bir bəhanə ilə aradan çıxırlar… Mən Xududan başqa heç kimə inanmıram! Lazım gəlsə, az-çox maddi yardım edərəm. Bu yolda olanlar gərək çalışıb yüksək dövlət vəzifələri tutsunlar, bəlkə onda bir iş görmək olar.
Bizim bu söhbətlərimizdə bəzən Nəzir bəyin xanımı qayğıkeş Sevil xanım da iştirak edirdi, indi yəqin ki, bunları az-çox xatırlamamış deyil…
Xudu bəylə (Məmmədov) daha dərindən söhbət edirdik. O, heç zaman mənim yoldaşlarımın kimliyi ilə maraqlanmaz, bu barədə heç bir sual verməzdi. Onun Bəxtiyar bəy Vahabzadə və Nurəddin bəy Rzayevlə çox yaxın dost, məsləkdaş olduğunu bilirdik. Hətta belə bir fikir də vardı ki, onların da gizli təşkilatı var. Bir sözlə, çalışırdıq ki, Azərbaycanın bütün elsevər, yurdsevər aydınlarından yararlanaq. Daha çox isə bu şəxsləri bir yerə gətirib təşkilatımıza rəhbər etmək istəyirdik:
1. Abbas Zamanov
2. Bəxtiyar Vahabzadə
3. Ziya Bünyadov
4. Xudu Məmmədov
5. Süleyman Əliyarov
6. Nəzir Əliyev
7. Nurəddin Rzayev
Çox heyif ki, o zaman buna nail ola bilmədik. Fəaliyyətimiz milli-siyasi maarifçilik dairəsindən qırağa az-az hallarda çıxa bildi. Bunun ən böyük bəlası insanların Sovet imperiyasından qorxmasından, onun yaratdığı «qüdrətli və əbədi quruluş» mifində və yaxın gələcəyimizə inamsızlıqda idi. Gənclərimiz azad ola biləcəyimizə daha çox inanırdılar. Ancaq onların da yaşayış şərtləri o qədər ağır idi ki, daha çox azadlıq uğrunda yox, yaşamaq uğrunda mübarizə aparırdılar. Ancaq məsələnin əsas mahiyyəti orasında idi ki, azadlıq ideyası ruhlara hakim kəsilməmişdi. Yenə qayıdaq proqram məsələsinə.
1974-cü ilin dekabrında xəbər yayıldı ki, Azərbaycanda bir çox adamları həbs edəcəklər. Bu, indi çoxlarının yadında qalmış olar. Onlar niyə susurlar? Anlamıram. Malik bəy mənə dedi, gəl bir çox sənədləri yandıraq.
Dedim: - Bəlkə tələsməyək?
Dedi: - Yox, yandırmalıyıq. DTK-da belə söhbət gedib ki, 30-40 nəfər tutulacaq. Birinci səni tutacaqlar. Hətta Ziya müəllimə (Bünyadova) deyiblər ki, sən Əbülfəzi müdafiə etsən, səni də tutacaqlar. Onlar (yəni biz) böyük bir təşkilatdır, hamısı da antisovet, antirus, pantürkist, millətçi.
Biz bir sıra sənədləri və proqramı yandırdıq. Bunlar Malik bəyin evində idi. Belə razılaşdıq ki, məndə olan ikinci nüsxəni də mən tələf edim. Mən söz versəm də, hələ nə isə səbr etməyə çalışırdım. Bundan bir neçə gün sonra beş-altı nəfər bir yerə toplaşdıq – indi yadımda deyil, ya Malik bəygildə, ya da Rafiq bəygildə (onlar Ələsgər Ələkbərov küçəsində qonşu idilər) Malik bəy, mən, Rafiq bəy, Vasim bəy Məmmədəliyev və Elxan bəy Əzizov. Elxan bəy dedi ki, onun tələbəlik dostu Aydın (onu hamımız tanıyırdıq, şərqşünaslığı qurtarmışdı, bizim tələbəmiz olmuşdu, o zaman DTK-nın kapitanı və Neft-Kimya İnstitutunun kuratoru idi) Universitetin kuratoru mayor Kərimlə bir yerdə mənə dedilər ki, çox adam tutacaqlar, çoxlu material-məlumat toplayıblar, üzümüzə dirəşəcək şahidlər də az deyil.
