|
“Azərbaycan Silahlı Qüvvələrinin işğalçılara dərhal vuracağı zərbə hədsiz dərəcədə təsirli, məhvedici olacaq...”; düşmən ölkə təşviş içərisindədir; Türkiyə Azərbaycana dəstəyini ifadə etdi; ABŞ mediası isə ermənilərə yardım göstərilməsini pislədi
Azərbaycanın Müdafiə Nazirliyi Ermənistanın hərbi-siyasi rejiminə cavab verib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Ermənistanın hərbi-siyasi rejimi növbəti dəfə Azərbaycana qarşı hədə-qorxu dolu məsuliyyətsiz bəyanatlar verməkdə davam edir. Öz xalqını aldadaraq provokasiyaya çəkməklə Azərbaycana münasibətdə aqressiv siyasət yürütməsi onların hazırda regionda mövcud olan real vəziyyəti düzgün qiymətləndirməmələrinin nəticəsidir.
Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, düşmən tərəfi işğal edilmiş ərazilərdən qoşunlarının qeyd-şərtsiz və dərhal çıxarılmasının vacibliyini anlamalı, erməni gəncləri ədalətsiz müharibədən çəkindirərək əbəs yerə qırdırmamalıdır. Azərbaycan Silahlı Qüvvələri düşmənin istənilən təxribatının qarşısını almağa qadirdir və hazırdır.
Nazirlik bəyan edir ki, düşmən tərəfi növbəti dəfə hər hansı bir hərbi əməliyyata əl atarsa, Azərbaycan Silahlı Qüvvələrinin işğalçılara dərhal vuracağı zərbə hədsiz dərəcədə təsirli, məhvedici olacaq, külli miqdarda itkilər və dağıntılarla nəticələnəcək, uzun müddət onların yaddaşlarından silinməyəcək.
Qeyd edək ki, Ağdam səmasında erməni separatçılarına məxsus helikopterin vurulmasından sonra düşmən ölkə təşviş içərisindədir və yenə də hiyləgərcəsinə özlərinin “yazıq” obrazlarını yaratmaqla, eyni zamanda təxribatlara əl atmaqla məşğuldurlar.
Lakin onların bu hərəkətlərinə artıq dünya inanmır və belə görünür ki, yaranmış durumda tənqidlər birmənalı olaraq işğalçıların üzərinə yönəlir.
Yeri gəlmişkən, məzlum görməmlərini yaratmaqlarına rəğmən düşmənlərimiz kibercinayətlərə də əl atırlar. Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində hava məkanını pozmuş Ermənistana məxsus hərbi helikopterin vurulmasından sonra Azərbaycana qarşı kiberhücumların kəskin artımı müşahidə olunur. Bunu Trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzinin rəhbəri Faiq Fərmanov deyib.
Onun sözlərinə görə, cəbhə xəttində yaranmış gərginlik AzNET şəbəkəsində də özünü göstərib və Azərbaycanın internet resurslarına hücumlar davam edir.
Kiberhücumlara KİV resursları, dövlət və özəl strukturların saytları məruz qalırlar ki, bu da xarici hücumlardan davamlı müdafiənin təşkili məsələsini aktuallaşdırır.
F.Fərmanov qeyd edib ki, hücumlar müxtəlif mənbələrdən həyata keçirilir: “Biz internet resurlarının sahiblərinə onların davamlı işləməsini təmin etmək üçün təhlükəsizlik sistemlərinə ciddi diqqət yetirməyi tövsiyə edirik”.
Elektron Təhlükəsizlik Mərkəzi haker hücumlarına məruz qalmış resurs sahiblərinə hərtərəfli kömək etməyə hazır olduğunu bildirir. Kömək üçün 1654 “qaynar xətt”inə və reports@cert.az elektron ünvanına müraciət etmək olar.
