|
İkinci Dünya müharibəsinin sonlarına yaxın, daha dəqiq desək, 1945-ci ilin martında bir qrup SS əsgəri iki həftə ərzində Avstriyanın dağlıq ərazisində yerləşən Toplis-Zee gölünə qutular daşıdı. Qutuların içində nəyin olduğu onillər keçdikdən sonra məlum oldu.
Sualtı qayıqla gölün 80 metr dərinliyinə enən tədqiqatçılar keçmişin müəmmalı “şahidləri” ilə rastlaşdılar. Amma tapıntı Toplis gölünün suyu kimi çirkli idi. Gölün sirrini açmağa yönəlmiş bütün cəhdlər tədqiqatçıların ölümü ilə nəticələnirdi.
İlk qurbanlar
1945-ci ilin yay aylarında balıqçılar dəyişmək üçün banka ingilis funt sterlinqləri gətirməyə başladılar. Tezliklə, pulların saxta olduğu ortaya çıxdı. Balıqçılar bu pulu Toplis gölü sahillərindən yığdıqları barədə ifadə verdilər.
Üçüncü Reyxin xəzinəsini gölün dərinliklərindən çıxarmaq üçün amerikalı və ingilis dalğıclar tərəfindən ilk cəhd edildi. Bir versiyaya görə, dalğıclar uzun müddət axtarsalar da, heç bir xəzinə tapa bilmədilər. Başqa bir versiyaya görə isə, dalğıclardan birinin oksigen şlanqı suyun altında kimsə tərəfindən iti alətlə kəsildiyi üçün o, dünyasını dəyişdi. Bununla da axtarışlar başa çatdı. Müharibə təzə bitmişdi. Bu hadisədən sonra isə həyatını riskə atmaq istəyən tapılmadı.
Qəribə dibi olan göl
“Rusiya dəstələrinin axtarış ittifaqı”nın sədri Yuri Smirnov da bu göl barədə xəbər verib. Uzun illər o, Üçüncü Reyxin sualtı anbarı barədə məlumatı avstriyalı dostlarından (axtarış dəstəsinin “Qara Xaç” üzvlərindən söhbət gedir) alıb. Bu gölün ikiqat dibi var. 4-5 metr dərinlikdə sualtı adalar üzür. Bu adalar batmış ağac və kötük yığınından ibarətdir. Adaların altında 5-6 metrlik lil qatı var, sonra isə qaranlıqdır. Avstriyalı tədqiqatçılar gölün dərinliyinə ensələr də, tapılan əşyaları çölə çıxara bilməyiblər. Alimlər təyin ediblər ki, Toplis gölünün 16 metr dərinliyində oksigen, demək olar ki, yoxdur. Bu isə istənilən canlı orqanizm üçün məhvedicidir. Bəzi yerlərdə gölün dərinliyi 100 metrdən çoxdur.
Üçüncü Reyxin Xəzinəsi
Bir qrup tarixçinin iddiasına görə, Toplis gölündə SS-çilər tərəfindən batırılmış qutularda qızıl olub. Almanlar işğal etdikləri Avropa ölkələrindən tonlarla qızıl əldə etmişdilər. Bəzi tarixçilərin fikrinə görə isə bu qutularda nasistlərin hansı banklarda, hansı hesablarda pulları olduğu barədə sənədlər varmış.
Hər iki halda, ümumi fikrə görə, Toplis gölünün dərinliyində qiymətli xəzinənin mövcudluğu məlum olur. Söhbət Berlindəki reyxsbankın zirzəmisindən çıxarılan 50 qutudan, 22 kanistr qızıldan, 5 kiloqram Kaltenbrunner brilyantından, Gerinqə məxsus qiymətli poçt markası və qədim pullar kolleksiyasından, zərgərlik məmulatları ilə dolu seyflərdən gedir.
1945-ci ildən dəfinə axtaranlar arasında həlak olanların sayı durmadan artıb. Bu günə qədər də xəzinənin keçmiş SS-çilərdən təşkil edilmiş xüsusi dəstə tərəfindən qorunduğu iddia edilir.
Axtarışlar davam edir
1946-cı ilin fevralında əslən Lins şəhərindən olan iki mühəndis – avstriyalı Helmut Mayer, Lüdviq Pixler (onlar eyni zamanda alpinist idilər – red.) və onların dostu Hans Haslinger gölün sahilinə gəldilər. Mühəndislər Rauxfanq dağına qalxdılar. Haslinger isə, naməlum səbəbdən tezliklə gölün qırağındakı düşərgəyə, oradan da Linsə qayıtdı. Bir ay sonra alpinistlərdən xəbər tuta bilməyən dövlət rəsmiləri axtarışa başladılar. Ölü dağın zirvəsində qardan hazırlanmış komanın içində Mayer və Pixlerin cəsədləri tapıldı. Pixlerin qarnı yarılmış, bağırsaqları çantasının içinə yığılmışdı. Təhqiqat nəticə vermədi. Amma sonradan Mayer və Pixlerin müharibə illərində Toplis gölü sahillərində gizli silahın sınaqlarında iştirak etdikləri məlum oldu.