Vasim bəy dedi ki, axı biz nə etmişik ki, bizi tutsunlar? Bir də ki, bunlara nə var, tutmaq istəsələr, nə desən özlərindən qondararlar.
O gün biz sorğu-suala çəkiləndə nələri deyəcəyimizi müəyyənləşdirdik və bu məsələdə ümumi fikrə gəldik. Ancaq mən hələ də sənədləri və proqramın ikinci nüsxəsini saxlayırdım. Onları həbs edildiyim günün tezdəni yandırdım. Bunu qardaşım Almurad və dayıoğlum Seyfəddin gördülər. Ancaq onlar mənim yandırdığım yazıların nə olduğunu bilmirdilər. Onların külünü Seyfəddin atdı.
* * *
Yandırdığım yazıların birinin də adı «Azərbaycanın birləşdirilməsi üzərində düşüncələr» idi. Bu haqda da ilk dəfədir ki, danışıram. Bəli, yazımın adı bu cür idi. Onun tutumu yüz yarpaqdan çox idi. Bütün yazı boyu çalışmışdım ki, görkəmli şəxslərdən örnək gətirdiyim sözləri, düşüncə-deyimləri çıxmaqla qatışıqsız, arı-duru türkcə yazım, bacardıqca yabançı dillərdən gəlmə sözlərdən uzaq durum.
Özünü öyməkdən uzaq olsun, bilirəm ki, o çağlarda mən bu qarşımda qoyduğuma çata bilmişdim. Bunu ona görə edirdim ki, bu yazım Azərbaycanın güneyində də, quzeyində də tez anlansın. Burada qarşımda iki yön qoymuşdum: birincisi, bacardıqca ərəb, fars, rus və Batı dillərindən gələn, dilimizin axarlılığına, gözəlliyinə yara vuran, onu ağırlaşdıran sözlərdən, söz birləşmələrindən aralı durmaq; ikincisi, dilimizin gücünü ayrı-ayrı sözlərdən çox, sözlərin düzümündə, ayrı-ayrı sözlərin düşüncə düzümündə çevik yer dəyişməsi ilə deyilişində olduğunu ya yaddaş, ya da göz önündə tutaraq yazmaq.
Bu dediyim iki yönü unutmadan söz söyləmək, yazı yazmaq doğrudan-doğruya çox ağırdır: işlədiləcək söz, ya söz birləşməsi tək-tək ölçülüb biçilməlidir; dədə ozanlara, qoşqar aşıqlara, atalar sözlərinə, el danışığına, türk dilinin dərinliyini, incəliklərini, gücünü duyub, qavrayıb yazılarına gətirən yazıçılarımıza üz tutmaq, onlardan öyrənmək, yararlanmaq qaçılmazdır.
«Azərbaycanın birləşdirilməsi üzərində düşüncələr» yazım da bu dediyim baxımdan çağdaş dilimizdən azca da olsa, başqa cür səslənirdi. Bu yazımın girişindən dörd yarpaq qaralaması axtarış anında DTK işçilərinin əlinə keçmiş, araşdırma bitiklərinin (istintaq materiallarının) içinə alınmış, indi də oradadır. Az da olsa dediklərimə bir tutalqadır.
Bu, sözügedən yazının girişinin beşdə biridir. Onu olduğu kimi yadımda saxlamamışam, ancaq önəmli yerləri bu deyəcəklərim idi:
- Dünya çox iti bir yerişlə irəliyə doğru yürüyür. Onun arxasınca tövşüyə-tövşüyə, təngnəfəs yürümək yurdumuzun biz tək oğul və qızlarına yaramaz…
- Hər bir insanın ən böyük şərəfi bəşəriyyətə, insan oğluna xidmətdədir. Ancaq azad olmayan bir kəs nə ki bəşəriyyətə, hətta özünə belə xidmət edə bilməz…
- Biz ilk öncə özümüzü, xalqımızı azad etməliyik. Xalqımız azad olanda böyük dahilər yetişdirəcək, onlar da bəşəriyyətə xidmət edəcəklər…
- Biz milli münasibətləri İsveçrə yolu ilə həll edəcəyik. Bunun üçün də Azərbaycanın birləşdirilməsi gərəkdir...
Yadımda deyil - ya hakimin, ya prokurorun sorğusu:
- Nə üçün İsveçrəni nümunə göstərmisiniz?
