|
Nurçu camaatının ABŞ-da yaşayan lideri və Türkiyədə paralel hökumət qurmaqda ittiham olunan Fətulla Gülən haqqında yeni faktlar ortaya çıxıb. Fətulla Gülənlə bağlı bu vaxta qədər qaranlıq qalan bəzi faktlar gün işığına çıxıb. Sözgedən nəşrin məlumatına görə Fətulla Gülən 1969-cu ildə Azad və Qəbul Edilmiş Masonlar lojası tərəfindən təltif edilib.
1948-1949-cu illərdə nəqliyyat naziri vəzifəsində çalışan Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvü Qasım Gülekin (o, 1996-cı ildə vəfat edib) Fətulla Gülən barədə məktubunda bu barədə danışılır.
Qasım Gülək məktubunda bildirib ki, Fətulla Gülən hər masonun xəyalı olan ən böyük medalı layiq görülüb. Fətulla Gülənin hərbi xidmətdə olarkən mason təşkilatları ilə təmasa keçdiyi qeyd olunur. Fətulla Gülən masonlarla əlaqəsi vasitəsi ilə Moon təriqəti , MOSSAD və ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) çıxış əldə edir.
Məlumat üçün deyək ki, CHP-nin keçmiş baş katibi Qasım Gülək Fətulla Güləni Moon təriqəti və MKİ ilə tanış edən şəxs kimi tanınır. Qasım Gülekin yazdıqlarından savayı başqa sənədlər də göstərir ki, Fətulla Gülənin masonluq fəaliyyəti təkcə bununla məhdudlaşmır.
1975-ci il 25 mart tarixli sənədlərdən birində Fətulla Gülənin Mason Lojasından ayrılan bir qrup şəxslərlə əlaqəsi də buna dəlalət edir. Belə ki, Fətulla Gülənin həmin insanların yaratdığı Türkiyə Böyük Mason Məhfilində sədaqət andı içdiyi bildirilir. Bu barədə yayılan və Fətulla Gülənin dedikləri iddia olunan sənəddə yazılanları ixtisarla təqdim edirik:
"Kainat Ulu Memarının və bu mason ictimaiyyətinin hüzurunda öz arzu və iradəmlə səmimi olaraq and içirəm: Mənə öyrədiləcək və söyləniləcək masonluq sirlərini bir masondan başqasına və Mason Məhfili istisna olmaqla digər bir yerdə əsla bəyan etməyəcəyəm. Masonluq üçün çalışacağam və onun prinsiplərinə sadiq qalacağam". (M. Fətulla Gülən)
Qeyd edək ki, Türkiyədə 2013-cü ildə həyata keçirilən böyük rüşvət və korrupsiya əməliyyatlarından sonra keçmiş müttəfiqlər olan Rəcəb Tayyib Ərdoğanla Fətulla Gülən arasında qızğın siyasi mübarizə başlandı. O zaman baş nazir vəzifəsində olan Rəcəb Tayyib Ərdoğan bəyan etdi ki, həmin əməliyyat nazirləri, dövlət strukturlarını hədəfə almaqla, ölkəni xaosa sürükləmək məqsədi daşıyıb. (modern.az)