|
Elçin İsmayıl : Biz hər zaman millətimizə xidmətimizlə fəxr edirik.
Elşən Səfəvi Ismayil: Bizim filmimizdə daha fərqli bir baxış açısı var.
Ənvər Məmmədov: Mənimçün vətəndən vacib heçnəyin olmağını göstərdim.
Çox yaxın zamanlarda təqdimatı olacaq, Bütöv Azərbaycan Ocaqlarının millətci gənclərinin hazırlamaqda olduğu yeni milli film “BOZQURDUN İNTİQAMI” adlı layihə haqqında sizlərə bir qədər məlumat vermək istərdik. İlk müsahibimiz Bütöv Azərbaycan Ocaqlarının üzvü, milli düşüncəli gənc, filmin ideya müəllifi və redaktoru Elçin İsmayıl-ın film haqqında fikirlərini alaq:
- Filmin ideyası sizin ağlınıza hardan gəldi və bu filmin ərsəyə gəlməsi sizin üçün nə deməkdir?
- İlk öncə mənə söz verdiyiniz üçün sizə təşəkkür edirəm. Onu sözləyim ki, filmin ideyası üzərində 2 ildən çox bir vaxtdır ki qardaşım, təşkilatımızın gənc istedadlı üzvü Elşənlə düşünürdük, amma dəqiq bir qərara verə bilmirdik, axırı uzun mübahisələrdən və müzakirələrdən sonra belə bir filmi hazırlamağa qərar verdik. Senaristliyini qardaşımın üstləndiyi film mənim üçün hər şeydən öncə xüsusən ölkəmizin gəncliyində bir milli şüurun oyanması, milli kimliyini dərk etməsi və vətənpərvərliyin təbliği açısından çox önəmlidir. Bildiyimə görə heç vaxt, heç bir qurum tərəfindən hazırlanmamışdı, ona görə həm milli, həm mədəni sahədə bir yenilik olduğunu söyləyə bilərəm.
- Sicə bu filmin uğuru nədən asılıdır və bu film tam olaraq Azərbaycan gəncliyinə nə demək istəyir?
- Filmin uğuru əlbəttə ki, tamaşaçının bu filmi necə qarşılayacağından asılıdır və onu qeyd edim ki bu bizim ilk filmimizdir və bizim üçün əsasən sınaq məqsədi daşıyır. Filmin Azərbaycan gəncliyinə tam olaraq mesajı isə öz milli Türk kimliyini anlatmaq, milli özünüdərki başa salmaq və gerçək millətçiliyi xatırlatmaqdır.
- Anladığıma görə siz və komandanız bu sahədə, yəni film təşkilatçılığı sahəsində profisional deyilsiniz, bəs film yayınlandıqdan sonra böyük tənqidlər alacağınızdan çəkinmirsiniz ki?
- Xeyr, əlbəttə. Hər bir iş belədir, ilk öncə ortaya çıxdıqda cəmiyyət tərəfindən qəbul edilənə qədər normal haldır ki böyük tənqid izdihamıyla qarşılaşsın. Biz əsla heç bir əks fikirlərdən qorxmuruq, özümüzə tam güvənirik və ümüdvarıq ki milli-mədəni sahədə bu filmlə xalqımıza bir xeyrimiz toxunacaq. Biz hər zaman millətimizə xidmətimizlə fəxr edirik.
- Təşəkkür edirəm, çox sağolun, dəyərli fikirlərinizi bizimlə bölüşdüyünüz üçün.
İndi isə filmin eyni zamanda senaristi, rejissoru, montaj edəni və layihə rəhbəri Elşən Bəylə müsahibəmizi davam etdirək:
- Elşən bəy, sizə birinci sualım filmin məs adıyla bağlıdır, bu ad hardan ağlınıza gəldi və siz bu filmlə nəyi anlatmaq istəmisiniz tamaşaçılarımıza?
