“Purple Comet Math meet”də iki dəfə respublika birincisi, iki dəfə respublika ikincisi, “American Math Competition” (MAA AMC) bir dəfə respublika üçüncüsü, “Con Fon Neyman” adına Macarıstan səfirliyi ilə Beynəlxalq Olimpiadalar Mərkəzinin keçirdiyi olimpiadada bir dəfə respublika üzrə üçüncü yer, Kenquru Beynəlxalq Müsabiqəsində (13.06.2018) bir dəfə respublika üzrə ikinci yer, “High School Mathematical Contest İn Modeling” bir dəfə respublika üzrə birinci yer, “Ken-Ken” Yapon Beynəlxalq Olimpiadasında bir dəfə respublika üzrə birinci yer, Ulduz Hazırlıq Mərkəzi Riyaziyyat fənn olimpiadasında bir dəfə respublika üzrə birinci yer və “Xəmsə” intellektual bilik yarışmasında bir dəfə respublika üzrə birinci yer. Riyaziyyat və digər intellektual yarışlarda simvolik 4 qızıl medal.

Təhsildə qazanılmış bu uğurların sahibi Bakı Modern Təhsil Kompleksinin 10-cu sinif şagirdi Şəfiqə Məsimli Tərxan qızıdır.

Teleqraf.com-un qonağı olan Şəfiqə Məsimli 16 yaşına kifayət qədər uğur sığışdırıb.

2012-ci ildə də birinci sinfə başlayan Şəfiqə paralel olaraq 5 illik fortepiano məktəbinə gedir, eyni zamanda şahmat üzrə də ikinci dərəcə alır: “Fortepiano müəllimim məşhur bəstəkar Sevda Məmmədli idi. Buraxılış sinfi olduğum üçün dərslərə daha çox fokuslandım və bir müddət sonra şahmatı buraxmaq məcburiyyətində qaldım. Şahmatda isə beynəlxalq dərəcəli müəllimlər - Elşad Rzayev, Əsəd Qaramullayev dərs deyib. Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov və bacısı Zeynəb Məmmədyarovları çox bəyənirəm və yarışlarını maraqla izləyirəm”.

Şəfiqə deyir ki, beynəlxalq olimpiadada qazandığı uğurlardan sonra “Purple Comet Math meet”in nəşr etdiyi rəsmi kitabın üz qabığında onun şəkli yer alıb: “Əsasən beynəlxalq olimpiadanı əhatə edən və üç dildə nəşr olunan “Riyaziyyat olimpiada sualları” kitabının müəllifləri Faiq Əliyev və Yaqut Əliyevadır. 5-ci və 11-ci siniflər üçün nəzərdə tutulan və hazırda satışda olan bu kitabı hər kəs istifadə edə bilər”.

"Qadınların hüquqları çox tapdanır"

Adətən qızlar humanitar sahələrə yönəlirlər, oğlanlarla müqayisədə riyaziyyat onlara daha çətin görünür. Şəfiqənin isə riyaziyyata yaranan marağının həddi yoxdur. Müsahibimiz deyir ki, məktəb müəllimi onda riyaziyyatın bünövrəsini qoyub və bu fənni ona sevdirib: “Müəllimim Nərgiz Hacıyevanın və məktəb direktoru Gülarə Əfəndiyevanın danılmaz zəhmətləri var. Üçüncü ixtisas qrupuna hazırlaşsam da, fənn olaraq riyaziyyat məndə xüsusi yer tutur. Tək fənn yox, hobbi olaraq da riyazi məsələ-misalları həll etməyi sevirəm. Riyaziyyat dəqiqlikdir, realistlikdir. Riyaziyyatı bu qədər sevməyimə baxmayaraq, uşaqlıqdan hakim olmaq ən böyük xəyallarımdan biri olub. Prezident yanında Dövlət İdarəçilik Akademiyasına (DİA) böyük həvəslə hazırlaşıram. Hazırda bütün dünyada qadınların hüquqları çox tapdanır və buna qarşı səsin az çıxdığını düşünürəm. Gender bərabərliyinin qorunması ən böyük xəyallarımdan biridir. İnşallah işlədiyim dövrə qədər gender bərabərliyi tarazlanar”.