- Onun üçün ki, milli münasibətlərin həllində İsveçrə bir örnəkdir.
- Niyə Sovet İttifaqı yox?
- Lenin də bir əsərində İsveçrəni göstərib.
- Lenin o əsərini yazanda milli münasibətləri ən yaxşı həll edən Sovet nümunəsi yox idi, ancaq indi var.
- Birincisi, indi Sovet İttifaqının rəhbərləri də deyirlər ki, bizdə milli münasibətlər axıradək həll olunmayıb. İkincisi, İsveçrə nümunəsi dünyada daha geniş tanınıb və qəbul edilib. Üçüncüsü, mən Sovet nümunəsini örnək göstərsəydim, buna Azərbaycanın güneyində və başqa ölkələrdə inanmayacaq, «Sovet təbliğatıdır» deyəcəkdilər.
- Bu yazınızda göstərirsiniz ki, öncə Azərbaycan birləşməli, sonra da türk dövlətlərini öz ətrafında birləşdirməli, Turan yaranmalıdır. Axı Türkiyə deməz ki, mən böyüklükdə dövləti hansı haqla Azərbaycana birləşdirirsiniz?
- Nə olsun deyər? Axı bu, zorla olmayacaq, könüllü olacaq. Turan birliyi könüllü olacaq, özü də kimsəyə qarşı olmayacaq, əksinə, bütün dövlət və xalqlarla dost olacaq.
- Xam xəyallardır!
- Xam xəyallardırsa, daha niyə mühakimə edir, bu fikirlərimə görə təqsirləndirirsiniz?
- Ona görə ki, fikirlərinizlə gənclərimizi azdırır, onların Sovet ideologiyasına inamını sarsıdır, doğru yoldan uzaqlaşdırırsınız. Biz buna yol verə bilmərik!
Bəli, cənab keçmiş DTK-nın keçmiş Baş prokuroru, Sizin mənim məhkəməmdə ittihamlarınızın əsas istiqamətlərindən biri də mənim 28.01.1975-ci il tarixli ifadəmdə yazdığım «mən təbliğ etmişəm ki, a) Azərbaycan müstəqil deyildir, onu Rusiyanın tərkibindən ayırıb, b) vahid dövlət yaratmaq lazımdır. Azərbaycanda müstəqil dövlət yaradılandan sonra türkdilli xalqları birləşdirib vahid Turan dövləti yaratmaq gərəkir» fikrinə, ideyasına qarşı yönəldilmişdi.
Məhkəmə 1975-ci ilin birinci yarısında olmuşdu. İndi Azərbaycan mən arzu etdiyim, istədiyim kimi Rusiyanın tərkibindən ayrılıb. Bütöv (vahid) dövlət yaradılmasına doğru xalq hərəkatı baş verməkdədir.
Cənab keçmiş DTK-nın keçmiş Baş prokuroru, doğrudanmı Siz və Sizin məsləkdaşlarınız dərk etmirsiniz, üzr istəyirəm, qanmırsınız ki, uduzmusunuz?! Doğrudanmı qanmırsınız ki, biz deyən olur? Doğrudanmı görmürsünüz ki, rus imperiyası dağılır və növbə Tehran rejiminə gəlir?! Axı bunu çox-çox sadə xalq görürsə necə olur ki, sizlər, Sizin kimilər kor öküz kimi tutduğunuzu buraxmır, buynuzlarınızı ovulmaz qayalara çarpırsınız?!
Cənab keçmiş prokuror, mənim bu yazım nə Sizə, nə də Sizin kimi türkə qarşı olan, rus və fars şovinizminə kölə xidməti yapan insanlara deyil, sizlər buna dəyməzsiniz. Mən yurdumuzun, elimizin, Böyük Türk elinin gerçək erkəklərinə və xanımlarına üz tutub ya deyirəm, ya yazıram.
Sevimli bəylər, sevgili xanımlar, gerçəkdən-gerçəyə mənim arzum, istəyim daha çox vurulduğum AZƏRBAYCAN BÜTÖVLÜYÜ olmuşdur. Bu böyük istəyim bu gün də qalmaqdadır. Daha doğrusu, bu istək bu gün özünün Savalan zirvəsindədir.
Çoxlarına belə gələ bilər ki, bu, istək deyil, fantastikadır. Bəli, qoy belə olsun, mən fantastik və fanatikəm. Sonra?! Ancaq kim nə deyirsə-desin, mən gerçəkçiyəm.