1950-ci ilin avqustunda hamburqlu mühəndis Keller peşəkar alpinist Gert Gerenslə birlikdə Toplis gölünə gəldi. Dağın cənub yamacına dırmaşmağa çalışan alpinistlər bədbəxt hadisə ilə üzləşdilər. Gerensin ipi qopdu və o, boşluğa yuvarlandı. Keller bədbəxt hadisə barədə ifadə verərək, gölün sahilini tərk etdi. Qeyd etmək lazımdır ki, Keller müharibə vaxtı gizli sualtı qayıqlar bazasının rəisi olub.
Eyni vaxtda üç nəfər fransalı geoloq gölün sahilinə gələrək, buradakı kiçik mehmanxanaların birində otaq tutur. Onların əlində İnsbrukda yerləşən ordu komandanlığından zəmanət məktubu var idi. Yerli polis alimlərə mane olmadı. Səkkiz gün sonra, maşına 4 ağır qutu yükləyən geoloqlar yola düşdülər. Otelin sahibi alimlərdən aldığı pulu dəyişmək üçün banka gələndə əskinazların saxta olduğu üzə çıxdı.
1952-ci ildə gölün sahilində iki naməlum insan meyiti tapıldı. Polis bu işin təhqiqatına başlamağa macal tapmamış, qarşı sahildə fransalı Jan de Soz adlı coğrafiya müəlliminin cəsədi tapıldı. Onun bel çantası və alətləri yoxa çıxmışdı. Cəsədin yanında şurf (mədən yataqları axtarmaq üçün qazılan quyu) tapıldı. Quyunu doldurmaq istəyəndə, məlum oldu ki, fransalı müəllim burada nə isə tapıb və bu ona canı bahasına başa gəlib.
“Ştern” jurnalının ekspedisiyası
1959-cu ildə qərbi Almaniyanın “Ştern” jurnalı Toplis tapmacasına cavab tapmaq üçün ekspedisiya təşkil etdi. Akvalanqistlərdən ibarət komanda 5 həftə ərzində gölün dibində tədqiqat işləri apardı. Gölün dərinliklərindən dəmirdən və taxtadan hazırlanmış 15 qutu çıxarıldı. Qutularda saxta ingilis banknotları var idi. 1935-1937-ci illərə aid pulun ümumi dəyəri 55 min funt sterlinq idi. Qutulardan birində isə İmperiya baş təhlükəsizlik idarəsinin sənədləri var idi. Bu sənədlərin bəzisi müəyyən düşərgələrdə saxlanılan əsirlərin siyahısı idi.
Tapılmış digər qutular sudan çıxarılmadı. Əməliyyat gözlənilmədən dayandırıldı. Ekspedisiya üzvləri jurnal redaksiyasından “Orada qalmağınız artıq məqsədəuyğun deyil. Təcili surətdə axtarışları dayandırın” məzmunlu teleqram aldı. Gəzən şayiələrə görə, guya naməlum adamlar jurnalın sahibinə axtarışları dayandırmaq üçün çox böyük məbləğ təklif ediblər.
Avstriya Daxili İşlər Nazirliyi əməkdaşları qutularda tapılan pulun, həqiqətən də, saxta olduğunu bəyan etdi. Amma mətbuat konfranslarının birində sənədlərin içində Himlerin gündəliyinin olmadığı barədə fikir səsləndirildi. Amma heç kəs gündəlik barədə əvvəldən danışmamışdı. Bəs çıxarılmış qutularda nə var idi axı?
Axtarışçıları “udan” göl
1963-cü ildə yenə də faciə baş verdi. Qərbi Almaniyadan olan 3 turist Altaus-Zeedə çadır qurdu. Bir neçə gün sonra turistlərdən biri Toplis-Zee gölündə batdı. Münhenli idmançı olan bu turist faşistlərin Abver qurumunun əməkdaşı və keçmiş nasist idi.
1963-cü ildə avstriyalı dalğıclar 79 metr dərinlikdə alman təyyarəsi tapdılar. Təyyarədə nə olduğu barədə məlumat verilmədi. Çünki ekspedisiya təcili surətdə dayandırıldı. Eyni ilin oktyabrında Toplis gölündə Alfred Eqner adlı üzgüçünün meyiti tapıldı. Noyabrda isə 17 yaşlı Valter Niqtl müəmmalı surətdə qonşuluqdakı Alat gölündə batdı. Toplisə yaxın göllərdən də saxta pullar tapılırdı. Eyni zamanda bu göllərdə də müəmmalı ölümlər qeydə alınırdı. Bu hadisələrdən sonra Avstriya hökuməti tərəfindən gölün dibinə baş vurmaq qadağan edildi.
