|
Mərkəzi Bank tərəfindən məzənnə siyasətindəki dəyişiklik son günlərin ən çox müzakirə olunan mövzularından biridir. Odur ki, mən də fikirlərimi bölüşərək bildirmək istərdim ki, Mərkəzi Bankın müəyyən olunmuş dəhliz çərçivəsində valyuta bazarında iştirakını davam etdirəcəyi halda manatın qısa müddətli dövrdə kəskin ucuzlaşacağını gözləməyə dəyməz.
Teleqraf.az xəbər verir ki,iqtisadçı ekspert Qubad İbadoğlu manatın kursunun müəyyənləşdirilməsinə dair Milli Bankın etdiyi dəyişiklərə münasibətini bildirib:Çünki, mövcud iqtisadi və maliyyə imkanları yaxın müddətdə bu prosesin nəzarətdə saxlanılmasına imkan verir, onsuz da Mərkəzi Bankın valyuta ehtiyatları manatın sabitliyi üçün xərclənir. Digər tərəfdən də məzənnə siyasətində ikitərəfli məzənnənin hədəflənməsindən valyuta səbəti dəyərinin hədəflənməsinə keçid zamanı avro yenidən səbətə daxil edilsə də onun xüsusi çəkisi çox aşağı götürülüb. Lakin, məlum açıqlamanın yaratdığı psixoloji təsirlər yaxın müddət ərzində aşağıdakı neqativ tendensiyaların güclənməsinə stimul verəcək:
Birincisi, Mərkəz Bank valyuta bazarında satışyönlü müdaxilə rejimində daha gərgin işləməyə məcbur olacaq. Bu isə müdaxilə xərclərinin artımını və valyuta ehtiyatlarının azalmasını sürətləndirəcək.
İkincisi, əhalinin gözləntiləri çox olduğuna görə, manatla olan depozitlərin geri götürülməsi davam edəcək ki, bu da manata olan inamın azalmasını şərtləndirəcək.
Üçüncusu, baş verənlər dövriyyədə nağd əməliyyatların artımına və gizli iqtisadiyyatın genişlənməsinə gətirib çıxaracaq.
Dördüncüsü, iri məbləğdə olan (əmlak, torpaq və maşın bazarlarında) alışlar və satışlarda dollara üstünlük veriləcək.
Nəhayət, ölkədən kapital axının sürətlənəcək.
Mərkəz Bank ötən ilin sonuncu rübü üzrə tədiyə balansının nəticələrini açıqlamasa da artıq əvvəlki rüblər üzrə profisitin azalması qeydə alınıb. Daha ciddi azalma isə bu ilin 1-ci rübündə gözlənilir. Bu isə o deməkdir ki, əgər neftin orta illik qiyməti hətta indiki səviyyəsində qalarsa tədiyə balansının profisiti kəskin azalacaq və manatın məzənnəsinə artıq psioxoloji deyil, gerçək təsirlər işə düşəcək.