|
Ermənistan Rusiyanın köməyi ilə Azərbaycan torpaqlarını işğal etdikdən sonra ermənilər işğal edilmiş yerlərin tarixən onlara məxsus olduğunu sübut etmək üçün min hoqqa göstərirlər.
Hər cəhdlə işğal altında olan rayonlar onların dədə-baba torpaqları olduğunu dünyaya sırımaq istəyirlər.
Halbuki, işğal olunmuş rayonalrın eləsi olub ki, hətta sovet dövründə də həmin rayonlarda ümumiyyətlə erməni yaşamayıb.
Sovet dövründə keçmiş MDB məkanı ermənilər üçün yaşıl işıqlı respublikalar olub və ermənilər heç cür iddia edə bilməzlər ki, onlara qarşı ayrı-seçkilik olduğundan həmin ərazilərdə yaşaya bilməyiblər.
Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov Modern.az saytına bildirib ki, Kəlbəcərdə ümumiyyətlə erməni yaşamayıb: “Azərbaycanda ermənilərin yaşamadıqlarını rayonlar sırasında Kəlbəcər birinci olub. Ağdərə, Göyçə mahalı ilə sərhəddə yerləşirdik. Ancaq buna baxmayaraq Kəlbəcərdə erməni yaşamırdı. Sovet dövründə 2-3 kəlbəcərli erməni qadınla evlənmişdi. Onlardan başqa bir nəfər olsun erməni Kəlbəcərdə yaşamayıb. Bunu da təbii qəbul etmək lazımdır. Kəlbəcər bizim dədə-baba torpağımızdı. Ona görə də orada bir nəfər erməni olmayıb. Ermənilərə aid olsaydı heç olmasa 3-5 ailə yaşayardı”.
Zəngilan rayonu icra başçısının köməkçisi Şəmsi Ağayev də rayonlarında ermənilərin yaşamadıqlarını vurğulayıb. “Zəngilanda ancaq bura ərə gələn 4-5 erməni arvadı qalırdı. Yəni kütləvi şəkildə ermənilər yaşamırdı. Hazırda həmin erməni arvadları Bakıda qalır. Ermənilər bizim rayonda qeydiyyatda olmayıb və yaşamayıblar”.
Cəbrayıl rayonu icra başçısının müavini Arif Fərzəliyev də rayonlarında ermənilərin yaşamadığını deyib. “Bizdə ermənilər yaşamayıblar, tək-tük bir neçə nəfər idarə işçisi olub. Onların da yaşayış yerləri Cəbrayılla sərhəddə olan Dağlıq Qarabağın erməni kəndlərində idi. Onlar gəlib bizdə işləyirdilər. Amma Cəbrayılda bir nəfər olsun erməni sakin yaşamayıb”.
Laçın rayonunun icra başçısı Akif Səlimov da rayonda ermənilərin yaşamadığını qeyd edib. “Laçında 3-5 nəfər erməni olub, onlar da qonşu Şuşanın erməni kəndlərindən bizdə işləyirdilər. Yəni Laçında vətəni, dədə-baba torpağı olaraq yaşayan erməni yox idi. Çar Nikolayın vaxtında da Laçın rayonunda emrəni yaşamayıb və orada ermənilərin yaşaması haqqında fikirlər absurddur”.
Qubadlı rayonu icra başçısının müavini Sahib Əliyev də qeyd edib ki, onların rayonunda erməni yaşamayıb. “Qubadlı rayonunda erməni yaşamayıb. İşləyənlər olub, onlar da tikintidə və ya mütəxəssis kimi işləyirdilər. 1980-ci illərin əvvəllərində bir nəfər erməni Muradxanlı kəndində gəlib yaşayıb, orada da ölüb. Qeydiyyatı da deyəsən olmuşdu. Amma onun da kimsəsi yox idi. Kimsəsiz kimi bizim rayona gəlmişdi”.