|
Gürcüstanda müsəlmanlar və xristianlar arasında yenə də toqquşma olub. Müsəlmanlar iddia edirlər ki, onların dini inanclarına hörmət qoyulmur.
ANS TV-nin Gürcüstan bürosunun məlumatına görə, Gürcüstanın Adıgeni rayonunun Moxe kəndində yerli müsəlmanlarla xristian əhali arasında qarşıdurma yaşanıb. Ərazidə yaşayan Ahıska türklərindən ibarət müsəlmanların narazılığına səbəb kəndin köhnə məscidinin yox edilməsi fikridir.
Yerli müsəlman Mziuri Vaşaqmadze bildirdi ki, məscidin köhnə statusunun qaytarılması üçün aksiya keçirirlər: “Buna nail olanadək bu aksiyanı davam etdirəcəyik. Məscidin yerində kitabxana inşa etmək istəyirlər. Buna yol verə bilmərik”.
Yerli müsəlman Otar Qorqadze deyir ki, hansısa şirkət tenderdə qalib gəlib və bu gün təmir tikinti işlərinə başlamaq istəyirlər: “Burada ötən əsrin əvvəllərində olduğu kimi yenə də məscid fəaliyyət göstərməlidir. Bizim başqa istəyimiz yoxdur”.
Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, insident zamanı polisə müqavimət göstərən və xidməti polis avtomobillərinə zərər vuran 14 Ahıska türkü saxlanılıb. Adıgeni rayon məhkəməsində keçirilən prosesdə 11 nəfər pul müqabilində inzibati azadlığa buraxılsa da, digər 3 nəfər, 3 ay müddətinə həbs edilib. Onlar xuliqanlıq və polisə itaətsizlik maddələri ilə ittiham olunurlar. İnsident zamanı bir müsəlmanın da xəsarət aldığı deyilir. Hadisədən dərhal sonra xüsusi iclas keçirən ölkənin baş naziri İrakli Qaribaşvili yaşananlara aydınlıq gətirməyə çalışıb.
Gürcüstanın baş naziri İrakli Qaribaşvili bildirib ki, yerli xristianlar həmin məscidin gürcü provaslav kilsəsinin xarabalıqları üzərində tikildiyini iddia edirlər: “Münaqişədən qaçmaq üçün binanın bərpa edilərək kitabxanaya çevrilməsi qərara alınıb ki, hər iki dinin təmsilçiləri istifadə edə bilsinlər. Əlbəttə ki, kəndin müsəlman icmasının xahişi regionun müftisi tərəfindən mənə çatdırılıb. Lakin məsələ mübahisəli olduğuna görə bu işə xüsusi dini məsələlər agentliyi tərəfindən baxılmalı və hökumətə tövsiyyələr təqdim edilməlidir”.
1924-1937-ci illərdə fəaliyyət göstərən məscid sonradan sovet hökumətinin qərarı ilə bağlanaraq mədəniyyət evinə çevrilib. Hazırkı vəziyyətdə isə mübahisəli binanın taleyi sual altındadır.