- Mən də təşəkkür edirəm sualınız üçün. Öncə belə deyim ki tezliklə izləyəcəyiniz film bizim yaxın tariximiz haqqındadır. Həm yaxın tariximiz haqqındadır, həm özümüz haqqındadır. Necə deyərlər biz bu filmdə sırf özümüzü izləyəcəyik. Özümüzə baxacayıq, öz səhvlərimizi, doğrularımızı görəcəyik. Filmin adına gəldikdə isə niyə məs “BOZQURDUN İNTİQAMI”? Bu sualın cavabı çox sadədir, bilirsiniz ki biz Türklərin qədim mifologiyasında, qədim inancında Bozqurd xüsusi yer tutmuşdur. Yəni, hər millətin öz xüsusi milli simgəsi olmuşdur, buna misal olaraq ingilislər şiri, ruslar ayını xüsusi simgə qəbul etmişlər, biz də Bozqurdu. Filmdə anlatılan gerçəklər, edilən insanlıq dışı cinayətlər məs Türkün başına gətiriliyi üçün, Türk də haqlı olaraq özündə gec toplamış və ona zülm edənlərdən intiqamını almağa çalışmışdır ki, bu da məncə filmin adının niyə məs belə olmasına aydınlıq gətirir.
- Çox sağolun, həqiqətən də tam aydın şəkildə izah etdiniz. İstərdim filmin mövzusu haqqında qısaca bizə məlumat verərdiniz, bir senarist olaraq?
- Mövzu Qarabağdır. Burda Qarabağın daha çox qabardılması var. Bu mövzuya Azərbaycan kino sahəsində kifayət qədər yer verilməsinə baxmayaraq bizim filmimizdə daha fərqli bir baxış açısı var. Yəni, mövzu tam olaraq ermənilər və ya Qarabağda baş verənlər deyil. Mövzu, Qarabağ müharibəsinin və ondan öncə Azərbaycana qarşı edilən cinayətlərin necə planlaşdırılması, kimlər tərəfindən necə işlənilməsi, bu insanlıq dışı cinayətlərdə kimlərin necə açıq-aydın olaraq iştirak etməsidir. Bir də bunu söyləyim ki, filmin siyasi anlatım cəhətdən mövzusu biraz ağır gələ bilər tamaşaçılara, amma biz əlimizdən gələni edərək ağır, siyasi mövzuları daha səlis və aydın şəkildə anlatmağa çalışmışıq. Ola bilər tamaşaçılarımızın müəyyən qismi filmdəki bəzi prosesləri tam anlaya bilməsin və ya qəribə qarşılasın, xüsusən bu bugünki siyasi-dini cərəyanların nəticəsi ola bilər (burda işğalçı Rusiyanın və özəlliklə İranın payı böyükdür) . Bəziləri ola bilər ki bizim İrana baxışımızı dini cəhətdən qiymətləndirsin və ona görə bizi tənqiq atəşinə tutsun, amma filmin senaristi və rejissoru olaraq bildirim ki, burda – filmdə İran dini cəhətdən qiymətləndirilməmişdir. Filmdə farsların şovinizm siyasəti, digər xalqlara necə aşağılayıcı baxması və onları idarə etmək üçün dindən necə məharətlə istifadə etməsi, gerçəkdə dini uşaq başı aldadan oyuncaq kimi qiymətləndirməsi göstərilir. Filmdə sırf fars şovinizmi var, rus imperializmi var. Qısaca bildirim ki, filmdə düşmənlərimizin bizi aldadaraq bizə zülm etməsi üçün bizim hislərimizdən, həssas nöqtlərimizdən necə istifadə etməsi göstərilmişdir. Filmdə bir güçlü və gizli “TURAN” təşkilatından bəhs edilir. Bu təşkilat ümumtürklərin problemlərini həll etməyə, Türk xalqlarının ortaq düşmənlərindən intiqam almağa çalışır.
- Təşəkkür edirəm, çox sağolun, filmə və təşkilatınıza uğurlar diləyirik.
Növbəti müsahibim, filmin baş obrazı Kürşad obrazının ifaçısı Ənvər Məmmədovdur. Gəlin onun da film haqqında bir neçə fikrini alaq:
- Salam Ənvər bəy! Sizə bir neçə sualım var, ilk sualım odur ki siz öz obrazınız haqqında nə deyə bilərsiniz?
