|
Neçə gündür ki, beynimdən bu statusu yazmaq keçir. Çox istədim ki, yazmayım, alınmadı.
Deməli, 1999-cu ilin ya mayı idi, ya da iyunu. Mərhum prezident Heydər Əliyev tədbirlərin birində Azərbaycandakı ictimai-siyasi sabitliyi, sosial inkişafı, ordu quruculugunu əhatə edən bir çıxış etmişdi. Bundan sonra olanları “köhnə” jurnalistlər, yəqin ki, xatırlayırlar.
Nizami kinoteatrı ilə üzbəüz indi adını unutduğum bir qızıl maqazini vardı. Səhv etmirəmsə, adı “Zümrüd” idi. Bir nəfər maskalı şəxs günün pik vaxtında, saat 11-12 radələrində həmin mağazaya silahlı basqın edərək ziynət əşyalarını apardı. Məsələnin maraqlı tərəfi onda idi ki, həmin şəxs sonra bayırda taksiyə əyləşərək üzü aşağı Sahil metrosunacan avtomatı taksinin pəncərəsindən bayıra çıxararaq havaya atəş açdı.
Elə həmin gecə Zığ tərəfdə dənizdən bir neçə nəfər akvalandlı şəxs çıxaraq o ərazidə yerləşən hərbi hissənin hərbçilərinə hücum edərək silahlarını alıb aparmışdılar. O dövrun mətbuatında informasiya xarakterli bir-iki yazı getdi və tez də mövzu gündəmdən çıxdı. Hadisələrin aqibətinə isə sonradan aydınlıq gətirilmədi. Heç nümayişkəranə şəkildə magazaya basqın edən adamı da tuta bilmədilər…
Həmin dövrdə Rusiya ilə münasibətlər gərgin idi. Regionda siyasi kataklizmlər səngimirdi. Azərbaycan prezident seçkilərindən yeniçə çıxmışdı. Müxalifətin “yaz hücumları” keçirilirdi.
Yenə də may ayıdır. Riqa sammitinə bir, Avropa oyunlarına 23 gün qalır. Azərbaycan müstəqillik tarixində Qərbin və Rusiyanın ən güclü basqılarından biri ilə baş-başadır. Bakida 16 mərtəbəli bina yanır. Hələ bina sönməmiş, hər kəs binanın söndürülməsi yolunda vuruşduğu bir zamanda hadisə yerində ölkənin baş prokuroru peyda olur və yanğının səbəbini elan edir: keyfiyyətsiz üzlük(?). Əcəba, cənab Baş prokurora bu qədər operativ məlumat haradan çatdırıldı. Kim imiş iki daşın arasında ekspertiza edən? Bu başqa bir araşdırmanın mövzusudur.
Səhəri gün Abid Şərifovun söküntülər üçün Avropa oyunlarından sonranı gözləmə təklifi prezident tərəfindən rədd edilir: dərhal! Fikrimcə, vəziyyətin olduqca ciddi olmasını anlamaq üçün cənab prezidentin “dərhal” ifadəsi kifayət qədər informasiya yükünə malikdir. Hər bir poliuretan üzlüklü binanın yanında polis postu və yangınsöndürən maşını saxlamaq imkanlarına rəğmən “dərhal” ifadəsi öz işini gördü. Üzlüklər söküldü. Prezident avrooyunlara bir gün qalmış ölkəsini alov içində görmək istəmədi…
Əvvəldə 1999-cu il olaylarını xatırlatmışdım. O zaman “Alfa” Bakıdadır” sərlövhəli həyəcanlı bir yazı yazmışdım. Yazıdan dərhal sonra məni MTN-ə dəvət etdilər. Müvafiq (özlərini belə təqdim etdilər) şöbənin müvafiq əməkdaşlarının otağında “Elçi” qəzetinin yazım olan səhifəsi açıq şəkildə masaya sərilmişdi. Yazı müxtəlif rəngli plamastrlarla bəzənmişdi. Faktları götürdüyüm mənbəni istəyirdilər. Ən sonda “Alfa”nın üstündə dayandıq. Buna mənbə “tapammırdım”. Yenə də rəhmətlik Vəfa Quluzadə köməyimə çatdı, daha doğrusu, onun həmin gun “Yeni Müsavat”a dediyi bir cumlə: “Rusiya kəşfiyyat orqanları bizi izləyir”. Bunu Vəfa müəllimin boynuna yıxmaqla vəziyyətdən çıxa bildim. Hərçənd yenə də razılaşmayaraq “kəşfiyyat”la “Alfa”nın ayrı-ayrı qurumlar olduğunu mənə “izah” etdilər. Və tövsiyə etdilər ki, bir daha bunları qarışdırmayım.
Orada çox mövzulardan söhbət getdi – İrandan Turanacan. Ayrılanda mənlə bir ismarıc da göndərdilər rəhmətlik Elçibəyə: “İranla bağlı narahat olma, biz işləyirik”. O zaman MTN İranın kəşfiyyat şəbəkələrinə qarşı bir neçə uğurlu əməliyyat da keçirmişdı. Bütün olanları rəhmətlik bəyə nəql edəndə: “Heç “Alfa” Bakıdan getdi ki?” – dedi. Növbəti yazımın sərlövhəsi “MTN-ə Elçibəyin mesajı” idi. Dəqiqləşdirdim: Bakıdakı “Alfa”dır”. Deyəsən, onlar da “dəqiqləşdirmişdilər”- məni bir daha narahat etmədilər…
Bütün bunları niyə yazdım? Dəyərli həmkarım Vüsal Məmmədov yanğında təxribat izi olduğunu yazanda şüvənşahlar nələr yazmadılar. Mən bu gün də hesab edirəm ki, “Alfa” Azərbaycandan getməyib. Xüsusilə də, prezidentin “dərhal sökülsün” əmri və Riqaya getməməsi mənə hər şeyi dedi…
P.S. Yeri gəlmişkən, sosial şəbəkələrdə insanların binaların üzlüklərini qaz lampaları ilə yandıra bilməmələrini təsdiqləyən videolar yayılır. Hörmətli Zakir müəllimin niyə “keyfiyyətsiz üzlük” deməsi onda mənə çatmamışdı. İndi çatdı… /Alim.az/