|
Avqustun 24-27-də “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” üzrə AŞPA məruzəçisi xanım Miliça Markoviçin rəhbərliyi ilə nümayəndə heyəti ölkəmizə növbəti dəfə səfərə gələcək. Bu barədə Teleqraf.az-a Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, deputat Elxan Süleymanov məlumat verib.
Nümayəndə heyəti avqustun 26-da Sərsəng su anbarının təsiri altında olan rayonlara səfər edəcək, müvafiq qurumlarla, yerli icma ilə görüşlər keçirəcək, Sərsəng su anbarının yerli sosial-iqtisadi duruma təsiri vəziyyətini araşdıracaq.
Deputat xatırladıb ki, məruzəçi Miliça Markoviç Azərbaycana ilk dəfə 2014-ci ilin dekabrında səfər edib. Bundan sonra o, Ermənistana da səfər etməli idi. Lakin işğalçı ölkə və onun havadarları hər vəchlə bu səfərin qarşısını almağa çalışdı. Məruzəçi ötən ilin oktyabrından bu səfərin baş tutmasına çalışsa da, Ermənistan tərəfindən razılıq alınmasına nail ola bilmədi. AŞPA-nın sosial məsələlər, səhiyyə və davamlı inkişaf komitəsi tərəfindən məsələ ilə bağlı Ermənistan hökumətinə rəsmi məktub göndərilsə də, hələ də müsbət nəticə əldə olunmayıb.
Bildirilib ki, Bosniya və Herseqovinanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Miliça Markoviç tərəfindən ötən il mayın 12-də AŞPA-da təqdim olunan “Azərbaycanın cəbhəyanı rayonlarında mülki əhalinin qəsdən sudan məhrum edilməsinə dair” qətnamə layihəsi əsasında məruzəçi təyin edilib. Ermənistan tərəfi məruzəçinin təyin olunmasının qarşısını almaq məqsədilə bütün resurslarını səfərbər etmişdi, hətta ölkə başçısı səviyyəsində buna mane olmaq istəmişdi. Nəinki Ermənistan, bu ölkənin AŞPA-dakı tərəfdarları da buna qarşı çıxdılar. Lakin bütün maneələrə baxmayaraq, məruzəçi təyin edildi və Ermənistanın işğalçı tərəf olması növbəti dəfə beynəlxalq səviyyədə bəyan edildi.
E.Süleymanov bildirib ki, Sərsəng su anbarı işğalçı Ermənistanın əlində Azərbaycana qarşı çox təhlükəli bir silahdır. Ermənistan Sərsəng su anbarından qış aylarında suyu buraxmaqla 6 rayonu sel altında qoymaq, yayda isə əksinə, suyun qarşısını kəsməklə cəbhəyanı rayonların kənd təsərrüfatına ciddi ziyan vurmaq üçün istifadə edir.
Sərsəng su anbarının işğal altındakı ərazidə yerləşməsi səbəbindən texniki qurğular baxımsızlıq təhlükəsi ilə üzləşib və onlara xidmət göstərilməməsinə görə hazırda qəza vəziyyətinə düşüb. Odur ki, bu su anbarının təbii fəlakət, texniki və əvvəlcədən düşünülmüş təxribat xarakterli səbəblər üzündən dağılma ehtimalı böyükdür.
Diqqətə çatdırılıb ki, 2013-cü ilin mayında Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) “Sərsəng - humanitar faciənin qarşısının alınması” layihəsinin icrasına başladı. Layihənin məqsədi ermənilərin Azərbaycan xalqına qarşı sistemli və davamlı şəkildə həyata keçirdiyi soyqırımı cinayətləri, işğal altında olan ərazilərdə xalqımıza qarşı həyata keçirdiyi etnik təmizləmə siyasəti, müharibə cinayətləri, insanlığa qarşı cinayətlər barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır.