|
Qondarma “Dağlıq Qarabağ Respublikası” (DQR) girovlarımızla bağlı apelyasiya məhkəməsini Xocalı soyqırımı gününə təyin edib.
Belə ki, həmin gün kəlbəcərli girovlar – Dilqəm Əsgərov və Şahbaz Quliyevin “apelyasiya şikayəti”nə baxılacaq.
Bu barədə Aktual.az-a danışan Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı qondarma DQR-in qurduğu məhkəmənin saxta olduğunu deyib: “Bu məhkəmədən heç nə gözləmirik. Onların təyin etdikləri bütün bu məhkəmələr qondarmadır. Girovlarımız apelyasiya şikayəti verməməli idilər. Bu, Dağlıq Qarabağda qondarma qurumun tanınması deməkdir. Onsuz da ermənilərdən haqq-ədalət gözləmək mənasızdır. Onlar bu məsələni bacardıqları qədər uzadacaqlar”.
QAT sədrinin sözlərinə görə, qanunsuz məhkəmənin özü ilə bağlı Azərbaycan tərəfi Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib. Düzgün xətt həmin məhkəmənin reaksiyasını gözləməkdir. Başqa proseslərin heç birinin əhəmiyyəti yoxdur.
A. Nağı onu da qeyd edib ki, qondarma məhkəmənin məhz Xocalı soyqırımı gününə təyin edilməsi təsadüfi deyil: “Bu addım erməni xislətinə xas olaraq atılıb. Lənətlənmiş toplumun Azərbaycanla bağlı heç vaxt xoş niyyəti olmayacaq. Məhkəməni məhz ayın 26-na salmaları da onların qərəzindən xəbər verir”.
Xatırladaq ki, öz ata-baba yurdlarını ziyarət etməyə gedən soydaşlarımız saxta ittihamlar və saxta məhkəmə prosesi əsasında ən ağır cəzalara məhkum ediliblər – Dilqəm Əsgərova ömürlük, Şahbaz Quliyevə isə 22 illik həbs cəzası kəsilib.