|
Levan Asatiani: Azərbaycan hökuməti Avropa Oyunları tənqidlərdən azad zonada keçirmək istəyir
Amnesty International-ın Cənubi Qafqaz üzrə kampaniya koordinatoru Azərbaycana planlaşdırılan səfərin ləğvi haqda danışır
Amnesty International-ın Cənubi Qafqaz və Ukrayna üzrə kampaniya koordinatoru Levan Asatiani Amerikanın Səsi ilə müsahibəsi zamanı Amnesty International-ın Azərbaycana planlaşdırılan səfərini ləğv etməli olduğu bildirib. Buna səbəb son anda hökumətin bu hüquq-müdafiə təşkilatının nümayəndə heyətini Bakıya buraxmaqdan imtina etməsidir.
Levan Asatiani deyib ki, Amnesty International Bakıda mətbuat konfransı keçirməli idi. Tədbirdə Azərbaycanın Avropa Oyunları öncəsi vətəndaş cəmiyyətinin tənqidlərini susdurmasından bəhs ediləcəkdi.
Onun bildirdiyinə görə, Azərbaycanın Londondakı səfirliyinin “Azərbaycan hazırda Amnesty International-ı qəbul etmək iqtidarında deyil”, deyə bəyan etməsindən sonra “Azərbaycan: Avropa oyunları fonunda repressiyalar” mövzusunda birifinqin keçirilməsi üçün Bakıya təşkil edilən səfər ləğv edilib.
Levan Asatiani deyib ki, Azərbaycan hökuməti Avropa Oyunlarının tənqidlərdən azad zonada keçirilməsini istəyir.
O, bir daha Azərbaycanda ifadə azadlığının mövcud olmamasına dair təşkilatın narahatlıqlarını artırdığını vurğulayıb.
"Azərbaycan artıq yerli insan hüquqları müdafiəçilərini susdurub, sərhədlərini beynəlxalq insan hüquqları təşkilatlarına bağlayıb. Azərbaycan hökumətinin irəlilədiyi istiqamət qorxu yaradır,” deyə o bildirib.
Amnesty International dəfələrlə Azərbaycan hökumətini bütün vicdan məhbuslarını dərhal və qeyd-şərtsiz azad etməyə, ifadə, toplaşma və birləşmək azadlığına hörmətlə yanaşmağa çağırıb.
Cağırışlara etinasızlıq göstərən hökumətin öhdəliklərinə əməl etməsi üçün Levan Asatiani bildirib ki, beynəlxalq ictimaiyyət və dünya ölkələrinin liderləri Azərbaycanda insan haqlarının pozulmasına göz yummamalıdır.
Amnesty İnternational-ın Cənubi Qafqaz və Ukrayna üzrə kampaniya koordinatoru qurumun Azərbaycanın beynəlxalq tərəfdaşlarını açıq şəkildə Azərbaycan hökumətini vicdan məhbuslarının dərhal azad edilməsinə çağırmasının önəmindən danışıb. O, Avropanın Olimpiya Komitəsinin də Azərbaycanda insan haqları vəziyyətinə təsir göstərməsinin vacibliyini vurğulayıb.
Levan Asatiani bildirib ki, Avropa Oyunları Azərbaycanda insan haqları vəziyyətinə diqqət çəkilməsi üçün yaxşı bir imkandır:
“Beynəlxalq medianın Avropa Oyunları çərçivəsində bu ölkədəki vəziyyəti işıqlandırması olduqca mühümdür.”
İndiyədək beynəlxalq medianın oyunlarla bağlı fəaliyyətini müsbət qiymətləndirən Asatiani onların Avropa Oyunlarının siyasi və iqtisadi təsirləri ilə yanaşı, hər zaman pisləşməkdə olan insan hüquqları vəziyyətinə də göz yummadıqlarını deyib.
O, medianın bu kimi tədbirləri işıqlandırması sahəsində əlavə işə ehtiyac duyulduğunu vurğulayıb.
Levan Asatiani Amnesty İnternational-ın Avropa Oyunlarının boykot edilməsinə çağırdmadığını, oyunları xarici ölkə liderlərinin prezident İlham Əliyevi insan hüquqları müdafiəçilərinə qarşı basqıların dayandırılması və vicdan məhbuslarının azad edilməsinin Azərbaycanın öz mənafeyinə xidmət etdiyində əmin etməsi üçün bir imkan kimi qiymətləndirdiyini deyib./Azadlıq.info/