|
ARDNŞ-in vitse-prezidenti vətəndaşı intihar həddinə çatdırıb, əvvəl 6 hektar torpağını mənimsəyib, indi də...
Ağsu rayon sakini Cavanşir Musayev Dövlət Neft Şirkətin vitse-prezidenti Mikayıl İsmayılovun qanunsuz hərəkətlərindən şikayətçidir. Vətəndaş “Yeni Müsavat”a yazdığı məktubunda bildirir ki, M.İsmayılovun adamları onun torpağını qanunsuz olaraq əlindən alıblar.
Rayonun Axunlu kənd sakininin sözlərinə görə, o, ailəsini dolandırmaq üçün 2007-ci ildə paytaxta işləməyə gedir. Bu zaman isə məmurun adamları onun torpağını ələ keçirirlər: “2007-ci ildə mən ailə vəziyyətimizlə bağlı kəndimizdən işləmək üçün Bakıya getdim. Bu arada ADNŞ-nin vits-prezidenti Mikayıl İsmayılovun adamları bizim ailəmizin 6 hektar pay torpaqların icarə adına saxta sənədlərlə əllərindən alıblar. Biz sonradan bilmişik ki, bunlar bizim ailə üzvlərimizin adından saxta imza çəkərək saxta sənədi Ağsu rayon notarius idarəsində təsdiq etdiriblər. Halbuki, normal ekspertiza keçirilsə, məlum olar ki, o sənəddə bizim ailə üzvlərimizin heç birinin imzası yoxdur. Mikayıl İsmayılov vəzifə nüfuzundan istifadə edərək bizim torpaqlarımızı əlimizdən alıb. Dövlət başçısı İlham Əliyevin məmur özbaşınalıqları haqqında ona yazaraq məlumat verməmizi dedikdən sonra mən də prezidentə məktub yazaraq Mikayıl İsmayılovun qanunsuz əməlləri haqqında məlumat verdim.
Ancaq prezidentə yazdığım məktub mənim bəlama çevrildi. Mənim problemimi nəinki həll etdilər, əksinə mənə ciddi təzyiq etməyə başladılar. Belə ki, bir müddət öncə Mikayıl İsmayılovun yaxın adamı “Az-Granata” zavodunun direktoru Nazim Babayev bir neçə dəfə yanıma gələrək prezidentə məktub yazmamağımı dedi. Bundan sonra mənə gizli nömrələrlə zənglər gəlməyə başladı. Gizli nömrələrlə mənə zəng edən naməlum şəxs özünü Ədliyyə Nazirliyinin əməkdaşı adlandıraraq prezidentə şikayət etməməyim üçün mənə təzyiq etməyə başladı. Bu adamların qanunsuzluqları o həddə çatıb ki, mənim və ailə üzvlərimin adından saxta imza hazırladıqları haqqında da utanmadan danışırlar. Mənə yalandan deyirlər ki, sizin imzalarınız bizdə var, hazırlamışıq. Prezidentə şikayət edəndən sonra Kürdəmir rayonunun notarius idarəsinin müdiri məni yanına çağıraraq şikayət etməməyim haqda xəbərdarlıq etdi. Demək olar ki, bütün idarə və təşkilatlar onun adamlarıdır və hər biri də mənə təzyiq etməyə başlayır. Bu adam sanki prezidenti eşitmək istəmir. Kimə güvənir, nəyə arxayındır, bilmirəm”.
Vətəndaş yazır ki, bu haqsızlıqlara dözməyib intihara da cəhd edib: “Mən yenə də prezident İlham Əliyevə müraciət edirəm. Bizim ailəmizə köməklik edərək Mikayıl İsmayılovun zəbt etdiyi 6 hektar torpağımızı özümüzə qaytarmamıza kömək etsin, bunu xahiş edirəm. Bu məktubdan da sonra mənə təzyiq etsələr, Mikayıl İsmayılovun evinin qarşısında özümə od vurub intihar edəcəm. Artıq bu ədalətsizliklərə dözə bilmirəm. Çünki bizim o torpaq sahəmizdən başqa heç nəyimiz yoxdur”. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Qarşı tərəfin mövqeini dərc etməyə hazırıq.