BAKI, 14 noyabr. TELEQRAF

Peşə təhsilinin əhəmiyyətinin artırılması, gənclərin bu sahəyə marağının təşviqi və əmək bazarının tələblərinə uyğun bacarıqların təbliği məqsədilə keçirilən “Bir peşənin sirri” festivalı bu dəfə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təşkil olunub.

Açılış mərasimində Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifəsini icra edən Simnar Məmmədov və digər rəsmi şəxslər çıxış edərək festivalın əsas məqsədlərindən, peşə təhsilində aparılan islahatlardan və gənclərin bu sahədə olundan danışıblar.

Açılışdan sonra festival rəsmi olaraq elan edilib. Rəsmi qonaqlar və iştirakçılar festivalla daha yaxından maraqlanıb, tələbələrin əl işləri, ixtisas sərgiləri və müxtəlif ustad dərsləri ilə tanış olublar.

Günün proqramı çərçivəsində ziyarətçilər üçün peşəkar ustad dərsləri və praktik təlimlər, maarifləndirici sessiyalar və karyera məsləhətləri, oyunlar, viktorinalar, STEAM təqdimatları, həmçinin tələbələrin iştirakı ilə bədii kompozisiyalar və müxtəlif ixtisas nümayişləri təşkil olunub. Çadırlar qurulub və festivalda iştirak edən iştirakçıların fəaliyyətləri geniş şəkildə nümayiş etdirilib.

Teleqraf festivala qatılan iştirakçılarla həmsöhbət olub, onlar festival təəssüratlarını, arzularını öyrənib.

İctimai xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin baş ustası Leyla Məmmədova: “Mərkəz olaraq artıq bir neçə ildir festivalda iştirak edirik. Bərbər, vizaj, manikür, dərzilik, geyim dizaynı və şirniyyatçılıq üzrə ixtisaslarımız festivalda fəal şəkildə təmsil olunur. Mən reklam dizaynı üzrə ixtisas fənn müəllimiyəm və 15 ildir peşə təhsil sistemində çalışıram. Demək olar ki, hər il festivala maraq daha da artır. Son üç ildə mərkəzdə peşə təhsilinə qəbul göstəriciləri çox yaxşıdır. Özünü təsdiqləyən, uğur qazanan tələbələr işlə təmin olunurlar”.

"Gələcəkdə özümü oteldə aşpaz kimi görürəm”

Turizm və sosial xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsi Tofiq Əmirov: “İkinci kurs tələbəsiyəm, ixtisasım turizm-iaşə üzrə mütəxəssisdir. Hazırladığımız yeməkləri festivalda nümayiş etdiririk. Şah plov, İrəvan kətəsi, kekslər, paxlava və şəkərbura – bütün bunları özümüz hazırlamışıq. Gələcəkdə özümü oteldə aşpaz kimi görürəm”.

"İş tapacağıma inanıram”

Dəmiryol stansiya növbətçisi ixtisası üzrə tələbə Səccad Niyazov: “Bakı Dövlət Peşə Təhsil Mərkəzinin ikinci kurs tələbəsiyəm. Bu layihə dəmiryol və metropoliten ixtisası üzrə təhsil alan tələbələr tərəfindən hazırlanıb. Burada real dəmir yolunun kiçik ölçülü modeli qurulub. Tələbələr modeli hazırlamaqla qalmayıb həm də avtomatlaşdırıblar. Bir stansiyada qatar dayananda, digər qatar hərəkətə başlayır. Layihənin hazırlanmasında müəllimlər və tələbələr birgə iştirak ediblər. Gələcək fəaliyyətimi bu sahədə davam etdirmək istəyirəm və böyük ehtimalla iş tapacağıma inanıram”.

Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin məzunu Əlibala Həşimov: “2023-cü ildə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzini bitirmişəm. Hazırda təhsil aldığım sahə üzrə fəaliyyət göstərirəm. Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının üzvüyəm. Bu sahədə müəyyən nailiyyətlərim və uğurlarım var”.

Fərdi sahibkar olan tələbələr

Mədəniyyət və sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin müəllimi: “Mərkəzimiz festivalda vitraj, xalçaçılıq, keramika və geyim dizaynı ixtisasları ilə təmsil olunur. Burada nümayiş olunan əl işlərini görənlər istedadlı tələbələrimizi işə dəvət edirlər. Tələbələrimiz arasında fərdi sahibkar kimi fəaliyyət göstərənlər də var. Düşünürəm ki, bu sahədə irəliləyişlər kifayət qədər hiss olunur”.