***
Bu arada ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq noyabrın 18-də Ağdam rayonunun Mərzili kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır. Müdafiə Nazirliyinin saytında xəbər verilib ki, monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle, Saymon Tiller, Piter Svedberq və Yüksək səviyyəli planlaşdırma qrupunun rəhbəri polkovnik Markus Uidmer (İsveçrə) keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, onun səhra köməkçiləri Xristo Xristov, Yevgeni Şarov və Yüksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsi Vitaliy Belokon (Rusiya) keçirəcəklər.
Müdafiə Nazirliyi onu da bildirib ki, ermənilər noyabrın 16-da cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 72 dəfə pozublar. Xəbərdə deyilir ki, erməni silahlı bölmələri Ermənistan Respublikasının Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində, İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində, İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Noyanberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Tərtər rayonunun Çaylı, Qızıl Oba, Ağdam rayonunun Şıxlar, Şuraabad, Kəngərli, Mərzili, Yusifcanlı, Baş Qərvənd, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Qaraxanbəyli, Qorqan, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub.
***
Yaranmış durum təbii ki, beynəlxalq təşkilatları narahat etməyə bilməz, çünki onlar işğalçıların öz siyasətlərindən əl çəkməyəcəyi təqdirdə, Azərbaycanın öz ərazilərini işğaldan azad etmək üçün hərəkətə keçməyə hər an hazır olduğunun fərqindədir.
Təbii ki, vəziyyətin bu həddə gəlib çatmasında beynəlxalq aləmin də günahı var; onlar bu illər ərzində ermənilər qarşısında qəti tələb qoymadıqları, Azərbaycan torpaqlarının işğalı faktına laqeyd yanaşdıqları üçün mövcud situasiya yaranıb.
Bununla bağlı deputat Rəbiyyət Aslanova da maraqlı açıqlama verib. “Dağlıq Qarabağ münaqişəsinə qarşı laqeydlik və biganəliyə görə məsuliyyət hissi daşınmasının vaxtı gəlib çatıb”. Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova Bakıda “Dini tolerantlığın möhkəmləndirilməsi, Azərbaycan modeli, ATƏT regionu və onun hüdudlarından kənarda çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfransın sessiyasında çıxışı zamanı bildirib.
Komitə sədrinin fikrincə, dünyada baş verən müharibə, qarşıdurma, ziddiyyətlərin əsas səbəbi ondan ibarətdir ki, insanlar birgə varlıqları üçün birgə məsuliyyət hissi yaşamırlar. Dünyanın hər hansı bir yerində baş verən münaqişəyə laqeydlik, biganəlik nümayiş etdirilməsi onun davamlı olmasına gətirib çıxarır.
R.Aslanova qeyd edib ki, Azərbaycan bunu öz təcrübəsində görür: “Bu gün beynəlxalq ictimaiyyətin Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinə olan biganə münasibəti bizi əsəbiləşdirir, bizdə bu qeyri-obyektivliyin nümayişinə qarşı etiraz yaradır. Bu həqiqətin dərk olunması, buna görə məsuliyyət daşınması, birgə fəaliyyət hissinin formalaşmasının vaxtı gəlib çatıb”.
***
Türkiyə Cənubi Qafqazda münaqişənin dayandırılmasında maraqlıdır
Çıxılmaz duruma düşən Ermənistan özünə havadarlar gəzdiyi bir vaxtda Türkiyə Azərbaycana dəstəyini bir daha ifadə edib.
“Türkiyə Cənubi Qafqazda münaqişənin (Dağlıq Qarabağ münaqişəsi - red.) dayandırılması üçün fəal siyasət yürütməkdə davam edir”.
“TRT Haber”in məlumatına görə, bunu qardaş Türkiyənin baş naziri Əhməd Davudoğlu Filippinə səfəri zamanı deyib. O qeyd edib ki, regionda və qonşu ölkələrdə sabitlik Türkiyə üçün prioritetdir.
Türkiyənin hakim partiyası da Ermənistan helikopterinin vurulmasına reaksiya verib. “Türkiyənin Azərbaycana qarşı mövqeyində dəyişiklik olmayıb, bundan sonra da hər hansı bir dəyişiklik olmayacaq”. Bu barədə bazar ertəsi Trend-ə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının İdarəetmə Şurasının üzvü Yasin Aktay cəbhə xəttində Ermənistan Silahlı Qüvvələrinin təxribatının Türkiyənin rəsmiləri tərəfindən kifayət qədər qiymət verilməməsini şərh edərkən deyib.