Bəli, mən 1960-70-ci illərdə Azərbaycanın bütövlüyü haqqında düşünmüşəm və onu təbliğ etmişəm. Necə və nəyi düşünürdüm? Yazdığım əsərin, ya da əsərciyin içi, insanlar anlasın deyə mahiyyəti və məğzi deyək, nə idi?
Birincisi, bu əsər, ya da əsərcik giriş və üç bölmədən ibarət idi. Bölmələr:
1. Azərbaycanın keçmişinə (tarixinə) yığcam baxış;
2. biz materialist (maddiçi) deyilik. Azərbaycanın dil, tarix, mədəniyyət, el və yurd birliyi;
3. Azərbaycan necə birləşə və birləşdirilə bilər?
Burada yüz yarpaqdan artıq bir yazının tutumunu göstərməyə mənim gücüm çatmaz. Ona görə də ana cizgilərindən (çağdaş anlamda tezislər deyirik) danışacağam, deyək ki, yazacağam.
Birinci bölmənin iç səsi və boyası (işığı) nə idi? (Yadından çıxarma, türk səs deyəndə mahiyyət və məzmunu, boya (işıq) deyəndə formanı göz önündə, ya da düşüncəsində canlandırmışdır. An-an bu, yerini dəyişmişdir, daha doğrusu, işıq iç (mahiyyət), səs görk (forma) kimi anlanmışdır). Dünyanı yaradan Ulu Tanrı işıqdırsa (idealizmlə materializmin birliyi) onda onun görünən görkəmi səsdir; yox, əgər Ulu Tanrı səs və sözdürsə boyu onun üzdə görünən görüntüsüdür.
Türk ideya ilə materiyanın (ruh ilə varlığın) böyüklüyünü, birgəliyini axtarmış, bu gerçəyi tapmağa çalışmışdır. Bu, türkün dirilik, yaşamaq və yaşatmaq ölçüsüdür! Birinci bölmənin başından səslənən düşüncə: «Azərbaycan lap əski çağlardan türklərin yurdu olmuş və onlarla məskunlaşmışdır!».
Ərəbdilli qaynaqlarda yazılmış bu sözləri kim demişdir? Bu, belə olmuşdur: Əməvilər xilafətinin (611-790-cı illər) yaradıcısı I Müaviyə (661-680) uzun müddət Azərbaycanda hərbi əməliyyatlar aparmış, xəlifənin qoşun başçısı xilafətin o zamankı mərkəzi Şama (Dəməşqə) qayıdanda ondan sormuşdur: Azərbaycan haqqında nə deyə bilərsən? Ora necə bir ölkədir?
Qoşun başçısı xəlifəyə yuxarıda altını cızdığımız sözlərlə cavab vermişdir. Bu sözləri ərəbdilli qaynaqlardan tapıb üzə çıxaran isə görkəmli Azərbaycan alim-tarixçisi Ziya Bünyadov olmuşdur. Ziya Bünyadov «Azərbaycan VII-IX yüzillərdə» adlı doktorluq dissertasiyasında bunu göstərmişdi.
Bu sözləri sadə məlumat üçün yazmıram. Soruşula bilər ki, “doktorluq dissertasiyası”nda yazmaqla başqa yerdə yazmağın nə fərqi var?
Hörmətli vətəndaş-oxucu, 1937-38-ci illərdə Azərbaycanın quzeyində 120 min insanı Sovet imperiyası qırıb, ya da Sibirə sürgün edəndən sonra nə ki «Azərbaycan türklərin yurdudur» sözünü yazanı, deyəni, hətta «mən türkəm» deyəni məhv edirdilər. Ziya Bünyadov Moskvada, imperiyanın paytaxtında on il bu doktorluq dissertasiyasının üzərində çalışmış, haqqında danışdığımız bu və buna oxşar fikirləri tarix qaynaqlarından taparaq onları Moskva, Leninqrad və İrəvandan olan erməni alimlərinin və onların tərəfdarlarının hər cür təzyiq, hücum və maneələri qarşısında, özlərinin iştirakı ilə Böyük Elmi Şurada, Moskvada sübut etmiş və «tarix elmləri doktoru» adını almışdı. Bu o demək idi ki, bu fikirləri imperiyanın xidmətçisi olan sovet tarix elmi qəbul etməyə məcbur olmuş, böyük tarix gerçəkliyinin qarşısında təslim olmuşdur!
