BAKI, 14 noyabr. TELEQRAF

"2021-ci ildən başladığımız bu təşəbbüsün çox uğurlu olduğunu gördük. Bu təşəbbüslə gənclər artıq müxtəlif peşələr üzrə fəaliyyət qurublar".

Teleqraf xəbər verir ki, bunu KOBİA-nın İdarə Heyətinin sədrinin birinci müavini Samir Hümbətov “Bir peşənin sirri” festivalında bildirib.

O bildirib ki, hər bir gənc gələcəyin potensial sahibkarıdır:

“Onları dəstəkləmək üçün öz resurslarımızdan da istifadə edə bilərik. Gənclər müxtəlif peşələr üzrə öz bizneslərini qura bilərlər. Dövlətin dəstək alətləri, qrantlar, startap şərtləri, kreditlər və digər mexanizmlərdən istifadə etməklə özlərini daha da inkişaf etdirə bilərlər.

Dünya təcrübəsi göstərir ki, aparılan müxtəlif tədqiqatlarda belə bir nəticə ortaya çıxıb ki, qarşıdakı illərdə işəgötürənlərin 87 faizi müxtəlif bacarıqlara yiyələnən peşə ixtisasları üzrə müəyyən çətinliklərlə üzləşəcək. Buna görə də biz gənclərə tövsiyə edirik ki, peşə təhsili bacarıqlarını inkişaf etdirsinlər və gələcəyin sahibkarlarına çevrilsinlər”.