|
Ukrayna ordusu ölkənin şərqində Rusiya qüvvələri və separatçılarla döyüşlərdə ağır itkilər verməkdə davam edir.
Virtualaz.org saytı xəbər verir ki, döyüşlərdə ilk dəfə “Smerç” reaktiv yaylım atəşi sistemlərinin tətbiq olunduğu, nəticədə Ukraynanın özünümüdafiə batalyonunun çoxsaylı itkilər verdiyi açıqlanıb.
Donetsk vilayətinin Dmitrovka qəsəbəsi ətrafında mövqe tutan “Kiyev-12” batalyonunun komandir müavini, podpolkovnik Anton Şapoval Kiyev Şəhər Şurasının iclasında çıxışı zamanı bu haqda bildirib.
O deyib ki, batalyon Luqansk ətrafından Dmitrovka qəsəbəsinə geri çəkilib. Bu gecə saat 3 radələrində batalyonun düşərgəsi “Smerç” sistemləri ilə atəşə tutulub.
“Bizim batalyonu hər şeyi məhv edən və yandıran “Smerç” sistemləri ilə atəşə tutdular, nə qədər itki olduğu dəqqi məlum deyil. Ancaq itkilər həddən artıq çoxdur. Mən panika yaratmamaq üçün rəqəm açıqlamaq istəmirəm” - deyə podpolkovnik bildirib.
A.Şapovalın sözlərinə görə, batalyonun düşərgəsi tamamilə dağıdılıb, bütün əmlak və çadırlar məhv olub, batalyonun bütün texnikası və əşyalar sıradan çıxıb.
Podpolkovnik batalyonun şəxsi heyətinin qalan hissəsinin hərbi əməliyyatlar zonasında qaldığını bildirib.
Rusiya xüsusi xidmət orqanlarına yaxınlığı ilə bilinən “Lifenews” kanalı isə Luqansk vilayətinin Starobeşevsk rayonu çöllərində mühasirəyə düşmüş iki Ukrayna batalyonunun necə darmadağın edildiyini əks etdirən dəhşətli kadrlar yayıb.
Kadrlarda “Donbass” və “Dnepr” batalyonlarının bütün zirehli texnikasının-onlarla tankın, BMP-nin, digər nəqliyyat vasitələrinin necə məhv edildiyi əks olunur. Kadrlar ötən həftə sonu gedən döyüşlərdən sonrakı mənzərəni əks etdirir. Reportajda göstərilir ki, həmin döyüşlərdə azı 400 Ukrayna əsgəri həlak olub, 200-dən çoxu yaralanıb. Həlak olanların cəsədlərinin çoxu hələ də çöllərdədir.
Xəbərdə bildirilir ki, cəsədləri toplayan yoxdur. Ukrayna ordusunun cəsədləri toplamağa rəhbərlik edən polkovniki isə ağlını itirib və ona təcili yardım lazım olub.