|
KXCP sədri Mirmahmud Mirəlioğlu Moderator.az-a açıqlamasında 1991-1995-ci illərdə Milli Məclisin tərkibini təşkil edən millət vəkillərinin hələ də deputat pensiyası ilə təmin olunmamasına münasibət bildirib. M.Mirəlioğlu bunu ədalətsizlik kimi dəyərləndirib:
“Təbii ki, Milli Məclisin deputatı olan bu şəxslərin hələ də deputat pensiyası ala bilməməsi ədalətsizlikdir. Bu ədalətsizliyi bəziləri başqa cür aradan qaldırıb. 1991-1995-ci illərdə Milli Məclisdə təmsil olunanların təxminən 40 nəfərə qədəri demokratik blokun üzvü idi. Məhz bu insanlar istiqlalçılıq ideyasının daşıyıcı qismində çıxış edirdi. Qalanları başqa yollarla Mili Məclisə yol tapanlar idi. Raykom katiblərindən tutmuş icraiyyə komitəsində, kommunist partiyasında müxtəlif vəzifələr tutmuş insanlar idi. Bu insanların hamısı indi həmin pensiyanı alır. Azərbaycanın istiqlaliyyət qazanmasında xidməti olan istiqlalçı millət vəkillərinə isə bu pensiyanı vermirlər. Bu isə o deməlkdir ki, hazırda bu işə mane olanlar kommunistlər və onların davamçılarıdır. Təbii ki, bu ədalətsizlikdir, riyakarlıqdır və bütövlükdə insan haqlarının pozulmasıdır. Təəssüflər olsun ki, bu gün iqtisadi baxımdan analoqsuz inkişaf etdiyi iddia olunan bir ölkədə sayı barmaqla hesablanan istiqlalçı deputatlara pensiya verməyə qüdrətli, varlı Azərbaycan dövlətinin imkanı yoxdur”.