|
KXCP sədri Mirmahmud Mirəlioğlu Moderator.az saytı və “Hürriyyət” qəzetinə açıqlamasında Azərbaycan üçün təhlükə vəd edən qonşu dövlətlərlə bağlı maraqlı fikirlər səsləndirib.
M.Mirəlioğlu hesab edir ki, həm Rusiya, həm də İran Azərbaycan üçün olduqca ciddi təhlükə vəd edir və onların hər ikisinin ölkəmizlə bağlı yürütdüyü siyasət kifayət qədər təhlükəlidir: “Mən həm şimal, həm də cənub qonşumuzu Azərbaycan üçün daha təhlükəli hesab edirəm. Şimal qonşumuz Kuzey Azərbaycan üçün cənub qonşumuza nisbətən daha təhlükəlidir. Cənub qonşumuz isə Azərbaycanın bütöv bir hissəsini öz nəzarətində saxlayır. Azərbaycanın böyük bir hissəsi orda qalıb. Cənub qonşusu ordakılar üçün daha təhlükəlidir. Bu dövlətlərin heç biri Azərbaycana qarşı sərgilədiyi düşmən münasibətə görə bir-birlərindən geri qalmırlar. Onlar hər zaman Azərbaycana qarşı düşmən siyasət yürüdən, əleyhimə yaranan hər fürsətdən istifadə edən dövlətlərdir. Lakin bu məsələdə təbii ki, hər kəs fərqli fikirdədir. Məsələn, kim ki, rus dilində yaxşı danışır, rusu özünə dost hesab edir. Və ya kimsə fars dilində danışır, farsın özünə dost olduğunu düşünür. Bunlar ayrı məsələlərdir. Lakin bir həqiqət var ki, həm şimal, həm də cənub qonşularımız Azərbaycanın əzəli və əbədi düşmənləridirlər. Onlar özlərini bizə düşmən elan ediblər. Bizim onlarla heç vaxt düşmənçiliyimiz olmayıb”.