|
“Azərbaycan, Türkiyə və Türkmənistan bir-birilərinin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə hörmət və dəstəklərini təsdiq edirlər”. Azərbaycan Xarici İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, bu barədə hər üç ölkənin xarici işlər nazirlərinin Aşqabadda keçirilən görüşündən sonra qəbul edilən birgə bəyanatda deyilir.
Bəyanatda bildirilir ki, tərəflər beynəlxalq siyasət məsələlərini müzakirə edərək sülh, təhlükəsizlik və sabitliyin təmin edilməsi, beynəlxalq və regional miqyasda, xüsusilə Mərkəzi Asiya, Xəzər dənizi regionu, Cənubi Qafqaz, Orta və Yaxın Şərqdə etimad və qarşılıqlı anlaşma şəraitinin yaradılması istiqamətində göstərdikləri səylərin əhəmiyyətini qeyd ediblər: “Bu kontekstdə Azərbaycan, Türkiyə və Türkmənistanın beynəlxalq təşkilatlar, ilk növbədə Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, həmçinin digər beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlığının məqsədəuyğunluğu vurğulanıb”.
Xarici işlər nazirləri enerji sahəsində üç ölkə arasında əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər və Xəzər dənizi regionundan Türkiyədən keçməklə Avropaya təbii qazın çatdırılmasının xüsusi əhəmiyyəti qeyd olunub. Bununla əlaqədar enerji şirkətləri arasında əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyi və neft-qaz şirkətlərinin nümayəndələrinin üçtərəfli görüşünün təşkilinin məqsədəuyğunluğu bildirilib.
Nazirlər ölkələrinin böyük nəqliyyat-tranzit imkanlarını nəzərə alaraq nəqliyyat-kommunikasiya sahəsində əməkdaşlığın inkişafına mühüm əhəmiyyət verdiklərini deyiblər. Nəqliyyat sahəsində əməkdaşlığın inkişafı və üç ölkənin imkanlarının maksimal şəkildə istifadəsi üçün Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizinin yaradılması məsələsinə baxılıb.
Görüşdə üç ölkənin nəqliyyat nazirliklərinin və qurumlarının nümayəndələrinin, ticarət-sənaye palataları və müvafiq nazirlik və qurumlarının nümayəndələrinin görüşünün təşkilinin zəruriliyi qeyd olunub.
Nazirlər 2015-2017-ci illər üçün Azərbaycan-Türkiyə-Türkmənistan əməkdaşlığına dair Çərçivə Proqramını qəbul ediblər və onun həyata keçirilməsində xarici işlər nazirliklərinin əlaqələndirici rolunu vurğulayıblar: “Bununla əlaqədar xarici işlər nazirləri müvafiq nazirlik və qurumları çərçivə proqramının müddəalarını həyata keçirilməsinə yönəlmiş əməkdaşlığın fəallaşdırılmasına və onun yerinə yetirilməsinə səy göstərməyə çağırıblar”.