İki gündür güclənməyə başlayan rus rublu ötən gün xüsusilə bahalaşıb. Teleqraf.az xəbər verir ki, Moskva birjasında dollar ötən gün ərzində 2,8 rubl ucuzlaşaraq 66,1 rubla düşüb. Avronun məzənnəsi isə 3,573 rubl enib və hazırda bir avro 74,34 rubla dəyişdirilir. Rublun güclənməsi Rusiya Mərkəzi Bankının 28 avqust üçün elan etdiyi satış məzənnəsində də özünü göstərib. Belə ki, 28 avqustda 1 dolların satışı 69,3142 rubldan 67,4473 rubla endirilib. Avro isə daha çox ucuzlaşıb – 79,7252 rubldan 76,3359 rubla düşüb. Mütəxəsislərin proqnozuna görə, rublun güclənməsi 28 avqustda da davam edəcək. Çünki dünya bazarlarında neft kəskin bahalaşmaqdadır. Bloomberg-in məlumatına görə, VTİ markalı neft ötən gün 4,19 dollar (10,85 faiz) bahalaşaraq 42,79 dollara qalxmışdısa, bu gün səhər saatlarından daha 1,41 faiz (0,60 dollar) bahalaşaraq 43,16 dollar olub. “Brent” markalı neftin bir barreli isə bu gün daha 0,51 dollar (1,07 faiz) bahalaşaraq 48,07 dollarda qərarlaşıb. Qeyd edək ki, ötən gün ərzində "Brent" 4,38 dollar (10,15 faiz) qalxmışdı. Neftin bahalaşması prosesi davam edir.