- İlk öncə mən sizə təşəkkür edirəm ki, siz bu film haqqında maraqlanırsınız. Obrazım haqqında isə onu deyə bilərəm ki, Kürşad vətənpərvər insandır, onun bu filmdə missiyası ondan ibarətdir ki, Azərbaycan xalqının, bütün Türklərin başına gətirilən faciələrin kimlər tərəfindən planlaşdırıldığını, kimlər tərəfindən icra edildiyini araşdırıb tapsın və onları cəzalandırsın. O filmdə Qarabağın kimlər tərəfindən işğal olunduğunu, Xocalı faciəsinin kimlər tərəfindən törədildiyini axtarıb tapır, onlara layiqli cəzanın verilməsinə çalışır.
- Sizə bu rol təklif olunduğu zaman ilk nə düşündünüz? Bildiyimə görə komandada siz digərlərindən ictimai fəaliyyətinizə görə çox fərqlənirsiniz və bu təşkilatla tanışlığınız elə bu filmlə olmuşdur?
- Mənə bu rol ilk təklif edildikdə mən əlbəttə ki hamı kimi öncə düşündüm, tərəddüd elədim, amma sonra razı oldum. Tərəddüdümün səbəbi o idi ki, məlum məsələdir indi elə bir zamanda yaşayırıq ki heç bir aktiyor, heç bir layihədə məvacibsiz, qarşılıqsız iştirak etmir. Mənsə bu təklifi sevə-sevə qəbul etdim, mənimçün vətəndən vacib heçnəyin olmağını göstərdim.
- Bəs sizə belə bir sual da verim, siz filmin rejissoru, senaristi və bildiyimə görə filmdə mənfi baş obrazı (rus mafiozu Semyonov) oynayan Elşən bəy haqqında nə deyə bilərsiniz?
- Elşən İsmayıl haqqında onu deyə bilərəm ki gənc rejissordur. Düzdür, rejissorluq təhsili olmasa belə, bu işdə profisional olmasa belə əlindən gələni etməyə çalışır, hamımızdan çox əziyyət çəkir ki ortalığa yaxşı bir şey çıxarsın. Komanda tərəfindən onun zəhməti də yüksək dəyərləndirilir. Bundan başqa Elşən gözəl insan, yaxşı qardaş, yaxşı rejissor və yaxşı tərəf müqavilidir.
- Təşəkkür edirəm, çox sağolun!
Bu filmdə bir çox gənc millətçi insan iştirak edir. Onlardan filmdə “Turan Təşkilatının Azərbaycan nümayəndəsi” rolunda Tural Elçin (BAO üzvü), Təşkilatın əsas əməliyyat rəhbərlərindən “ALPTƏKİN” rolunda Alı Alparslan, “METE” rolunda Muxtar Zaman Bozkr, “Azərbaycan Prezidenti” rolunda Araz Şamil (BAO üzvü) , “Prezidentin müşaviri” rolunda Zəka Sahib (BAO üzvü) , Təşkilatın “Macarıstan Təmsilçici” rolunda Elçin İsmayıl (BAO üzvü), “Özbəkistan Təmsilçici” rolunda Kamran Qasımov, “Qazaxıstan Təmsilçici” rolunda Mirsahib Cəlilov, bununla yanaşı mənfi obrazlarda “İran ETTAALAT Generalı” rolunda Sahəddin Məmmədli (BAO üzvü) , “Rus mafioz Nazarov” rolunda Vüsal Abdullayev (BAO üzvü) , “FSB agenti – kiralıq qatil” rolunda Kamran Alp, “fars mafioz Şahmar” rolunda Bəhman Tanrıverdi (BAO üzvü) , “rus mühafizəçisi” rolunda Türkiyəli soydaşımız Səlahəddin, digər obrazlarda “Ərtoğrul” rolunda İsmət (BAO üzvü) , “Kürşadın oğlu Oğuz” rolunda Ayxan Şamil və başqalarını misal göstərmək olar. Filmin yaradıcı heyyətindən əlavə olaraq operator JH Nicatın (BAO üzvü) adını çəkmək olar. Film tamamən gənc həvəskarların birgə fəaliyyəti nəticəsində hazırlanmaqdadır.
Milli təbliğatın önəmsənilməsini xüsusi qeyd edərək son olaraq vurğulayım ki bu film Azərbaycan xalqına, Türk millətinə uğur gətirəcək, bundan şübhəniz olmasın.
Hazırladı: Seymur Türksoy
Sifarişçi: Bütöv Azərbaycan Ocaqlarının Gənclər Təşkilatı
TELEQRAF.AZ