Y.Aktay bildirib ki, Ermənistan helikopterinin Azərbaycan ərazisində vurulması Türkiyə mediasında geniş işıqlandırılmasa da, xəbərə fərqli münasibət iki dövlət arasında əlaqələrə əsla xələl gətirə bilməz.
Xatırladaq ki, Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, şübhəsiz, Türkiyə dost, qardaş, tərəfdaş dövlətdir: “Sadəcə olaraq, əlbəttə, biz gözləyirik ki, Türkiyə tərəfi də cəbhə xəttində baş verən son hadisələrlə bağlı rəsmi mövqeyini bildirsin. Bunu gözləməyə bizim haqqımız da var”.
“Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində hadisələrin necə cərəyan etməsi ilə yanaşı, problemin ozünün hələ də həll edilməməsi məsələsi də araşdırılmalıdır”. Bunu isə Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistana məxsus hərbi helikopterin vurulması ilə bağlı jurnalistlərə açıqlamasında bildirib. Səfirin sözlərinə görə, son insident bir daha sübut edir ki, münaqişə mümkün qədər tez həll olunmalıdır: “Hadisələrin necə cərəyan etdiyinə və sair baxıla bilər. Amma əsas məsələ odur ki, Azərbaycan torpaqları niyə hələ də işğal altındadır? Hadisələrin necə cərəyan etməsi ilə yanaşı, problemin ozünün niyə hələ də davam etməsi məsələsi araşdırılmalıdır. Türkiyənin hər zaman Azərbaycanın yanında olacağı aşkardır”.
***
Bu arada ermənilərə daha bir zərbəni ABŞ mediası vurub.
ABŞ-ın nüfuzlu xəbər portalında Dağlıq Qarabağdakı separatçı rejimə yardım göstərilməsi tənqid edilib. Amerika Yəhudi Komitəsinin nümayəndəsi Devid Berşteynin ABŞ-ın “The Daily Caller” onlayn xəbər portalında Birləşmiş Ştatlar tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində fəaliyyət göstərən qanunsuz separatçı rejimə yardım göstərilməsinin fəsadları və bu tipli “humanitar yardım”dan sui-istifadə mövzusunda məqaləsi dərc olunub. Trend-in məlumatına görə, məqalədə ABŞ administrasiyasının işğal edilmiş ərazilərimizdəki separatçı rejimə yardım etməsi tənqid edilərək, müqanişənin həllində əsas mediatorlardan olan Birləşmiş Ştatların bu tipli fəaliyyətdən əl çəkməsinin zəruriliyindən söz açılır.
Məqalədə Ukrayna hadisələri kontekstində ABŞ-ın birmənalı mövqe nümayiş etdirməsinə baxmayaraq, Dağlıq Qarabağ regionundakı separatçılara dəstək verməsinin anlaşılmazlıq və məyusluq doğurduğu bildirilir. Həmçinin məqalədə “Azadlığa Dəstək Aktı”na edilmiş 907 saylı düzəlişin ədalətsiz olduğu və mövcud reallıqları əks etdirmədiyi qeyd olunur. Kaliforniya qanunverici orqanı tərəfindən Dağlıq Qarabağla bağlı qəbul edilmiş qətnamə nümunə göstərilərək, ABŞ siyasətçilərinin şəxsi mənafelərini güdərək erməni lobbi qruplarından dəstək ummasının təəssüf hissi yaratdığı vurğulanır.
Müəllif ABŞ-ın müttəfiqlərinin maraqlarına qarşı fəaliyyətinin qəbuledilməz olduğunu və bu tip ziddiyyətli xarici siyasət kursundan əl çəkməsinin və tərəfdaşlarını lazımi şəkildə dəstəkləməsinin vacib olduğunu qeyd edir.