Frikenin ekspedisiyası
Hans Frike alim-bioloq qismində Toplis gölünə yollandı. Onun ekspedisiyasının məqsədi gölün flora və fauna aləmini öyrənmək idi. Təbii ki, Frike tədqiqatçıların ölümü barədə məlumatlı idi. Amma Hansın ekspedisiyası öncəkilərə nisbətən daha yaxşı hazırlanmışdı. Onun sualtı qayığı da vardı. Suya birinci dəfə dalanda Frike əhəmiyyətli bir şey tapacağına inanmırdı. Amma gölün dibində kifayət qədər saxta pul aşkar edildi.
Bioloq qısa müddət ərzində tarixçi-araşdırmaçıya çevrildi. Tezliklə, Frike Toplis gölündən ikinci dünya müharibəsində batırılmış hərbi texnikanın qalıqlarını tapdı. Gölün dərinliklərində su təyyarəsinin qalıqları var idi. Avstriyalı dalğıcların köməyi ilə Frike raket, mina, bomba və ponton (müvəqqəti körpü üçün dayaq rolunu oynayan yastıdibli qayıq) qalıqlarını çıxardı. Hərbi sursatın gəmi təchizatı üçün nəzərdə tutulduğu aydınlaşdı. Müharibə vaxtı gölün yanında Almaniya hərbi dəniz donanmasının silahlanması ilə məşğul olan institut yerləşirdi.
Hans institutla saxta banknotlar arasında olan əlaqəni aydınlaşdırmaq istəyirdi. Müharibə dövründə laboratoriya və saxta pullar Hitlerin silahı idi. İnstitut sualtı qayıqlar üçün yeni növ silahlar istehsal edirdi. Banknotları isə Britaniya iqtisadiyyatını çökdürmək üçün çap edirdilər.
Gölün dibindəki lil qatı işi çətinləşdirirdi. Tapılan silahlardan biri sualtı mina idi. Bu mina müəyyən dərinlikdə də işləyirdi. Eyni zamanda oradan suyun altından çıxaraq qurudakı hədəfi dağıdan raket də tapıldı. Yeni silahın çoxlu partlayıcı maddənin köməyi ilə hazırlanırdı.
Faşist Almaniyasının gizli laboratoriyalarında bir çox hallarda əsir düşərgələrinin dustaqlarının əməyindən istifadə edilirdi. Saxta pulların çap edildiyi tipoqrafiya Zaksenhauzen ölüm düşərgəsində idi. Bu düşərgədə faşistlər tərəfindən 100 mindən çox insan qətlə yetirilib. Bəzi məlumatlara görə, 12 saxta pul çapçısı faşist medalı ilə təltif də edilib.
Frike gizli tipoqrafiyada çalışan bir nəfəri tapmağa müyəssər olur. “Bernqard” əməliyyatının canlı şahidi Cek Palper bu düşərgəyə düşəndə 18 yaşı olub. Onun sənəti rəngsazlıq idi. Ceki dərhal 19 nömrəli baraka, yəni saxta ingilis pulları çap edən otağa göndəriblər. 1942-ci ildə barakda 26 nəfər çalışsa da, 2 il sonra işçilərin sayı 140-a çatdı. Onların vəzifəsi 5, 10, 20 və 50-lik saxta banknotlar hazırlamaq idi. Reyxin kəşfiyyat xidməti xarici valyutaya ehtiyac duyurdu və bu səbəbdən saxta pullara tələbat çox idi.
Hans Frike düşərgədə xidmət edən zabitlərdən birini, Bernqrad Krüger adlı nasisti axtarırdı. Çünki Krüger maliyə fırıldaqlarında əsas şəxs idi. Onun dostu Cənubi Afrikada Bernqradın qızı ilə tanış olur. Beləcə, Hans qızın atası, Bernqrad Krügerlə də tanış olub söhbət etmək imkanı əldə edir. Krüger saxta pasport və pul hazırlayan şöbənin rəhbəri olub. Onun rəhbəri isə SS rəisi Henrix Himler olub. Krüger və Himler birbaşa Adolf Hitlerə tabe idilər.
Saxta pullar hara gedirdi?
Məhşur nasist kəşfiyyatçı Otto Skorseni saxta pul istehsalına xüsusi maraq göstərirdi. O, ABŞ-a göndərilən agentlər üçün dollara ehtiyac duyurdu.