Sonra nə oldu? Ziya bəyin doktorluq dissertasiyası «Azerbaydjan v VII-IX vv.» adı ilə çap edildi. Ancaq əsərin bizim dildə çap edilməsinə icazə verilmədi, ona görə ki, bu əsər o çağlarda milli özünüdərkə böyük təkan verərdi (Akademik Ziya Bünyadovun «Azərbaycan VII-IX əsrlərdə» kitabı ana dilimizdə rusca nəşrindən (1965) yalnız 24 il sonra (Azərnəşr, 1989) işıq üzü gördü - red.)
Bəli, Azərbaycan ən uzaq keçmişdən türklərin yurdudur!
Bəs bu Türk kimdir? Haradan gəlib, haraya gedir? Bu dünyadan nə istəyir?
Bu sorğulara cavabı o zaman mən dünyanın böyük dahilərində və tanınmış şəxsiyyətlərində axtardım.
I. Hz. Məhəmməd peyğəmbər:
«Mənim Türk adlı bir ordum vardır».
«Türklər sizə toxunmayınca, siz də onlara toxunmayın».
«Türk dilini öyrənin! Belə ki, onların hakimiyyəti uzun sürəcək».
II. Hz. Mustafa Kamal Atatürk:
«Nə mutlu «türkəm» deyənə!».
«Dünya üzərində Türkdən daha böyük, ondan daha qədim, ondan daha təmiz bir millət
yoxdur və bütün insanlıq tarixində görünməmişdir!»
«Türkə yurdluq etməmiş bir qitə yoxdur».
«Bir Türk cahana bədəldir».
«Yüksək Türk! Sənin yüksəkliyinin hüdudu yoxdur».
III. Cahiz (IX yüzil ərəb dahisi):
«Bir Türk başlı-başına bir millətdir».
«Türkə qarşı heç nə dura bilməz».
«Türklər olduqca namuslu insanlardır. Özləri və sözləri doğrudur… Yurdlarına bağlılıqları bütün duyğularından üstündür».
Bu göstərdiklərimi qaynaqlardan toplamış, onlara yığcam açıqlamalar yazmışdım. Şair Dilsuz bəy Mustafayev bir kitabın (onun adını unutmuşam) fotoşəklini bir neçə günlüyə mənə vermişdi. Orada türklər haqqında görkəmli şəxslərin fikirləri var idi. Oradan mən otuz doqquz deyim seçmiş, qırxıncını özümdən yazmış, adını «Min bir sözdən qırxı» qoymuşdum.
Özümün yazdığım belə idi: «Tanrı, türklüyümü mənə çox görmə! Tanrı, türklüyümü mənə əsirgəmə!» Sonra onları ayrıca on iki yarpaqlı bir dəftərə köçürtdürmüşdüm. Onu orta məktəbin yaxından tanıdığım bir şagirdinə köçürtdürmüşdüm ki, DTK-nın əlinə düşsə xətt sahibini tapa bilməsin. O dəftər hələ də qalır. İndi burada - Kələkidə deyil. Ondan yadımda qalanın bir neçəsini yaza bilərəm:
1. Mixail Siryani: «Dünya Türkləri daşımağa kafi deyil».
2. Lamartin: «İnsanlığa şərəf verən Türk millətinin düşməni olmaq insanlığa düşmən olmaqdır».
3. Hammer Purqştal: «Tarix Türklərdən çox şey öyrəndi».
4. Bayron: «Türklər yalançı və ikiüzlü deyillər. Döyüşdə şərəfli ölməyi şərəfsiz yaşamaqdan üstün tuturlar».
5. «Türklər savaşda fələk, barışda mələk kimidirlər» (müəllifin kimliyi yadımdan çıxıb).
6. Napoleon Bonapart: «Türkləri öldürmək olar, ancaq məğlub etmək olmaz».
7. Əbülqazi Bahadur xan: «Türk tarixini yalnız Türk yaza bilər!».
8. Həzrəti-Mustafa Kamal Atatürk: «Tarixi yazmaq tarixi yaratmaq qədər mühümdür».
Daha nələr, nələr…
Ebulfez ELCIBEY. Keleki 1997 -