"Ümid edirəm haqq səsim bir gün Haaqa Məhkəməsindən gələr"

Şəfiqənin hakim olmaq arzusu Qarabağ müharibəsindən sonra özünü daha da qabarıq büruzə verib. O deyir ki, müharibə cəbhədə bitsə də, diplomatiya masasında davam edir: “Bu mənada məni ruhlandıran şeylərdən biri də Azərbaycanın haqq səsini dünyaya çatdırmaq oldu. İnsan haqlı olanda mövzunun üstünə daha çox gedir, səsini bütün dünyaya duyurmaq istəyir, haqsız olanda isə mövzu bağlanandan sonra üstünə bir daha gəlmir, qaçmağa çalışır. Tarixlə dərindən tanış olduqca ermənilərin Azərbaycana zaman-zaman etdiyi təcavüzlərinə şahid oluram. Onların vaxtilə torpaqlarımıza necə gəldikləri, burda necə yaşadıqlarına dair məlumatları tarixdən öyrənirəm. Ermənilərə xeyli imtiyazlar verilməsinə baxmayaraq, onlar bizim torpaqlarınmızı işğal ediblər. Hər bir azərbaycanlı kimi, bu, məni də narahat edir. Düşünürəm ki, buna qarşı haqq səsimizi daha da ucaltmalıyıq. Doğrudur, bu istiqamətdə Prezident İlham Əliyevin apardığı siyasət uğurla davam etdirilir. Düşünürəm ki, bu mübarizəyə biz gənclər də qoşulmalıyıq. Bunun üçün yetərli imkanlar yaradılıb. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Ümid edirəm ki, bu istiqamətdə haqq səsim bir gün Haaqa Məhkəməsindən gələr”.

"Erməni vətəndaşlarını inandırmağı bacarmışdım ki..."

Şəfiqədən sosial şəbəkələrə, telefona olan marağını da soruşuruq. O deyir ki, bütün yaşıdları kimi, sosial şəbəkələr onun da həyatında müəyyən bir yerə sahibdir: “Hesab edirəm ki, sosial şəbəkələr sadəcə əyləncə məqsədilə yox, sosiallaşmaq üçün önəmlidir. Dərslərlə məşğul olmaq üçün onsuz da sosial şəbəkə lazımdır. Dövrümüz elə yerə gedir ki, bütün məlumatlar toplusunu internetdən tapmaq olur. Araşdırmalar edirəm, telefonla onlayn müsabiqələrə çox qatılıram.

Qarabağ müharibəsi dövründə sosial şəbəkədə aktiv olmağa, beynəlxalq səviyyəli proqramlarda, səhifələrdə Azərbaycanı, haqq mübarizəmizi müdafiə etməyə çalışırdım. Hətta bir neçə dəfə olub ki, erməni vətəndaşlarını inandırmağı bacarmışdım ki, haqlı olan tərəf bizik və Qarabağ Azərbaycandır. Müəyyən diskussiyalardan sonra demək olar ki, onların böyük əksəriyyət bu reallığı qəbul etməyə başlamışdı”.

"Hədəfim hər kəs kimi 700 balı toplamaqdır"

Müsahibimiz pandemiyanın təhsildə ciddi geriləmə yaratdığını düşünür: “Amma demək olmaz ki, hər bir məktəbdə problem oldu. Məsələn, təhsil aldığım məktəbdə Qafqazda ilk dəfə tətbiq olunan blackboard adlı bir sistem sayəsində demək olar ki, təhsildə axsamadıq. Müəllimlərimiz də özəl səylər göstərdi, yeri gəldi şənbə-bazar, yeri gəldi axşamlar şagirdlərlə məşğul oldular. Bunun sayəsində pandemiyada çox geriləmə olmadı.

Hədəfim hər kəs kimi 700 balı toplamaqdır. Hər dəfə yeni-yeni nailiyyətlər əldə etdikcə, bu nəticəyə daha çox yaxınlaşıram. Ümumiyyətlə, 700 bal simvolik bir göstəricidir, şagirdin bilik səviyyəsi yüksək olmalıdır. Dəqiq bir hədəf deyə bilmərəm, çünki qarşıda iki ilim var və həmin vaxta qədər sistemdə nə kimi dəyişikliklərin olacağını öncədən demək olmaz. Əgər qızıl medal alsam və yaxud respublika olimpiadasında qalib olsam, dövlət imtahanından kənar olacağam.

