BAKI, 20 iyun. TELEQRAF

Goranboy rayon Dəliməmmədli şəhər tam orta məktəbin direktoru Ceyhun Cahangirovun oğlunun Milli Məclisin deputatı Anar Məmmədovun köməkçisi Elçin Cahangirovun qardaşı Ruhin Cahangirovu bıçaqladığı iddia olunur.

Teleqraf-ın xəbərinə görə, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Hadisənin rayonun Bəşirli kəndində baş verdiyi bildirilib. Məlumata görə, rayonun Hazırəhmədli kənd sakini, 1998-ci il təvəllüdlü Elməddin Cahangirov, həmkəndlisi - 1978-ci il təvəllüdlü Ruhin Cahangirova münaqişə zəminində bıçaqla xəsarət yetirib. İddiaya görə, R.Cahangirov Milli Məclisin üzvü, deputat Anar Məmmədovun köməkçisi Elçin Cahangirovun qardaşı, onu bıçaqlamaqda şübhəli bilinən E.Cahangirov isə Dəliməmmədli şəhər tam orta məktəbin direktoru Ceyhun Cahangirovun oğludur. Onlar həm də qohumdurlar.

E.Cahangirov Teleqraf-a açıqlamasında iddiaları təkzib edib. Onun sözlərinə görə, tərəflər arasında münaqişə olmayıb.

“Mən Bakıda yaşayıram. Kənddən 20 ildir çıxmışam. Amma qardaşımla, qohum-əqrəba ilə danışmışam. Belə bir hadisə baş verməyib. Qardaşıma özüm qədər güvənirəm, mənə yalan deməz”, - o, bildirib.

E.Cahangirov qeyd edib ki, lazımi orqanlara müraciət edilib və bu yalan xəbərlərin kim tərəfindən yayıldığı araşdırılır.

Deputat köməkçisi hesab edir ki, bu xəbərlərin yayılması Dəliməmmədli şəhər tam orta məktəbin direktoru Ceyhun Cahangirovla bağlıdır:

“Doğrudur, onun oğlu bir az narahat uşaqdır. Amma bıçaqlanma, münaqişə söhbəti yoxdur. Bu xəbərlərin yayılmasında hədəf Ceyhun Cahangirovdur. Məsələ ilə bağlı onunla danışdım, dedi ki, bu xəbərlərin kim tərəfindən yayıldığını təxmin edir.

Ceyhun müəllim məktəbə yenicə direktor təyin edilib. Əvvəlki direktor bir xanım idi, onu məhkəmə qərarı ilə çıxarıb yerinə Ceyhun Cahangirovu qoyublar. Ceyhun əvvəl başqa məktəbdə işləyib, çox böyük hörmət qazanıb. Bura direktor qoyulandan sonra narazılıqlar yaranıb”,- o söyləyib.

Ceyhun Cahangirov da Teleqraf-a bu iddiaların yalan olduğunu bildirib. Amma onun açıqlamasından həmin gün tərəflər arasında mübahisənin baş verdiyi aydın olub.

“Bıçaqlanma xəbəri yalandır. Hadisə başqa cür olub. İyunun 18-i axşam saatlarında oğlum çayxanada dostları ilə bir az zarafatlaşıb, söyüş söyüblər. Ruhin də mənə zəng edib dedi ki, əmi, gəl, Elməddini apar, söhbətin axırı davaya çevrilə bilər. Mən də uşağa zəng etdim ki, nə məsələdir? Oğlum eşidəndə ki, mənə Ruhin zəng edib, ona yaxınlaşıb "mən burada nə edirəm ki, atama zəng edib xəbər verirsən?" deyib, narazılığını bildirib”.

Direktorun sözlərinə görə hadisə ayın 18-i axşam saatlarında Bəşirli kəndində baş verib. Ruhinin zəngindən beş dəqiqə sonra o, hadisə yerinə çatıb.

“Mən ora çatanda adamlar toplaşmışdı. Getdim uşağın ağzının üstünə də bir şapalaq çəkdim. Dedim ki, Ruhin nə edibsə, düz edib, sənin pisliyini istəmir ki... Hələ çevrildim Ruhinə dedim ki, gərək elə özün bunun ağzının üstünə vurardın”.

Direktorun sözlərinə görə, oğlu problemli uşaq deyil.

O bildirib ki, bıçaqlanma xəbəri feysbukda “Goranboylular” səhifəsində yayılıb.

“Orada xəbəri kimsə anonim şəkildə paylaşıb”, - direktor qeyd edib.

C.Cahangirov hesab edir ki, bu xəbərin yayılması onun Dəliməmmədli şəhər tam orta məktəbinə direktor təyin edilməsiylə əlaqədardır.

“Məhkəmənin qərarı ilə məktəbin keçmiş direktoru Güntəkin Cəfərova vəzifəsindən uzaqlaşdırıldı və yerinə mən təyin edildim. Burada onun əlaltıları var. Xüsusilə də, bir musiqi müəllimi fəaldır. Mənimlə bağlı narazılıqlar yaratmağa çalışırlar. Bu yalan xəbərlərin də onların əliylə yayıldığını düşünürəm”, - o vurğulayıb.

C.Cahangirovun sözlərinə görə, Regional Təhsil İdarəsi və polis də yayılan iddialarla bağlı maraqlanıb, direktorla əlaqə saxlayıblar, araşdırmalar aparılıb və xəbərlərin həqiqəti əks etdirmədiyi ortaya çıxıb.