Kəşfiyyat rəisi Şellenberq ölkədən kənarda fəaliyyət göstərən şirkətləri maliyələşdirmək üçün saxta pula ehtiyac duyurdu. O, əsasən hiyləgər və tamahkar biznesmenlərlə iş qururdu. Saxta pullar eyni zamanda Almaniya gizli agentləri üçün qaçaqmalçı silah alveri üçün də lazım idi. Bəzən isə bu pullarla İtaliya, Yunanıstan və Fransada müəyyən qrup partizanlar üçün ingilis və amerikan silahı alınırdı.
Toplis gölünün hərbi sirri
Bundan başqa, Almaniya dəniz donanmasına “əl gəzdirməli” idi. Müharibənin əvvəlində məhz alman sualtı qayıqları Britaniyanı dəniz blokadasında saxlamışdı. Amma müttəfiqlər lokator və təyyarələrin köməyi ilə sualtı qayıqları aşkara çıxarırdılar. Bombardmanlar bir çox alman sualtı qayığını sıradan çıxarmışdı. Toplis gölündəki laboratoriyada sualtı raket istehsalı üzərində işləyirdilər. Ekspedisiyadan 20 il sonra Frike, Britaniya dəniz donanmasının kitabxanasında çalışarkən yeni silahın yaranmasına aid sənədlər tapdı. Sənədlərə əsasən, alman konstruktorlar yeni sualtı raket qurğusu icad etməyə cəhd göstəriblər.
Frike laboratoriyada ilk sınaq zamanı çalışan işçilərin fotolarını da tapdı. Gölün dibində isə, fotodakı raketin qalıqlarına rast gəldi. Suyun dibindən, 90 metr dərinlikdən raket qurğusu quruya çıxarıldı. Almanlar sualtı qayıqlarl bu tip raket qurğuları ilə təchiz etmək istəyirdilər. Layihədən amerikalılar “Polyaris” raket kompleksinin istehsalı zamanı istifadə etdilər. Bu raket sualtı qayıqdan 1000 kilometr aralıda yerləşən hədəfi darmadağın edə bilirdi.
1945-ci ildə Almaniya müharibəni uduzdu. Sovet qoşunları Polşanı azad etdikdən sonra Almaniyaya daxil oldular. Faşist ordusunun müqaviməti qırıldı. Berlin mühasirəyə alındı. Nasistlər əllərinə keçən hər şeyi götürüb qaçmağa başladılar.
1945-ci ilin fevral ayında saxta pul çap edən laboratoriyanı Zaksenhauzendən köçürdülər. İşçiləri isə qatarla Almaniyanın cənubuna yola saldılar. Qiymətli olan hər şeyi dağlarda və gizli anbarlarda gizlətdilər. Amma müttəfiqlərin hücumu başlamışdı.
Cek Palper bu hadisələri belə xatırlayır: “Kənd yolu ilə irəliləyirdik. Birdən amerikalılar peyda oldu və bizə atəş açmağa başladılar”.
SS ordusuna saxta banknotları qorumaq əmri verildi. Onlar verilən tapşırığa əsasən, pul ilə dolu qutuları dağlarda yerləşən gizli anbarlarla apardılar. Amma SS zabitləri təyin edilmiş marşrutdan kənara çıxdılar. Onlar gölün kənarında yerləşən tədqiqat institutuna gəldilər. Bina bomboş idi. Almaniyanın təslim olmasına sayılı günlər qalmışdı. Nasistlər saxta pulları məhv etmək qərarına gəldilər. Onlar pul ilə dolu qutuları göldə batırmaq istəyirdilər. Qutular o qədər çox idi ki, bu işə iki gün vaxt getdi.
“Bernqrad” əməliyyatında iştirak edən bütün əsirlər sağ qaldı. Amerika ordusu onları azad etdi.
Hans Frike 1987-ci il noyabrın 11-də sonuncu dəfə Toplis gölünü ziyarət etdi. O, buraya keçmiş SS zabiti Krügerlə gəlmişdi. Onlar sualti qayıqla gölün dibinə endilər. Krüger suda gözünə dəyən saxta ingilis pullarını gördü. Frikenin tədqiqatı əməlli başlı səs-küyə səbəb oldu. Amma onun işinə mane olmaq istəyənlər var idi.
2001-ci ildə Simom Vizental mərkəzinin əməkdaşları Hansın işini davam etdirdilər. Toplis gölündən hər birinin çəkisi 100 kiloqram olan 9 qutu çıxarıldı. Qutular zirehli yük maşını ilə Zalsburqa göndərildi. Bu günə qədər də qutularda nə olduğu barədə məlumat yoxdur. Bir versiyaya görə, bu qutularda Hitler Almaniyasının yüksək rütbəli məmurlarının bank hesablarına aid sənədlər olub.
Bu, Toplis gölündə aparılan son tədqiqatdır. Hələ də Avstriyada yerləşən bu müəmmalı gölün sirləri tam açılmayıb. Bəlkə də, gölün dərinliklərində başqa xəzinələr yatır? Kim bilir?
Hikmət Həsənov
Publika.az