Baxmayaraq ki, kurikulumun əsas məqsədi əzbərçilikdən uzaq qaçmaqdır, amma üçüncü ixtisas qrupu üçün bu bir qədər qeyri-mümkündür. Tarixi və ədəbiyyatı əzbərləmədən heç cür öyrənmək və yaxud dərk etmək mümkün deyil. Şeirlər, tarixi hadisələrin illəri var və s. Yadda saxlamaq üçün əsas iş çoxlu test həll etməkdir. Burada insana ən çox məntiqi riyaziyyat kömək edir. Əgər məntiqiniz, riyaziyyatınız yaxşıdırsa, düşən testləri bilməsəniz belə, bir çıxış yolu tapa bilərsiz. Deyirlər ki, riyaziyyat bütün elmlərin şahıdır. Doğurdan da bu, belədir, riyaziyyatı biləndə həyata baxış açın, perspektivin dəyişir. Həmişə demişəm, hüquqşünas olsam da, riyaziyyata olan bağlılığımdan heç vaxt qopmaq istəmərəm. Ona görə də məktəb müəllimim Nərgiz Hacıyeva istədiyim vaxt universitetə gedib ikinci təhsilimi riyaziyyat üzrə ala biləcəyimi tövsiyə edir”.

Heç olmasa həftədə bir dəfə...

Elmdə kifayət qədər uğur qazanmış Şəfiqənin asudə vaxtını necə keçirməsi də maraq doğurur. Müsahibimiz deyir ki, səhər saat 9-dan 5-ə qədər məktəb rejimində olur: “Gündə 2-3 saat dincəlməyə vaxtım olur. Dincəlməyim də kitab oxumaqla keçir. Əsasən bədii kitabları oxumağı sevirəm. Əldə oxunan kitabın yerini heç nə verməsə də, bəzən internetdən də oxuyuram.

Xarici ədəbiyyata daha çox önəm verirəm. Günümüzdə daha çox aktual olan ingilis qadın yazıçı Coan Ketlin Roulinq tərəfindən yazılmış yeddi roman və onun əsasında çəkilmiş “Harri Potter” filmlər seriyasını çox sevirəm. Şeksprin əsərlərinin məzmunlarına hakiməm və onları araşdırmağa çalışıram. Azərbaycan ədəbiyyatından əlavə onlar da dünyada öz sözünü demiş əsərlərdir və hələ də aktualdırsa, deməli orada önəmli məsələlər var.

Yerli televiziyalarda ancaq intellektual verilişlərə və xəbərlərə baxıram. Düşünürəm ki, yerli televiziyalarda maarifləndirmə çox aşağı səviyyədədir. Kifayət qədər kitablar nəşr və ya tərcümə olunur. Təəssüf ki, onların heç biri haqqında müzakirə xarakterli bir veriliş yayımlanmır. Heç olmasa həftədə bir dəfə hər hansı bir yazıçının əsərini, həyatını müzakirə etmək olar”.

İstənilən universitetdə oxumaq üçün...

Şəfiqə hesab edir ki, təhsildə yüksək səviyyəyə gəlib çatmaq üçün bağçadan hazırlaşmaq lazımdır: “Uşaqları Tıq-tıq Xanımın, Məlikməmmədin nağılları ilə böyütmək düzgün deyil. Uşaqlıqdan “Heraklın on iki qəhrəmanlığı”, Mark Tvenin “Tom Soyyerin macəraları”, “Dünyanın möcüzələri”, Fransanın milli qəhrəmanı hesab olunan Janna Dark haqqında hekayələri eşidərək böyümüşəm. Təbii ki, Azərbaycan nağıllarının da öz yeri var, onları da oxumaq lazımdır, lakin təkcə onlarla kifayətlənmək düzgün deyil. Keçəl və kosa personajları uşaqların qəhrəmanı olmamalıdır. Başa düşürəm, onlar qədim milli meydan tamaşasının personajlarıdır, amma onlar bizə yol göstərəcək, idol olacaq qəhrəmanlar deyil. Hələ 5 yaşım olanda Türkiyədə xüsusi istedadı olan uşaqlar üçün nəzərdə tutulmuş bir məktəbdə oxumağım üçün təklif gəlmişdi.

Bundan əlavə, daha sonralar Lomonosov adına Moskva Dövlət Universitetində iki mərhələli bir olimpiada keçirilirdi. İlk mərhələdən keçəndən sonra Rusiya universitetlərindən dəvət gəldi ki, hansısa bir universitetdə yox, istənilən bir ali təhsil müəssisəsində oxuya bilərsiz. Lakin Rusiyada oxumaq maraq dairəmdə olmadığı üçün bundan imtina etdim.

Ümumiyyətlə, xaricdə təhsil almaq kimi bir düşüncəm yoxdur. Çünki xariclə bizim təhsil sistemimiz tamamilə fərqlidir. Harvard Universitetində oxumağı çox arzulamışam. Əgər ixtisas qrupuma uyğun olsaydı orada oxuyardım. Amma ABŞ-la bizim hüquq sistemimiz, qanunlarımız fərq olduğu üçün bakalavr pilləsini Azərbaycanda oxuyub magistr təhsilini xaricdə davam etdirmək istərdim”.